İran isə Suriya diktatoruna dəstək üçün 4000 əsgər göndərib
Suriyada vətəndaş müharibəsi davam edir. Ölkənin ikinci ən böyük şəhəri və Bəşər Əsəd rejimi üçün strateji əhəmiyyəti olan Hələbdə üsyançılarla hökumət qüvvələri arasında şiddətli döyüşlər artıb. Əsəd rejimi şəhərin 50 faizindən çoxuna nəzarət edən müxalifləri zərərsizləşdirmək üçün hücumların şiddətini artırıb. Ətraf bölgələrdəki hərbi qüvvələr və zirehli texnika Hələbə gətirilib.
Rejimin yaxın müttəfiqi Iran isə Bəşər Əsədə dəstək məqsədi ilə Suriyanın Hələb bölgəsinə 4 min əsgər göndərib. Bu haqda Türkiyə mətbuatı ölkə kəşfiyyatına istinadən məlumat verib. Iran əsgərləri Suriyanın Hələb bölgəsinə Iran və Livan üzərindən dislokasiya edilib. Bundan başqa, Livandan “Hizbullah”ın Hələbin üsyançıların əlinə keçməməsi üçün Əsədə dəstək üçün yardım göndərdiyi bildirilib.
Paytaxt Dəməşqdə də üsyançılarla hökumət qüvvələri arasında döyüşlər gedir. Rejimin əmrindəki qırıcıların müxaliflərə yönəlik hücumları nəticəsində xeyli sayda insanın öldüyü bildirilir. Ölkədə mobil və şəhər telefon rabitəsinin tamamilə kəsildiyi deyilir. Bunadək ölkə ərazisində beynəlxalq telefon əlaqəsi kəsilmişdi. Ötən gün səhərdən etibarən Suriyada internetə çıxış da tamamilə kəsilib..
Bu arada ABŞ prezidenti Barak Obamanın Suriya diktatoru Bəşər Əsədin devrilməsinə çalışan müxaliflərə yardım etmək məqsədiylə məxfi təlimat verdiyi barədə xəbərlər yayılıb. “Reuters” xəbərinə görə, Ağ ev rəhbəri Türkiyədəki komandanlıq mərkəziylə əməkdaşlıq etməyi tapşırıb. Bu ilin əvvəllərində Obamanın imzaladığı təlimatla casuslara Əsədin devrilməsində müxaliflərə dəstəyin artırılması nəzərdə tutulur.
Prezidentin sənədi tam olaraq nə vaxt imzaladığı və Mərkəzi Kəşfiyyat Idarəsi (MKI) ilə digər kəşfiyyat qurumlarına bağlı casuslara verilən gizli təlimatın konkret nədən ibarət olduğu isə bilinmir. Iddialara görə, imzalanan əmrdə ABŞ, Türkiyə və müttəfiqləri tərəfindən idarə olunan bir mərkəzlə əməkdaşlıq nəzərdə tutulub. Ancaq ABŞ hökumətinin adının açıqlanmasını istəməyən bir rəsmisinin də təsdiqlədiyi xəbərdə əmrin ABŞ agentlərinə tam olaraq hansı səlahiyyətlər verdiyi bilinmir.
Əlavə edək ki, “Reuters” agentliyi ötən həftə də Əsəd rejimini devirməyə çalışan suriyalı müxaliflərə yardım edilməsi üçün Qətər və Səudiyyə Ərəbistanının dəstəyiylə Türkiyənin Adana bölgəsində bir “beyin mərkəzi” qurulduğunu bildirmişdi.
azadliq.info