Saytlara hücumun izi Türkiyəyə gedib çıxır

“Hökumətin informasiya təhlükəsizliyinə ayırdığı pullar havaya gedir”

“Qəzetlərə pulu bir əldən verib, o biri əldən alırlar”

“Azərbaycanın elektron məkanı təhlükə altındadır və ona istənilən an müdaxilə etmək mümkündür”. Bunu, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu son günlər “musavat.som” və ölkənin bir neçə başqa saytına olan hücumlara münasibət bildirərkən deyib.
Baş redaktorun sözlərinə görə, bu müdaxilə nəticəsində həmin saytları kənardan idarə etmək və sıradan çıxarmaq mümkündür: “Bu, təhlükəsizlik məsələsidir. Bundan əvvəl də dövlətə və hakimiyyətə yaxın qurumlara məxsus saytlar dağıdılmışdı. Bu, onu göstərir ki, bu sahədə təhlükəsizlik tədbirlərinin görülməsinə xərclənən pullar havaya gedir. Azərbaycanın informasiya təhlükəsizliyi ilə bağlı qurumlardan tələb edirik ki, öz vəzifələrini icra etsinlər.
Bu saytların təmsilçilərinin müəyyən instansiyalara müraciətləri olub. Həmin müraciətlərə diqqətlə yanaşılması və operativ reaksiyalar verilməsini tələb edirik”.
R.Arifoğlu bildirir ki, araşdırmalar nəticəsində saytların dağıdılmasını təmin edən IP-lərin Türkiyəyə məxsus olduğu üzə çıxıb: “Əlbəttə ki, bu Türkiyədə olan hansısa haker qrupun fəaliyyətidir. Ehtimallar və bir sıra iddialar var ki, bu hakerlərin sifarişçiləri heç də Türkiyədən deyil. Əgər bu iddiaların, şübhələrin artmasını istəmirlərsə, araşdırma aparsınlar. Türkiyənin Azərbaycandakı səfirliyinə də müraciət hazırlamışıq və yəqin ki, səfirlə görüşüb həmin IP-ləri ona verəcəyik. Qoy, hücumun hansı instansiyalardan gəldiyini müəyyənləşdirsinlər. Biz çox narahatıq ki, istər ölkə daxilindəki, istərsə də xaricdəki bir haker qrupu Azərbaycanın aparıcı KIV-lərinin, bəzi hallarda da dövlət qurumlarının saytlarını dağıdırlar. Və bunun üçün məsuliyyət daşımırlar. Nəticələr də araşdırılaraq ictimaiyyətə təqdim olunmur”.
R.Arifoğlu açıqlamasında “Yeni Müsavat” qəzetinə kəsilmiş  50 min manatlıq məhkəmə cəriməsinə də münasibət bildirib: “KIV-ə Dəstək Fondundan ”Azadlıq” qəzetinə 30 min manat ayrılmışdı. Bundan dərhal sonra Tağı Əhmədov qəzeti 30 min manat cərimələtdirdi. Fonddan “Yeni Müsavat”a 50 min manat ayrıldı və Kəmaləddin Heydərovun şirkətinin iddiası əsasında qəzetimizə 50 min manatlıq cərimə kəsildi. Hakimiyyət düşünməlidir ki, qəzetlərə dəstək siyasəti bu cür davam etsə, nə yerli, nə də beynəlxalq ictimaiyyət bunu qəbul etməyəcək. Bir əldən verib, o biri əldən almaq heç də yaxşı iş deyil. Bu, söz və mətbuat azadlığına növbəti təzyiqdir. Kəmaləddin Heydərova təklif edirəm ki, nəzarətində olan şirkətin maddi iddiadan çəkilməsi üçün lazımi işləri görsün. Dəfələrlə demişik ki, sözləri, təklifləri varsa, dinləməyə hazırıq. Əks halda bu Kəmaləddin Heydərovun da, Azərbaycan hakimiyyətinin də imicinə zərbə olacaq”.

Gültəkin