Şimali Koreyanı təmsil edən idmançıların London olimpiadasında bir neçə qızıl medal qazanmasından sonra Pxenyan rejimi ölkə vətəndaşlarına turnirdən hazırlanmış reportajlara baxmağa icazə verib. Ölkə vətəndaşları xəbərlərin axşam buraxılışında sadəcə 15 dəqiqəlik idman rubrikasına baxmaqla kifayətlənəcəklər.
Ölkə vətəndaşlarına şimali koreyalı idmançılara qızıl medalların təqdim olunması mərasimlərinə baxmaq qadağası da götürülüb. Olimpiadadan hazırlanan reportajlar əvvəlcədən montaj olunur və yalnız paytaxt Pxenyan sakinləri həmin reportajları izləyə bilir. Cənubi Koreya mediasının xəbərinə görə, hökumətin “səxavətinə” baxmayaraq paytaxtın əksər bölgələrində elektrik enerjisi olmadığı üçün insanların çoxu olimpia reportajlarına baxa bilmir.