Şəki sakini iki ildir yerli polis şöbəsinin təqiblərindən yaxa qurtara bilmir
Şəki sakini Rahim Nəsirov düz iki ildir ki, yerli polis şöbəsinin təqiblərindən yaxa qurtara bilmir. Hər şey ondan başlayıb ki, R.Nəsirov Şəkidə “Ovçular məkanı” adlı restoranın Şahmat məktəbi ilə eyni binada yerləşməsinə etiraz edib və bununla bağlı ölkənin az qala, bütün instansiyalarına şikayət ünvanlayıb.
R.Nəsirov deyir ki, şikayət etməyə kifayət qədər haqqı və əsasları var: “Əvvəla qanuna görə, iaşə obyekti məktəb binasından ən azı, 25 metr aralıda olmalıdır. Amma həmin binanın ikinci mərtəbəsində Şahmat məktəbi, birinci mərtəbəsində isə dediyim restoran yerləşir. Ikincisi də, həmin restoranda mentalitetə yaraşmayan olaylar baş verir. Mənim evim həmin əraziyə yaxındır. Bugünə qədər dəfələrlə prezidentə, Daxili Işlər Nazirliyinə, Baş prokurora, Təhsil Nazirliyinə müraciət etmişəm ki, məktəb binasında restoran, iaşə obyekti ola bilməz. Şikayətlərimin heç bir faydası olmayıb. Əksinə buna görə məni və ailəmi davamlı olaraq təqib ediblər.
Bu məsələ ilə bağlı məhkəməyə də müraciət etdim. Həm birinci instansiyada, həm də apelyasiya məhkəməsində dedilər ki, haqsızsan”.
“Hamının gözü qarşısında atəş açdılar”
R.Nəsirovun sözlərinə görə, bu iki il ərzində başına gəlməyən olay qalmayıb. Şikayət etdiyinə görə ona hətta şəhərin ortasında, hamının gözü qarşısında atəş də açıblar: “Bu ilin fevralında iki nəfər əli silahlı küçənin ortasında mənə atəş açdı. Əyildim deyə güllə mənə dəymədi. Aydın məsələdir ki, həmin adamlar məni həmin restoran olayına görə öldürmək və ya qorxutmaq istəyirdilər. Polisə müraciət etdim ki, gəlib araşdırsınlar. Polis şöbəsinin müstəntiqi açıq şəkildə dedi ki, bu iş bizlik deyil, Respublika Prokurorluğuna müraciət et. Müraciət etdim ki, yenə də səs-səmir çıxmadı. Sadəcə rayon prokurorluğu qarşısında vəsatət qaldırıldı ki, iş yenidən araşdırılsın. Iş Şəki Polis Şöbəsinin istintaq bölməsinə verildi. Bugünə qədər bir xəbər yoxdur. Təsəvvür edin ki, polis hadisədən neçə gün keçəndən sonra gəlib ərazidə giliz axtarırdı. Sanki gilizlər orada qalacaqdı. Həmin ərəfədə evimizə oğru girdi araşdırmadılar, evimiz daşa basıldı araşdırmadılar. Amma ”Ovçular məkanın”da işləyən bir qadın əsassız yerə məndən polisə şikayət edən kimi, hərəkətə keçdilər. Guya mən o qadını təhqir etmişəm. Həmin qadın o restoranda əxlaqa uyğun olmayan fəaliyyətlə məşğul olur. Onunla bağlı Insan Alverinə Qarşı Mübarizə Idarəsinə də şikayət etmişəm. Faktlarla, şəkillərlə əsaslandırmışam ki, bu qadın hansı işlərlə məşğuldur”.
“Mənə avtomatla, dubinka ilə mənə hədə-qorxu gəldi”
Hadisə ilə bağlı polisə çağırılan R.Nəsirova Cinayət Məcəlləsinin 132-ci maddəsi üzrə ittiham irəli sürülüb: “Heç bir şikayətimi araşdırmadılar, amma kiminsə saxta ittihamlarına görə mənə 6 ay icbari iş verdilər. 6 ay ərzində maaşımdan 20 faiz tutulmalı idi. Istintaq bölməsinin rəhbəri avtomat və dubinka ilə mənə hədə-qorxu gəldi ki, bu ittihamları üzərinə götürməlisən. Mən də qorxumdan razılaşdım. Şəkidən təyin olunan vəkildən imtina edib başqa rayondan müadafiəçi istədim. Oğuzdakı vəkilə dedim ki, bəraət istəyirəm. O da zəng edib dedi ki, bu adam bəraət istəyir, mən gəlmirəm. Məni otağa salıb dedilər ki, ya biz deyən vəkili qəbul elə, ya da səni şərləyəcəyik”.
Təqiblər bununla da bitməyib. Şəki Polis Şöbəsi R.Nəsirova görə qardaşı Kamrana da təzyiq etməyə başlayıb: “Qardaşım Şəkidə kafe işlədir. Şəki Polis Şöbəsinin polis mayoru Müşfiq Cəbrayılov ötən ay gəlib qardaşıma deyib ki, bayırdakı stolları yığışdır. Qardaşım da yığışdırıb ki, söz-söhbət olmasın. Daha sonra gəlib kafedəki toyuq bişirən aparatı tullamaq istəyib və deyib ki, ”sizə demişəm ki, bu kafeni işlətməyin”. Halbuki Şəkidə hamı rahat şəkildə kafe işlədir və üstəlik, polislərin kafeyə bu cür qanunsuz daxil olmağa ixtiyarı yoxdur. Sonra da bayıra çıxıb yolun ortasında qışqırıb ki, “sən bu kafeni işlətsən, mənə də Əhmədiyyənin nəvəsi deməsinlər”. Müşfiq Cəbrayılov Fransanın milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun nəvəsidir. Bu addan sui-istifadə edib qanunsuz əməllər edir. Bu yaxınlarda qardaşımı 3 sutkalıq həbsə atdılar. Dəhnə kəndindən 5 nəfər üzəduran gəldi ki, guya qardaşım polisi təhqir edib. Bir sözlə, 2010-cu ildən Şəki Polis Şöbəsi bizimlə ədavət aparır. Aydın məsələdir ki, hər şey “Ovçular məkan”ına görədir. Anama deyiblər ki, bir oğlunu buraxıb, o biri oğlunu həbs edəcəyik. Ağıllı olsunlar, özlərini yığışdırsın, bizimlə işləri olmasın. Rəis anama deyib ki, sənin oğlanların narkomandır, onları tutduracam”.