Məhəmməd Talıblı: “Ölkə neft gəlirləri və xarici borclardan asılı vəziyyətə düşməzdi”
Son günlərin ən çox müzakirə edilən məsələsi Azərbaycandan 48 milyard dolların çıxarılması və offşor zonalara yerləşdirilməsidir.
Xatırladaq ki, Londonda fəaliyyət göstərən və Britaniya parlamentinin nəzarətində olan “Tax Custice Network” adlı qeyri-hökumət təşkilatının “Offşor zonaların qiyməti” adlı hesabatında 1993-2010-cu illərdə Azərbaycandan 48 milyard dollar vəsaitin çıxarıldığı açıqlanmışdı. Göründüyü kimi, bir neçə illik büdcədən də çox olan bu vəsait məhz iqtisadiyyat zəif olduğu dönəmlərdə ölkədən çıxarılıb. Bəs bu pullara nələr etmək olardı?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı hesab edir ki, bu vəsait hesabına ölkədə böyük infrastruktur sistemi yaratmaq, bank resurslarının kapitalizasiya səviyyəsini artırmaq olardı. Eyni zamanda pullar insan resurslarının inkişaf etdirilməsi üçün sərf oluna bilərdi, sosial təminatlar sahəsində ciddi islahatlar həyata keçirmək, əmək haqlarını bir neçə dəfə artırmaq mümkün idi. Həmçinin ciddi iqtisadi islahatların əsasını qoymaq, bazar infrastrukturunun bütün komponentlərini həyata keçirmək, sığorta bazarını, maliyyə-bank sistemini inkişaf etdirmək olardı.
Ekspertin sözlərinə görə, yalnız vəsaitin üzərində fokuslanmaq da doğru olmazdı. Çünki həmin vəsait ölkə iqtisadiyyatına cəlb olunsaydı, eyni zamanda əlavə dəyər yaranmalıydı. Həmin əlavə dəyərdən yaranmış vəsait ölkə iqtisadiyyatına daxil ola bilərdi. Nəticədə dövlət büdcəsi və ölkə iqtisadiyyatı əlavə vəsait qazanardı. Həmçinin hazırda xarici borcu təxminən 7,2 mlrd dollar olan Azərbaycan beynəlxalq maliyyə qurumlarından həmin kreditləri almazdı. Ölkə neft gəlirləri və xarici borclardan asılı vəziyyətə düşməzdi.
Fizzə