“Xalqın hüquqlarına hörmət etməyən liderlər hakimiyyəti itirəcəklər”
ABŞ Dövlət katibi Hillari Klinton Afrika ölkələrinə səfəri çərçivəsində bölgə liderlərinə xəbərdarlıq edib. Dövlət katibi deyib ki, xalqın hüquqlarına hörmət etməyən liderlər hakimiyyəti itirəcəklər. Klinton Afrika ölkələrinə 11 günlük səfərin ilk dayanacağı olan Seneqalın paytaxtı Dakarda universitetdə tələbələr qarşısında çıxışında bildirib ki, afrikalılar nemətlərin kiçik elitanın əlində cəmləşdiyi, xalqın isə yoxsulluq içində yaşadığı ölkələrdə dəyişiklik etməyi tələb edir.
Dövlət katibi demokratik islahatları dəstəkləməyən Afrika liderlərini tənqid edib. Onun sözlərinə görə, fərqli düşünən insanları repressiyaya məruz qoyub hakimiyyəti əldən verməyən və xalqın hesabına varlanan liderlər tarixin yanlış tərəfindədir. Klinton ABŞ-ın Afrika üçün yeni strategiyasını təşviq edərək, bunun iqtisadi inkişaf, sülhün və təhlükəsizliyin davam etdirilməsi və demokratik təsisatların gücləndirilməsindən ibarət olduğunu deyib.