Xədicə Ismayıl Berlində bir neçə qəzetin ölkəmizlə bağlı suallarını cavablandırıb
Almaniyanın “Frankfurter Rundschanu” qəzetində ölkəmizdə ictimai-siyasi durum, ev sahibliyi etdiyimiz “Euirovision” musiqi yarışmasından sonrakı vəziyyətdən bəhs edən məqalə yayımlanıb.
Məqalədə “Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə Ismayıllın da açıqlamalarına yer verilib. Qəzet yazır ki, builki “Eurovision” yarışması ərəfəsində Azərbaycanda insan haqlarının pozulması, söz azadlığının məhdudlaşdırılması halları daha çox qabardıldı və Avropa Yayım Birliyinin hadisələrə səssiz qalması tənqid olundu.
Xədicə Ismayıl da alman qəzetinə açıqlamasında AYB-ni tənqid edib. Araşdırmaçı-jurnalistin sözlərinə görə, AYB bir ailənin – Əliyev ailəsinin maraqlarına uyğun mövqe sərgiləyib. X.Ismayıl bildirib ki, “Eurovision”a hazırlıq ərəfəsində Azərbaycanın hakim ailəsi bütün sahələri monopoliyaya aldı. Yalnız Əliyev klanı külli miqdarda qazanc əldə etdi. Azərbaycanlı jurnalist musiqi yarışmasından sonra ölkəmizdə ictimai-siyasi durumun yaxşılığa doğru dəyişib-dəyişmədiyinə dair suala cavabında deyib ki, hər şey olduğu kimi qalıb. Insan hüquqlarını müdafiə edən fəallara, jurnalistlərə yönəlik təhlükə və təzyiq dalğası davam edir.
“Frankfurter Rundschau” daha sonra Xədicə Ismayıla yönəlik təzyiq və şantaj kampaniyasını da xatırladıb. Jurnalistin hakim ailənin biznes imperiyasıyla bağlı apardığı araşdırmalar səbəbindən çirkin təzyiqlərlə üzləşdiyi bildirilib. Bütün bunlara baxmayaraq Xədicə Ismayılın peşəkar fəaliyyətindən uzaqlaşmadığı, əksinə, daha da fəallıq göstərdiyi vurğulanıb. Əlavə edək ki, Xədicə Ismayılın açıqlamaları Almaniyanın bir neçə başqa qəzetində də tirjalanıb.