“Həkim təəccüblə soruşub ki, belə bir xəstəni həbsxana şəraitində necə saxlamaq olar”
MTN-in istintaq təcridxanasında saxlanılan “Texnikabank”ın Yasamal filialının müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov dünən vəkilləri Fəxrəddin Mehtiyev və Əsabəli Mustafayevlə görüşüb.
F.Mehtiyevin sözlərinə görə, E.Seyidovun səhhətindəki problemlər qalmaqda davam edir: “Onun səhhəti bizi çox narahat edir. Bu həftənin ikinci günü vəziyyətində ağırlaşma olub. Həkim-nevropotoloq gəlib onu müayinə edib. Həkim təəccüblənib ki, belə bir xəstəni təcridxana şəraitində necə saxlamaq olar. Bu xəstəliyin olduqca ciddi fəsadları ola bilər. Istintaq orqanı bu məqamı təcili olaraq nəzərə almalıdır. Dəfələrlə müraciət etmişik ki, onu müalicə müəssisəsinə köçürün. Təəssüf ki, nəzərə alan olmayıb. Ona görə məsələni istintaq qarşısında növbəti dəfə qaldırmağa məcburuq. Səhhəti çox ağırdır, baş ağrıları ara vermir. Ayaqlarında keyləşmə var, qan təzyiqi stabil deyil. Çox təəssüf ki, istintaqın təyin etdiyi ekspertiza Elnur Seyidovda yalnız nevroloji problemin olduğu ilə bağlı rəy verib. Halbuki mötəbər tibb müəssisəsi ona dağınıq skeleroz diaqonozu qoyublar. Bütün hallarda ona həbsxanada qalmaq olmaz”.
E.Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. O, nazirliyin təcridxanasında saxlanır, Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunur.