yanan-yataqxana

Eyni yataqxanada ikinci müəmmalı yanğın (FOTO/VİDEO)

yanan-yataqxanaKöçkünlərin yaşadığı bina külə döndü; sakinlər hadisənin qəsdən törədildiyini deyir Binəqədi rayonu, Dərnəgül qəsəbəsində, “Ramin” şadlıq evinin yaxınlığında yerləşən məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxanada yanğın oldu. Ilkin məlumatlara görə, hadisə qaz balonun partlaması nəticəsində baş verib. Ötən gün sözügedən ünvana baş çəkib, olayın təfərrüatlarını öyrənməyə çalışdıq.

“Bütün var-yoxumuz yandı”

Yanğın baş verən yataqxanaya qonşu olan binanın sakinləri deyirlər ki, hadisə qısaqapanmadan baş verib: “Yataqxananın qarşısındakı dükanların birindən elektrik xətti qısaqapanma nəticəsində alışıb. Bundan sonra yanğın genişlənərək o biri dükanlara və yataqxananın mənzillərinə keçib”.

Yanan binanın yanında da başqa bir yataqxana var. Buranın sakinləri deyirlər ki, üç gündür işıq üzünə həsrətdirlər: “Nə işığımız, nə də suyumuz var. Bizi birdəfəlik buradan köçürsələr, canımız dincələrdi. ”Qaçqınkom”un sədri Əli Həsənov hara baxır? Niyə gəlib bizlərlə maraqlanmır? Bu cür şəraitdə yaşmaq olar?”.

Sakinlər iddia edirlər ki, imkansızlıqdan onlar mənzillərinin elektrik xətlərini təzələyə bilmirlər: “Biz dəqiq deyə bilmərik yanğın nədən baş verib. Yandırılıb, yoxsa həqiqətən qısqapanma nəticəsində yanğın olub. Nə səbəbdən olursa-olsun çoxlu sayda insanlar ziyana düşüb”.
Başqa bir sakin deyir ki, yanğın yataqxananın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birində meydana gəlib.
Hadisə olan binanın yarıdan çoxu yanaraq külə dönüb. Burada məskunlaşan məcburi köçkünlər mənzillərindən heç nə çıxara bilmədiyini deyirlər: “Əynimizdəki paltardan başqa bütün var-yoxumuz yandı. Indi biz harada yaşayacağıq, necə olacaq, bunu bilmirik. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik ki, bizimlə maraqlansınlar. Ancaq heç bir iş görülməyib”.

“Əli Həsənov heç vaxt bizimlə maraqlanmayıb”

Yataqxanada adını çəkilməsini istəməyən sakinin sözlərinə görə, yanğın qəsdən törədilib: “Bura şəhərin mərkəzidir, belə yerdə məcburi köçkün yaşaya bilməz. Istəyirlər ki, bu cür addımlarla bizi buradan çıxarsınlar. Çünki belə də əllərinə daha yaxşı bəhanə düşür”. Belə bir iddiada bulunan həmin məcburi köçkün deyir ki, son günlər yanan binaların əksəriyyəti məcburi köçkünlərin məskunlaşdığı yataqxanalardır: “Bu necə olur? Niyə məcburi köçkünlərin yataqxanasında yanğın olur? O yataqxanalar ki, şəhərin mərkəzində yerləşir. Burada iki məqam var – ya yataqxanaları bilərəkdən yandırırlar, ya da ehtiyatsızlıq üzündən baş verib. Əgər kimsə ikinci versiyanın üzərində dayanırsa, onda nədən təhlükəsizlik tədbirlərini gücləndirmirlər? Yataqxanalar od tutub yanır, ancaq aidiyyəti qurumlar bircə dəfə də olsa hələ ki, yanğın olmayan binalara gedib elektrik naqillərinə diqqət yetirmirlər? Deməli, burada kimlərinsə marağı var”.
Zərəçəkənlər iddia edirlər ki, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov onların heç bir problemi ilə maraqlanmır: “Əksinə, dəfələrlə telekanallarda deyib ki, bizi buradan köçürəcəklər. Ya köçürsünlər, ya da başımıza bir çarə qılsınlar”.

Nazirliyin yanğını tez “söndürməsi”

Hadisədən sonra Fövqəladə Hallar Nazirliyi olayla bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, yanğına üçüncü təhlükəlilik dərəcəsi təyin edilib: “Ilkin məlumata görə, binanın yanar konstruksiyaları 900 kv.m sahədə yanıb. Yanğın saat 14:46-da söndürülüb. Ölən və xəsarət alan olmayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar təhqiqat aparır”.

Nazirliyin məlumatında yanğının 14:46-da söndürülməsi qeyd edilsə də, əslində yanğının qarşısı 15:20-dən sonra alındı.
Sakinlər deyirlər ki, hadisə zamanı heç kim xəsarət almayıb: “Yalnız bir uşaq içəridə qalmışdı, onu da tezliklə xilas etdilər”.
Dükanı tamamilə külə dönmüş məcburi köçkün bundan sonra nə edəcəyini bilmir: “Evim yanmadı, ancaq dükanım külə döndü. 3000 manatdan çox ziyana düşmüşəm. Malları da nisyə götürmüşəm. Özümün olsaydı yenə problem olmazdı. Dükanı təmir etdirmək, yenidən alver etmək asan məsələ deyil. Heç bir yerdən yardım yoxdur. Bundan başqa, inanmırıq ki, tez bir zamanda buranı bərpa edə bilək”.

***

Yataqxana yananda bir cərgə ilə düzülən uşaqlar gözlərini əraziyə gələn məmurlara dikmişdilər. Qalstuklu, qara kostyumlu əmilərin buranı ziyarəti onlara çox qəribə gəlirdi. Axı, indiyə qədər kimsə baş çəkib dərdlərini dinləməmişdi…

Ramin DEKO