Hakimiyyət 9 milyonluq xalqı özünə düşmən sayır

Eldar Namazov: “Yürüdülən qisasçı siyasətlə avtoritar rejim öz ayağının altını qazır və özünü uçuruma aparır”

Rüstəm Ibrahimbəyova yönələn təzyiqlərə qarşı iyulun 26-da “Azadlıq” radiosunda mövqe göstərən rejissor Rövşən Almuradlının oğlunun AzTV-dən işdən çıxarıldığı barədə məlumat vermişdik. R.Almuradlının oğlu Kamal Almuradlı iyulun 31-də işdən azad olunub.
Hazırkı hakimiyyətin ünvanına tənqidi fikir söyləyən şəxslərin ciddi təqiblərə məruz qalması artıq heç kimə sirr deyil. Dəfələrlə görmüşük ki, sərt fikir səsləndirdiyinə görə ya şəxs özü, ya da yaxın qohumları təqibə məruz qalır. Bu baxımdan K.Almuradlının işdən azad edilməsi təəccüblü görünmür.
Azərbaycan Naminə Ictimai Forumun prezidenti, Ziyalılar Forumunun üzvü Eldar Namazov bildirdi ki, R.Almuradlı Azərbaycanın tanınmış kino rejissorlarından biridir. Onun Cavad xana həsr olunmuş filminin ictimaiyyətin diqqətini cəlb etdiyini deyən E.Namazov vurğuladı ki, R.Almuradlının oğlu K.Almuradlını yaxşı tanımasa da, bu gəncin də atası kimi istedadlı olduğunu eşidib. Baş verənlərin cəmiyyətdəki mühitdən irəli gəldiyini söyləyən E.Namazov qeyd etdi ki, öz müstəqil fikrini hakimiyyətə qarşı söyləyənə və onun yaxınlarına qarşı dərhal çirkin kampaniya aparılır: “Müstəqil fikir söyləyənin ya fəaliyyəti məhdudlaşdırılır, ya o işdən azad olunur. Rüstəm Ibrahimbəyovun rəhbərlik etdiyi təşkilata qarşı alternativ qurumun yaranması da bunu sübut edir. Gündə üç dəfə Prezident Administirasiyasına hesabat göndərirlər ki, kim Rüstəm Ibrahimbəyova qarşı yaradılan alternativ təşkilata keçdi, kim isə sınmadı. Bu hərəkətlər onu göstərir ki, qərarları qəbul edən məmurlar artıq başlarını itiriblər. Adətən, aqoniyada olan insanlar ağlasığmaz hərəkətlər edirlər. Normal məntiqlə hakimiyyətin addımlarını izah etmək mümkün deyil. Bu hakimiyyət hamını özünə düşmən sanır”.
Hakimiyyətin müstəqil QHT-lərə, KIV-lərə, siyasi partiyalara düşmən gözü ilə baxdığını deyən E.Namazov bildirdi ki, indi oxşar münasibət ziyalılara, aktiv gənclərə qarşı edilir: “Anlaşılmır bu hakimiyyət hansı xalqı təmsil edir, kimin üçün dövlət qururlar? Hansı inkişafa nail olmaq istəyirlər? Sanki bu hakimiyyət təmsilçiləri bir qalanın içərisində oturublar. Həmin qalanın içərisinə milyardları yığıblar. Kənardakı 9 milyon xalqın hamısı bunlara düşməndir”.
Hakimiyyətin addımlarını ağılsız və məntiqdən uzaq sayan E.Namazov vurğuladı ki, yürüdülən qisasçı siyasətlə avtoritar rejim ayağının altını qazır və özünü uçuruma aparır.
Xəyal