Srağagün Lənkəran zəhmətkeşləri qarşısındakı çıxışında dövlət başçısı deyib: “Indi demək olar ki, problem yoxdur”.
Bunu qoyub, bir ibrətamiz pritça danışım. Deyir, qədim zamanlarda bir padşah varmış. Bu padşah qara milçək əlindən zinhara gəlibmiş. Neynirmiş, nə əməl eləyirmişsə, saraydan qara milçəyin ayağını üzə bilmirmiş ki, bilmirmiş. Cana doyan şah bir gün baş vəziri yanına çağırıb deyir ki, ay vəzir, elə bir yer varmı ki, orda milçək olmasın? Vəzir də qayıdır ki, qibleyi-aləm, elə bir yer yoxdu. Harada insan varsa, orada qara milçək də var. Şah gözünə döndüyüm də, vəzirin başıboşluğunu üzə çıxarmaq üçün əmr eləyir ki, ona insan ayağı dəyməyən bir yer tapsınlar. Bəli, o yeri tapırlar və şah başda olmaqla hamı cəm olub o yerə yola düşür. Gəlib çatanda şah bir də görür ki, iki qara milçək qondu atının tərli qulağına. Onda üzünü vəzirə tutub deyir ki, ə, bəs deyirdin elə yer yoxdu? Baş vəzir də təhər-töhürünü pozmur, başını üzsən də sözünü üzə deyən adammış, durub cavab verir ki, şah sağ olsun, sizi bilmirəm, mən özümü insan sayıram…
Indi problem ki var, qara milçək kimi bir şeydir. Harada insan varsa, demək, problem də var. Dövlət başçısı isə deyib ki: “Indi demək olar ki, problem yoxdur”. Məntiqlə belə çıxır ki, Azərbaycanda demək olar ki, insan yoxdur. O kəlmədə “demək olar ki” hissəsi də ona görə işlənir ki, dövlət başçısı başqalarını bilmirəm, özünü insan sayır. Yoxsa tam arxayınlıqla demək olardı ki, BU GÜN AZƏRBAYCANDA PROBLEM YOXDUR!
Stalin həmişə deyirmiş ki: “Ölüm – bütün problemlərin həllidir, insan yoxdursa, problem də yoxdur”.
Əgər bu ölkədə Ilham Əliyevdən başqa insanların da yaşadığına inansaq, məncə, bu o qədər də az inandırıcı ehtimal deyil, deməli, dövlət başçısının sözləri demək olar ki, inandırıcı deyil. Yəni ən azı 9 milyon rəqəmi ilə ifadə edilən problem var ölkədə. Təbii ki, mən ədaləti gözləyərək bu siyahıya dövlət başçısını da daxil edirəm. Sözün gerçək mənasında hər insanın özünün bir çətən problemi var. Elə dövlət başçısının özünü götürək: 2013 prezident seçkisi, saraydaxili, klanlararası çəkişmələr, bütün sərt tədbirlərə, irticaya, həbslərə, ölümlərə, insan haqlarına qoyulan yasaqlara, maddi imkansızlıqlara baxmayaraq, dilini qarnına qoymayan müxalifət, üsyançı gənclik, tənqidçi jurnalistlər, barışmaz ziyalılar, eninə-uzununa döşəyən, xaricə çıxardıqları milyardlardan, ailəsinin adına yaradılmış offşor şirkətlərdən, xaricdəki milyonluq daşınan və daşınmaz əmlakdan, qızıl mədənindən, tenderlərdə daim və rəqibsiz qalib gələn tikinti şirkətlərindən yazan xarici və yerli mətbuat, əyilməz Amerika və Avropa komissarları, Insan haqları təşkilatları və s. və i.a və nəhayət, artıq çəkinmədən dükan-bazarda, yollarda, dövlət idarələrinin vahiməli dəhlizlərində onlara söyməkdən qalmayan qara camaat, biznesi məhv edilmiş minlərlə xırda və iri sahibkar… Bunlar problem deyilmi?
Bu, problemin varlığına aid bölmə idi. Indi keçək az qala yoxluğuna…
Hesab eləyək ki, bəli, demək olar, problem yoxdu. Demək, artıq bu ölkədə dövlət başçısı və onun ən yaxın çevrəsindən savayı insan qalmayıb. Qalmayıb ki, problem yoxdu. Hələ sovet dövründə, adını unutduğum bir şairin məşhur şeiri olub bu haqda. Şeirdə deyilir ki, nə insan haqları, insan hüqları salmısız, axı insan özü yoxdu…
Bu gün Azərbaycanda da az qala hər şey var (problemdən başqa:)…), təkcə insan özü yoxdu. Insanların gəzən bədəni, eşidən qulağı, görən gözü, getdiyi yolları, körpüləri, keçidləri, prezidentin keçdiyi yerlərdə üzü aqlay daşdan yenilənən binaları, sonsuz sayda Heydər Əliyev muzeyləri, parkları, mərkəzləri var. Insan özü yoxdu, onun ruhu yoxdu, onun müqavimət hissi, ən əsası isə özünə inamı və ruhu yoxdu. Öldürülüb. Axı ölüm hər şeyi həll edir. Dövlət başçısı haqlıdı, qardaşlar, biz demək olar ki, yoxuq…

Əliyevdən başqa insan yoxdur…
•
•