Hüquq müdafiəçisi: “Həbsimə qədər səhhətimdən, xüsusən qulaq ağrılarından hər hansı şikayətim olmayıb”
Həbsdə olan hüquq müdafiəçisi, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Ilham Əmiraslanov dünən Bakı Istintaq Təcridxanasından məktub göndərib. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına ünvanladığı məktubda hüquq müdafiəçisi respublika Baş prokurorluğunun onun səhhəti və işgəncələrə məruz qalmaması ilə bağlı yaydığı açıqlama ilə razı olmadığını bildirib.
Məktubda deyilir: “Əvvəla sizlərə və hüquqlarımı müdafiə edən hər kəsə təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, mən həbs olunan zaman Sabirabad polis şöbəsində və rayon Olimpiya Mərkəzində polislər və qara maska taxmış mülki geyimli şəxslər tərəfindən ciddi fiziki zorakılığa və işgəncələrə məruz qalmışam. Məni zorla, döyə-döyə və ən ağır işgəncələr verə-verə, ölümlə təhdid edərək video çəkiliş qarşısında yalandan, etirafedici izahat verməyə məcbur ediblər. Ötən müddət ərzində aldığım xəsarətlərdən əziyyət çəkirəm. Başımda, qulaqlarımda, döş qəfəsimdə ciddi ağrılar var.
Məni müayinə edən Tibb idarəsinin həkimləri ”sol qulaq təbil pərdəsinin quru perforasiyası (deşilməsi)” diaqnozu qoyublar. Qulaqlarımda güclü ağrılar və uğultular var. Gecələr yata bilmirəm. Ağrıkəsici dərmanlar hesabına yaşayıram. Müalicəm istiqamətində heç bir addım atılmır. Mənə qarşı bu münasibətin səbəbini bilmirəm. Müalicəmin təşkili, mənə qarşı fiziki zorakılıq, işgəncə verənlər haqqında ölçü götürülməsi barədə müvafiq addımlar atmaq əvəzinə Respublika Baş Prokurorluğunun dünən yaydığı açıqlama məndə təəssüf və təəccüb doğurur.
Prokurorluğun açıqlamasında saxta rəylərə istinadən bildirilir ki, guya mənim heç bir şikayətim yoxdur və qulağımın təbil pərdəsinin deşilməsi 08 iyun 2012-ci ildən öncə, uşaq yaşlarımda olub (!?). Bunlar hamısı ağ yalandır, mənə qarşı böhtandır. Hüquqlarımın növbəti dəfə pozulması, haqqımda düzgün olmayan ifadələrin yayılmasıdır. Bir daha bildirirəm ki, indiki ağrılarım qanunsuz həbsim zamanı aldığım zərbələrdən və mənə verilən işgəncələrdən sonra meydana gəlib. Həbsimə qədər səhhətimlə, o cümlədən qulağımla bağlı heç bir şikayətim, həkimə müraciətim, tibbi müəssələrdə qeydiyyatım olmayıb. Elədirsə, qoy aidiyyəti qurumlar bu barədə ortaya fakt, sübut qoysunlar.
Mən, ailə üzvlərim, qohumlarım və digər şahidlər də sübut edə bilər ki, səhhətim, xüsusən qulaq ağrılarımla bağlı həbsimə qədər heç bir şikayətim olmayıb.
Xahişim odur ki, aşağıdakı istək və tələblərimi aidiyyəti qurumlara çatdırasınız və bu məsələlərdə mənə yardımçı olasınız:
1. Müalicə olunmağım üçün kənardan, mənə öz inandığınız həkimin Istintaq Təcridxanasına gəlməsini təşkil edəsiniz. Artıq ağrılara dözə bilmirəm.
2. Mənə işgəncə vermiş vəzifəli şəxslər və qara maska geymiş mülki şəxslər haqqında qanun çərçivəsində ölçü götürülməsi üçün aidiyyəti qurumlara müraciət edəsiniz.
3. Işgəncə altında verdiyim ifadələrdən imtina etdiyimi bir daha bildirir və yenidən ifadə vermək istəyimi Respublika Baş Prokurorluğuna çatdırasınız.
4. Ailə üzvlərimlə görüşməyimə yardımçı olasınız
Bir daha hamınıza təşəkkür edirəm. Haqq-ədalətin qalib gələcəyi ümidi ilə, sağ olun”.