ABŞ Cənubi Azərbaycandakı hərəkata dəstək verəcəkmi?

Vəfa Quluzadə: “Dəstək versə, azərbaycanlılar müstəqil dövlət yaratmaq arzusunda ola bilər”

Amerikalı konqresmen Deyn Rorabaher dövlət katibi Hillari Klintona müraciət edərək Vaşinqtonun Cənubi Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni dəstəkləməsinin vacibliyini bildirib.
Iran azərbaycanlılarının öz azadlıqlarına nail olmasının vaxtının çatdığını deyən konqresmen müstəqillik uğrunda mübarizədə Azərbaycan xalqının qanuni haqlarının dəstəklənməsini nəcib əməl kimi qiymətləndirib. O bunu Tehran üçün daha böyük təhlükə hesab edir, nəinki onun yeraltı nüvə bunkerlərinin bombalanması.
Yaxın Şərqdə gərginlik artdığı bir məqamda bu çağırış nəyə hesablanıb və ABŞ-ın Cənubi Azərbaycanın müstəqillik hərəkatına dəstək verməsi gözləniləndirmi?
Politoloq Vəfa Quluzadə bu çağırışın Iranı daxildən parçalamağa yönəldiyini deyir.
Ekspertin sözlərinə görə, azərbaycanlılar Iranda ikinci dərəcəli vətəndaşlardır. 20-30 milyonluq millətin bir çox hüququ, məktəbləri, universitetləri, qəzetləri yoxdur. Dövlət idarələrində öz dillərində danışmaqdan qorxurdular, çəkinirdilər. Yalnız küçədə və evlərində azərbaycanca danışa bilərlər. Bunların hamısı onu göstərir ki, həqiqətən də ABŞ Cənubi Azərbaycana diqqət yetirsə və onlara dəstək versə, azərbaycanlılar öz haqlarını tələb edər və müstəqil dövlət yaratmaq arzusunda ola bilər.
Tarixdə belə bir hadisənin olduğunu xatırladan ekspert vaxtilə Stalinin bu cür siyasəti yürütdüyünü xatırlatdı: “O zaman Cənubi Azərbaycanı Irandan ayırıb bizimlə birləşdirdilər. Lakin Stalinə başa saldılar ki, Sovet Ittifaqı tərkibində bu boyda böyük Azərbaycan dövləti problem olar. Ona görə Stalin xəyanət etdi, azərbaycanlıları yarı yolda qoydu. Ondan sonra da şah bütün liderləri asdı. Indi arzu edərdim ki, amerikalılar Stalinin səhvlərini təkrar etməsinlər”.
Ekspertin fikrincə, ABŞ bu məsələdən Iranı parçalamaq məqsədi ilə də istifadə edə bilər. Bu da təhlükəlidir: “Əgər Amerika həqiqətən də Cənubi Azərbaycana humanist yardım etmək istəyirsə ki, onlar Irandan ayrılıb öz milli dövlətlərinin yaratsınlar, bu başqa məsələ. Amma onlar Iranı daxildən parçalayıb bu məsələni unuda bilərlər. Bundan sonra Iran rejimi azərbaycanlıları qırar, onlarla pis rəftar edə bilər. Belə çıxacaq ki, Cənubi Azərbaycan Amerikanın maraqları uğrunda mübarizə aparacaq. Bu da bizim üçün heç də arzu olunan deyil”.
Ekspert hesab edir ki, Cənubi Azərbaycana kömək edib onları ayağa qaldırmaq da asan məsələ deyil. Çünki Iran ideoloji dini dövlətdir: “Bu dövlətdə azərbaycanlılarla farsları, ərəbləri birləşdirən güclü islam ideologiyası var. Onlar hamısı ilk növbədə özünü iranlı və müsəlman sayır. Belə olan halda Amerikanın azərbaycanlıları qaldırmağa gücü çatacaqmı?”.
V.Quluzadənin sözlərinə görə, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun” şüarı reallıqdan uzaqdır. Ikinci müstəqil Azərbaycan dövlətinin yaradılması daha realdır: “Mən deyərdim ki, Azərbaycan iki olsun, paytaxtı da Bakı və Təbriz olsun. Bizimlə dost əlaqələrdə olan daha bir müstəqil Azərbaycan dövləti yaransın. Biz bir-birimizə kömək edərdik, bir-birimizdən yararlanardıq. Bu, tamamilə başqa məsələdir”.

Fizzə