Hakimiyyətin Argentina fiaskosu

Buenos-Ayresin inzibati dairə şurası “erməni soyqırımı”nı tanıdı

Argentina paytaxtı Buenos-Ayresin San Isidora inzibati dairəsinin şəhər şurası qondarma “erməni soyqırımı”nı tanıyan və qınayan qətnaməyə yekdilliklə səs verib. Xulin Rita Kuzisin sədrlik etdiyi şura eyni zamanda hələ 2006-ci ildə Argentina senatı və deputatlarının qəbul etdiyi “erməni xalqının yaşadığı soyqırımı” adlı respublika qanununa da qoşulublar.
Maraqlı burasındadır ki, son aylar Azərbaycan hakimiyyətinin lobbi fəaliyyətləri əsasən iki Amerika qitəsi ölkəsi Kolumbiya və Argentina üzərində fokuslaşmışdı. Bu iki ölkə rəsmilərinin Azərbaycana, azərbaycanlı rəsmilərin isə okeanın o tayına səfərləri mütəmadi xarakter almışdı. Kolumbiya Senatında Azərbaycanın lehinə qərar çıxarılması da şübhəsiz ki, lobbi fəaliyyətinin nəticəsi idi.
Xarici işlər naziri Elmar Məmmədyarov da bu ayın əvvəllərində Argentinaya rəsmi səfər etmişdi. Argentina Prezidenti Kristina Fernandez de Kirçner Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib. Prezident son illər iki ölkə arasında əməkdaşlığın dinamik inkişafından məmnun olduğunu qeyd edib və Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Məmmədyarov da səmimi qəbula görə təşəkürünü bildirərək Ilham Əliyevin Kurçneri ölkəmizə dəvət məktubunu argentinalı prezidentə təqdim etmişdi.
Ancaq Argentinada həm də paytaxtın inzibati dairəsində qondarma “erməni soyqırımı”nın tanınması haqda qərar qəbul edilməsi onu söyləməyə əsas verir ki, Azərbaycan hakimiyyətinin bu ölkədəki lobbi fəaliyyəti fiaskoya uğrayıb. Yüksək səviyyəli rəsmilərin ölkəmizə səfərini təşkil etmək, onların şərəfinə dəbdəbəli ziyafətlər vermək də Argentindakı erməni lobbisinin siyasi dairələr üzərində təsirini minimuma endirə bilməyib.

Turan