Ramil Usubovun qudası Eldar Məmmədovu niyə həbsdə saxlayır?
“Azərbaycan Beynəlxalq Aləmdə” beynəlxalq ictimai- siyasi jurnalının baş redaktoru, Yeni Azərbaycan Partiyasının üzvü, Qarabağ müharibə veteranı Eldar Məmmədov redaksiyamıza məktubun göndərib. Məktub surəti baş prokuror, Ali Məhkəmə sədri, Rusiya-Azərbaycan Informasiya və Mədəniyyət Mərkəzinin rəhbərləri və KIV-ə ünvanlanıb.
Məktubu olduğu kimi təqdim edirik: “Xətai rayon prokuroru Yusif Ildırımzadə, rayon məhkəməsinin hakimi Leyla Talıbova və polis idarəsinin müstəntiqi Rauf Məmmədovun mənə qarşı hüquqa söykənməyən ədalətsiz qərarları hüquqlarımın kobud şəkildə pozulmasıdır. Şikayətim də həbs edilərək hazırda Kürdəxanı Istintaq Təcridxanasında qanunsuz saxlanılmağımla bağlıdır. Adıçəkilən şəxslər əvvəlcədən razılaşaraq Nəqliyyat Nazirliyinin bölmə rəisi Namiq Alıcanovun əsassız və heç bir mötəbər sübutu olmayan ərizəsinə əsasən həbsimə nail olub.
N.Alıcanov Xətai polis idarəsinə ünvanladığı şikayət ərizəsində qeyd edib ki, qızının BDU-dan ATU-ya keçirilməsi üçün mənə 19 min 500 manat rüşvət verib, mən isə onu aldadıb pulunu mənimsəmişəm. Təhsil Nazirliyi və həmin universitetlərdə işləmədiyim halda mənə bu məbləğdə rüşvət verilməsiylə bağlı Alıcanov barəsində lazımi araşdırma aparmayan prokuror Y.Ildırımzadə və müstəntiq heç bir yazılı, fotofakt və ya video sübutları olmadan mənə hədə-qorxuyla təzyiq etməyə çalışır ki, Alıcanovdan rüşvət almağımı etiraf edim. Onda mən də deyim ki, həmin pulu TQDK sədri və ya Təhsil Nazirliyinə vermişəm, məgər bu, həqiqət və yaxud mötəbər sübut hesab oluna bilərmi? Alıcanov mənə jurnalın nəşr olunması məqsədilə cəmi 6500 manat maliyyə yardımı edib və jurnalın bir nüsxəsini Nəqliyyat Nazirliyinin fəaliyyətinə həsr etmişəm. Alıcanov öz niyyətinə çatmadığı üçün həmin pulu bir neçə qat artığına məndən tələb edir, məni dələduz kimi qələmə verib əsassız şikayət edir. Bir nəfər ailə üzvü və onun yaxın qohumlarının ərizəsi həbsim üçün sübutdursa, onda istənilən şəxs barəsində şikayət verib yazılı və notariat qaydasında təsdiq olunmamış faktla onun üzünə durub həbs etdirmək mümkündür. Bütün bunlara baxmayaraq barəmdə aparılan qanunsuz istintaq 3 aya başa çatsa da, Y.Ildırımzadənin əsassız qərarı şəhər prokuroru Əziz Seyidov tərəfindən Xətai məhkəməsinin hakimi Habil Məmmədovun ədalətsiz qərarı ilə iyul ayının sonuna kimi uzadılıb. Səbəb də mənə psixoloji təsir göstərib qanunsuz həbsdə saxlamaqla almadığım pulun N.Alıcanova qaytarılmasını təmin etməkdir.
Mən uzun müddət DIN-də çalışmışam, Qarabağ müharibəsi veteranıyam, 2000-ci ildən Şəmkir rayonunda YAP-ın ən fəal üzvlərindən biriyəm. Ailəliyəm, üç azyaşlı övladım var, rəhbərlik etdiyim jurnalın Moskva bürosunu yaratmışam. Əfsus ki, həbsdə olduğum müddətdə müxalifət partiyalarından fərqli olaraq üzvü olduğum partiyanın bir nəfər də nümayəndəsi qarşılaşdığım qanunsuzluqla maraqlanmayıb. Mən artıq belə bir partiyanın sıralarında olmaq istəmirəm. Rusiyanın elə bir bölgəsi yoxdur ki, orada yaşayan azərbaycanlıların, iş adamlarının, elm-peşə sahiblərinin Azərbaycanla, mərhum prezident H.Əliyev və ounn adıyla bağlı olan fondun fəaliyyətilə bağlı müsahibə, video çəkilişləri hazırlayıb jurnalın “amaaz.ru” internet saytında yerləşdirməyim.
Qanunsuz həbsimlə bağlı ölkənin ən ali hüquq-mühafizə orqan rəhbərləri və YAP-a, partiyanın nəzarətində olan qəzetlərə şikayətlər olunub. Amma onlar mənim şikayətimlə, qarşılaşdığım qanunsuzluqla bağlı kömək göstərməyib. Artıq 3 aydır ki, həbsdəyəm və istintaq saxta olduğundan heç bir əsas olmadan həbs müddətimi 31 iyuldan sonra da uzatmaq istəyirlər.
Baş prokurordan xahiş edirəm, qanunla qorunan hüquqlarımın bərpa olunmasında mənə yardımçı olsun. Məni qanunsuz həbsdə saxlayan, hüquqlarımı kobud şəkildə pozan Y.Ildırımzadənin, müstəntiq R.Məmmədov və hakim L.Talıbovanın hərəkətlərinə hüquqi qiymət verilməsində və heç bir dələduzluq əməli etmədiyimə görə tezliklə azadlığa buraxılmağımda yardımçı olasınız”.
Sosial şöbə