“Müharibəni prezident əvəzi Heydər Əliyevlə baş nazir Surət Hüseynov aparırdı”
ACP lideri Rəsul Quliyev Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Turqut Ərin ittihamlarına cavab verib. Xatırladaq ki, Turqut Ər “Azadlıq”a göndərdiyi məktubda Rəsul Quliyevə qarşı bir sıra ittihamlar irəli sürüb. Məktub ACP liderinin müsahibələrindən birində Turqut Ər barədə səsləndirdiyi fikirlərə cavab xarakteri daşıyıb.
Rəsul Quliyevin Turqut Ərə ünvanladığı cavabı müəyyən redaktə ilə təqdim edirik:
“Hər dəfə Turqut Ərin yazısına rast gələndə, yazını hadisələrdən xəbərsiz bir adamın yazdığını düşünmək olar. Bu dəfəki yazısında Turqut Ər indiyə qədər yazdıqlarının hamısını arxada qoyub, fantastik şeylər uydurub.
Turqut Ər yazır ki, mən bir neçə dəfə onun barəsində danışmışam, ancaq o, cavab verməyib. Soruşmaq lazımdır, hansı qəzetdə və nə zaman. Turqut müəllim, məgər məni bir ay öncə hər məsələdə günahlandıran siz deyildinizmi? 20 il bundan öncəki tarixi araşdıran insanın bir ay bundan öncə söylədikləri yadından çıxıb?
Əgər ömrünü diplomatik işlərə sərf etmiş bir şəxs, parlament sədrlərinin imzaladığı sənədin – protokolun statusunu bilmirsə, onun nəsə bildiyinə inanmaq olarmı? Turqut Ər iddia edir ki, Bişkek protokolu ilə mən Azərbaycanın 6 rayonunun işğalına səbəb oldum. Xocam, belə ciddi qərar verməmişdən öncə gərək o rayonların nə vaxt verildiyini öyrənərdiniz heç olmasa. Onda görərdiniz ki, 6 rayonuın işğalı 1993-cü il iyunun axırı Ağdamdan başlayıb, oktyabrın axırı Zəngilanla bitib. O dövrdə mən nazirlər kabinetində 5-6 müavinlərdən biri idim və müharibə ilə əlaqədar işlərə qarışmağa ixtiyarım yox idi. Müharibəni prezident əvəzi Heydər Əliyev və baş nazir Surət Hüseynov aparırdı. Hətta bəzi baş nazirin müavinləri müharibə zonasına göndərilirdi, məndən başqa.
Mən müharibəyə oktyabrın axırında qarışmağa başladım -öz təşəbüsümlə. Hiss etdim ki tədbir görülməsə Ermənilər Mingəçevir-Yevlax yoluna çıxacaqlar. Qısa müddətdə əskərlikdə (Sovet) olmuşlardan rayon batalyonları yaradıldı və düz bir aydan sonra 5 mindən çox əskər və zabit döyüşə atıldı, nəticədə işğal olmuş torpaqların 3 faizinə yaxını Fizuli-Horadiz istiamətində dekabr ayında azad edildi.
Bişkek protokolu isə 1994-cü il may ayında imzalanıb.
Elçibəyə hansı xəyanətdən söhbət gedir? Siz tarixçisiniz, yadınıza Türkiyə ilə əlaqədar önəmli bir hadisəni salmaq istəyirəm. 10 avqust 1920-ci ildə Fransanın Sevr şəhərində Antantanın bütün ölkələri, o cümlədən Ermənistan bir tərəfdən, Osmanlı imperiyası o biri tərəfdən Türkiyəni parçalamaq, daha doğrusu dağıtmaq müqaviləsinə imza atdılar. Ədirnə, İzmir, bir çox şəhər və kəndlər Yunanıstana, Qars regionu ermənilərə, hətta İstambul Türkiyədən alınıb beynəlxalq nəzarət idarəçiliyinə verildi. Bir sözlə bütün dünya Türkiyənin əleyhinə müqaviləyə imza atdı. Bu dediyiniz Bişkək protokolundan fərqli olaraq, əziz diplomat, hüquqi sənəd idi, çünki hökümət qol çəkmişdi. Türkiyədə Atatürkün başçılığı altında xalq bütün dünyaya müharibə elan etdi və 1922-ci ildə qalib gəldi. Demək istədiyim odur ki, xalqın dəstəyi olan höküməti heç bir qüvvə və ya 1993-cü ilin iyununda ümumiyyətlə qüvvəsi olmayan Rusiya, yaxud Heydər Əliyev yıxa bilməzdi. Rəsul Quliyevdən isə heç söhbət gedə bilməzdi.
Rövşən Cavadov və onun ətrafında olanların qanının tökülməsi haqda böhtan deməkdən çəkinmirsiniz. Heydər Əliyev dünyasını dəyişib, ancaq mən sağam və hadisələrin necə baş verdiyini bilirəm. Rövşən Cavadov qiyamına birbaşa Türkiyənin səfirliyi rəhbərlik edirdi. Nəyə görə
rəhbərlik edirdi, onu da açıqlaya bilərəm. 17 mart döyüşləri gecəsi yatmayıb gözləyirdiniz ki, Cavadovun komandası çıxıb gələcək və Prezident Aparatını ələ keçirəcək. Əvvəl çox böyük ruh yüksəkliyi ilə Cavadovgili ruhlandırırdınız, saat 4-dən sonra kefiniz pozuldu, səhər saat 6-da panika içərisində Əliyevə zəng edib atəşi saxlamağı xahiş etdiniz. Kabinetdə biz ikimiz idik. Əliyev soruşdu ki, Cavadov yenidən əvvəlki hoqqaları çıxarmayacağına necə inana bilərik. Xatırlayın səfirin cavabı nə oldu. “O, bizim sözümüzdən çıxa bilməz” dedi. Ancaq artıq gec idi”.