aip-sedr-muavini-rovshen

“Mübarizəni birgə aparmalıyıq”

aip-sedr-muavini-rovshenİslam Partiyasının sədr müavini: “Bizi demokratik düşərgə ilə fərqli görənlər yanılır”

“2013-cü il insanların siyasi iradələrindən kənar nəticə əldə etmək baxımından asan olmayacaq”

“Dövlət iki şeydən sarsılır, günahkar cəzasız qalanda, bir də günahsız insana cəza verəndə. Hər iki hal Azərbaycanda var”

“Azadlıq” qəzetinin bugünkü müsahibi İslam Partiyasının sədr müavini Hacı Rövşən Əhmədovdur. Müsahibimizə ilk sualımız hazırda həbsxanada olan və səhhətində ciddi problemlər yaranan Ruhulla Axundzadənin son durumundan xəbər almaqla başladıq.

– Partiyanızın üzvü Vaqif Abdullayevin həbsxanada vəfatından sonra Ruhulla Axundzadənin durumu həyəcan doğurur. Son yeniliklər nədən ibarətdir?
– Vaqif Abdullayevə humanizmdən kənar münasibətin göstərilməsi bir qədər hakimiyyətdə olanları ayıltmalı və başqalarına fərqli yanaşma sərgiləməsinə məcbur etməli idi. Vəkil Anar Qasımovun dediyinə görə, Ruhulla Axundzadənin vəziyyəti olduqca ciddir. O hələ azadlıqda olanda da səhhətində ciddi problemlər var idi. Hazırda da ürək çatışmamazlığı və bədənində şişlərin yaranmasından əziyyət çəkir. Hazırda Ruhulla Axundzadə Penitensiar Xidmətin Müalicə Müəssisəsində olsa da o, xaricdən həkimlərin gələrək onu müayinə etməsini istəyir. Hələ ki, partiyadaşımızın səhhəti ilə bağlı ürəkaçan xəbərə sahib deyilik.

– Vaqif Abdullayevin dünyasını dəyişməsi göstərdi ki, insana olmazın zülm etmək və onun ölümünə bais olmaq, cəzadan daha çox qisasa bənzəyir…
– Əslində Vaqif Abdullayevə qarşı olan münasibət də göstərdi ki, saxta ittiham özü böyük zülmdür. Dövlət iki şeydən sarsılır deyirlər. Günahkar cəzasız qalanda, bir də günahsız insana cəza verəndə. Hər iki hal Azərbaycanda var. Ittihamları irəli sürənlər azadlıqda gəzir, günahsızlar isə həbsdə yatır.
Oyuncaq rejim yox, demokratiya istəyirik

– Ciddi uyğunsuzluq göz önündədir. Din xadimi narkotiklə həbsə atılır, sülhpərvər insanın üzərindən silah tapılır. Sizin partiyadaşları isə konkret olaraq dövlət mənafeyini satmaqda, Irana işləməkdə ittiham edirlər…
– Azərbaycanda bütün ictimai-siyasi qurumlar qanun əsasında təşkil olunur və onun əsasında da fəaliyyət göstərir. Azərbaycan Islam Partiyası istisna deyil. Partiyamızın nizamnaməsi, məramnaməsi bütün qanunlara riayət olunması ilə həyata keçirilir. Partiyamız da bu qanunvericiliyə uyğun olaraq 1992-ci ildə qeydə alınıb. Sadəcə olaraq 1995-ci ildə partiyanın adında Islam sözünün olması ilə qeydiyyat ləğv olunub. Yəni partiyamızın heç bir hüquqi əsas olmadan ləğv olunması onu göstərir ki, Islam Partiyasına qarşı münasibət qeyri-obyektivdir. Bununla da hakimiyyət böyük bir kəsimi dövlətdən narazı salır. Kiminsə üzərinə Irançı damğası yapışdırıb, ondan qisas almaq, həbs etmək daha asandır. Vaxtilə Azərbaycanda bir ailəni, ziyalını məhv etmək üçün onların üzərinə pantürküst adının qoyulması kifayət idi. Indi də müxalif fikri aradan qaldırmaq üçün ona panislamist, pantürküst adı qoymaq kifayət edir. Əslində bu özü qanunsuzluqdur. Əsas məsələ qanunu kimin pozmasının müəyyənləşdirilməsidir. Indiki halda isə partiyamızın üzvləri heç bir qanunu pozmayıblar. Sadəcə fərqli düşüncə sahibidirlər. Onlar Azərbaycanda oyuncaq rejimin yox, həqiqi, hüquqi, demokratik rejimin olmasını istəyirlər. İslam Partiyası digər müxalifət qüvvələri ilə yanaşı demokratiya uğrunda mübarizə meydanında olub. Cəzalanmağımızın da səbəbi odur ki, biz heç bir xarici güc qarşısında dövlət maraqlarımızı güzəştə getməmişik. Bizə qarşı ittihamlara heç kim inanmır. Keçən illərdə inanclı insanların günün günorta çağı, Ramazan ayında tiryəklə tutulması, hamının tanıdığı möminin evindən silah çıxması heç də inandırıcı deyil. Bütün bu ittihamların qondarma olduğunu tutulanlar da bilir, tutanlar da, cəmiyyətimiz də. Təəssüf ki, bu tendensiya dəyişmir. Fərqli düşüncəyə bu qədər amansız münasibət Azərbaycan dövlətçiliyinin xeyrinə deyil. Ona görə ondan imtina olunmalıdır.

– Bu yaxınlarda məlum oldu ki, Azərbaycandca offşor zonalara 48 milyard dollar vəsait çıxarılıb. Bu məbləğin daha böyük olduğu da bildirilir. Amma bu baş verənlərə nə müxalifət partiyalarının, nə cəmiyyətin, nə islamçıların münasibəti adekvat olmadı. Halbuki bu tipli hadisə böyük rezonansa səbəb olmalıydı…
– Təəssüf ki, ölkədə kölgə iqtisadiyyatı böyük yer tutur. Və Azərbaycanda ən xırda məmurdan tutmuş hakim elitaya qədər elə şəxs yoxdur ki, kommersiya fəaliyyəti ilə məşğul olmasın. Bu məqamlar vaxtaşırı etiraf olunur və sözdə mübarizə aparılır. Amma bu “mübarizənin” real nəticə verəcəyinə heç kəsdə inam yoxdur. Hakimiyyətdə olanların əmlakları barədə məlumat verilsə də, amma bu istiqamətdə konkret məlumat yoxdur. Təbii ki, vəzifə maaşları ilə bu qədər sərvət əldə etmək çətindir. Bu mənzərə bir daha göstərir ki, ölkədə demokratik təsisatlara, ciddi islahatlara ehtiyac var. Məmur özbaşnalığına, hakimiyyət təmsilçilərinin dövlət əmlakını talayıb müxtəlif yollarla mənimsəmə siyasətinə son qoyulmalıdır. Zaman-zaman bu hallara etirazımız olub. Partiyamızın sədri Mövsüm Səmədov da ölkədəki bu kimi hallara tənqidi münasibətini bildirib.

Rüstəm İbrahimbəyovu dinləmək lazımdır, təcrid etmək yox

– Hakimiyyətlə bağlı ciddi korrupsiya layihələrinin meydana gəlməsinə baxmayaraq, hakimiyyət hələ də korrupsiyaya qarşı real mübarizə apardıqlarını bəyan edir. Həqiqətənmi korrupsiyaya qarşı mübarizə aparılır?
– Azərbaycanda bu mübarizə adı altında kampaniya aparılır. Dünyada baş verən hadisələr də bəzən bu cür addımların atılmasına səbəb olur və hakimiyyətdə çəkingənlik yaranır. Xalqın artan etirazının qarşısını almaqdan ötrü deklorativ çıxışlar olur və bu işdə əhəmiyyətsiz sayıla biləcək adamların həbsinə qərar verilir. Nəticədə bu addımlar korrupsiyaya qarşı mübarizə kimi elan edilir. Bunlar inandırmağın yolunu yalan danışmaqda görürlər. Amma hamı çox gözəl bilir ki, ölkədə korrupsiyaya qarşı mübarizə aparılmır.

– Hazırda tanınmış kinorejissor, ziyalı Rüstəm Ibrahimbəyova qarşı çirkin kampaniya aparılır. Ümumiyyətlə, reallığı olduğu kimi deyilənlərin hədəfə götürülməsini necə qiymətləndirirsiniz?
– Ümumiyyətlə, tənqidə, fərqli düşüncəyə dözümsüzlük olmamalıdır. Əgər bu gün hər hansı bir ziyalı Azərbaycan eşqi ilə ölkəmizdə hüququn bərpa olunması üçün hər hansı  tənqidi fikir söyləyirsə, ona diqqətlə yanaşmalı və onun aradan qaldırılması üçün addımlar atılmalıdır. Təəssüf ki, biz tamamilə əksini müşahidə edirik. Həmin fikirləri səsləndirənlər hədəfə götürülür, məhrumiyyətlərə məruz qoyulur.
Rüstəm Ibrahimbəyova gəlincə isə, o, Azərbaycanın sayılıb seçilən ziyalısıdır. O bütün dünyada Azərbaycanı yaxşı tərəfdən tanıdıb. Əgər bu gün bu insanlar yaranmış vəziyyətdən narahatlıqlarını ifadə edərək yol göstərirlərsə, onları cəmiyyətdən təcrid etmək yolverilməzdir. Rüstəm Ibrahimbəyova qarşı kampaniya çox iyrənc kampaniyadır. Amma Azərbaycan ictimaiyyəti bu məsələdə Rüstəm Ibrahimbəyova yetərincə dəstək verdi.

– Eyni mövqedən çıxış edən İctimai Palata, Ziyalılar Forumunun, islamçıların ayrı-ayrılıqda mübarizə aparmasının effektiv olmadığını düşünənlər var. Bu mübarizəni perspektivdə birləşdirmək mümkündürmü?
– Hazırkı siyasi partiyaların hamısı Xalq Hərəkatından çıxan təşkilatlardır. Vaxtilə biz hamımız meydanda bir olmuşuq. Bu gün Azərbaycanın siyasi elitasında duran insanlar bir-birlərini o zamandan tanıyırlar. İslam Partiyası həmişə real mübarizə aparan ictimai təşkilatların üzünə açıq olub. Amma onu da etiraf etmək lazımdır ki, partiyamızla bağlı səslənən müəyyən ittihamlar, bizim Irançı qüvvə olmağımız bəzilərini əməkdaşlıqdan çəkindirdi. Bu çox ciddi məsələdir. Qısa cavabla sualı əhatə etmək olmaz. Bu gün İslam Partiyası ilə demokratik düşərgəni fərqli görənlər yanlış fikirdədir. Bəzən dünyada gedən proseslərin fonunda sual olunur ki, islamçılar demokratik düşərgəni əvəz edə bilərmi? Bu suala cavabında bəzi dostlarımız xeyr cavabın verir. Halbuki mən daha çox əvəzləmək yox, konsensus barədə danışmaq istərdim. Bizim partiya da demokratiya uğrunda mücadiləyə qatlaşmış və döyüş vermiş bir qüvvədir. Biz də ölkədə demokratik, hüquqi dövlətin qurulmasını istəyirik.

Birgə mübarizə nəticə verə bilər

– Gələcəkdə İctimai Palata və ya orda təmsil olunan aparıcı müxalifət partiyaları AXCP, Müsavatla əməkdaşlıq edə bilərsinizmi?
– Azərbaycanı demokratik dövlətə çevirmək istəyiriksə, bu əlaqələr, əməkdaşlıq qaçılmazdır. Bu məsələlər ciddi müzakirə olunmalıdır. Hamımızın bir istəyi və bir arzusu varsa, mübarizə birgə aparılmalıdır. Yalnız o halda müsbət nəticəyə nail ola bilərik.

– İslam Partiyası bir müddət əvvəl aksiyalar keçirmək niyyətini açıqlamışdı. Qarşıdan prezident seçkiləri gəlir. Növbəti mərhələ ilə bağlı hansı addımlar atmağı düşünürsünüz?
– Kütləvi aksiyalara münasibətdə biz qanuna uyğun hərəkət edirik. Amma bütün bunlara baxmayaraq Azərbaycanda kütləvi aksiyanın keçirilməsinin özü də mübarizənin bir yoludur. Meriya, təəssüf ki, bizim qanuni istəyimizi təmin etmir. Hazırda icra hakimiyyəti ilə bağlı sənədləri Avropa Məhkəməsinə təqdim etmək üçün hazırlayırıq. Əks təqdirdə aksiyada hökumətin zor aparatı işə düşəcək və ad da qoyulacaq ki, Azərbaycan dövlətinin konstitusion qurããuluşunu devirməyə çalışırıq. Biz aksiyaların keçirilməsini vətəndaşın müstəsna hüququ sayırıq. Partiya nə vaxtsa müvafiq qərar qəbul etsə, bu aksiyaları biz demokratik düşərgə ilə birgə və ya ayrı keçirə bilərik. Amma yaxın müddət üçün belə bir aksiya nəzərdə tutulmur.

– Hazırda hakimiyyətin yürütdüyü siyasət nəticəsində ölkədə narazıların sayı durmadan artır. Sahibkarların hüquqları pozulur, vətəndaşların mülkiyyəti əlində alınır, siyasi fəaliyyət məhdudlaşdırılır, islamçılar təqib olunur. Bütün bunların fonunda 2013-cü il prezident seçkiləri nə vəd edir?
– Hakimiyyətin aqressiv davranışına qarşı hazırda cəmiyyətin təpkisi nəzərə çarpmır. Bəlkə də bu, insanların repressiv metodlarla cəzalandırılması ilə də bağlıdır. Digər tərəfdən, insanların iqtisadi cəhətdən imkansız hala gətirilməsindədir. Azərbaycanda hüquqi müstəvinin deyil, yalnız zorun hakim olması vətəndaşı passivləşdirir. Amma hesab edirəm ki, seçki ərəfəsində bütün dövrlərdə siyasi aktivlik yüksələn xətlə artır. Bu baxımdan 2013-cü il də istisna olmayacaq. Bütün bunları nəzərə alaraq insanların siyasi iradələrindən kənar nəticə əldə etmək asan olmayacaq.  Siyasi qüvvələr konsalidasiyaya nail olmalıdır. Ölkədə real mübarizə aparan qüvvələrin daha sıx əməkdaşlığına nail olmaq lazımdır.

Xəyal