Hökumət Oqtay Mirqasımovu nələrdə ittiham edib?

İndi Rüstəm İbrahimbəyova qarşı qoyulan kinorejissoru vaxtilə “Azərbaycan” qəzeti “topa tutub”

Hakimiyyət tanınmış dramaturq Rüstəm Ibrahimbəyova qarşı kampaniyanı davam etdirir. Hökumətyönlü KIV-lərdə dramaturq haqqında ən ağlasığmaz ittihamlarla dolu yazılar dərc edilir. Bu kampaniyada kinorejissor Oqtay Mirqasımov fəallıq göstərir. Daha doğrusu hakimiyyət KIV-ləri Rüstəm Ibrahimbəyovun ünvanına səsləndirdikləri ittihamlarda Oqtay Mirqasımova istinad edirlər. Lakin vaxt olub ki, iqtidar mətbuatı Oqtay Mirqasımovun özünü hədəfə götürüb. “Azərbaycan” qəzetinin 1995-ci il 16 dekabr tarixli sayında dərc olunmuş “Azərbaycan kinosu dünən, bu gün və…” sərlövhəli məqalə dediklərimizə sübutdur. Gəlin görək həmin məqalədə nə deyilir: “Hazırda kino istehsalı demək olar ki, dayanıb və bu dayanmanın əsas  səbəblərindən biri də mövzu planının tutulmasından başlamış, bədii və sənədli ssenarilərin qəbuluna, filmin smeta dəyərinin təsdiqinə, lentlərin bölüşdürülməsinə, hətta redaktorların təyininə qədər, bir sözlə, bütün səlahiyyətlərin studiyalardan alınması ilə izah oluna bilər.
Kinoprokat idarəsinin funksiyası demək olar ki, dayandırılıb; çünki respublikanın kinoteatrları birbaşa “Azərkinovideo” Istehsalat Birliyinin tabeçiliyinə keçəndən sonra, həmin kinoteatrlar film nümayişindən çox, bizneslə, otaqları, foyeləri, zalları icarəyə, kirayə verməklə və s.  işlərlə məşğuldur. Yay kinoteatrlarından isə danışmağa dəyməz-əksəriyyəti, elə yay-qış, sözün əsl mənasında, sağa-sola paylanır, satılır? Deməli, “Azərkinovideo” I.B-nin başçılıq etdiyi iki sütunun ikisi də göz qabağındaca laxlayır. Birliyin rəhbərləri isə bu laxlayan sütunların altına girməkdənsə, çiyinlərilə ona dayaq olmaq əvəzinə, çıxıb bu sütunların üstündə otururlar?
Kino istehsalının rəhbərliyini, müvafiq olaraq səlahiyyət və müstəqilliyini kinostudiyalardan, kino nümayişi və yayımı, səlahiyyətini isə kinoprokat idarəsindən almaqla, “Azərkinovideo” istehsalat birliyinin baş direktoru Oqtay Mirqasımov cənabları nə məqsəd güdürdü, nəyə nail oldu? Bu “əsaslı” dəyişikliyin şəxsən O.Mirqasımova nə verdiyini deyə bilmərəm (onu bir özü bilər, bir də Allahı!) ancaq bunun milli kinomuza bəla və dəhşətli xaos gətirdiyini danmaq, gizlətmək, ört-basdır eləmək mümkün deyil.
“Azərkinovideo” Istehsalat Birliyinin baş direktoru da, onun lazım oldu-olmadı canfəşanlıq eləyən birinci, ikinci müavinləri də kinonun bütün problemlərini maliyyə çatışmazlığı ilə əsaslandırırlar. Lap tutalım ki, bu, doğrudan da belədir, əslində isə belə deyil, yəni kinematoqrafiya ağıllı, düşünülmüş kino nümayişi, film satışı, kirayəsi və s. vasitələrlə nəinki özünü, hətta yan-yörəsini də dolandıra bilər. Amma fəaliyyətsizlik göstərmək, “Allahdan buyruq, ağzıma quyruq” deyə oturub gözləmək olmaz! Çalışmasan, çapalamasan, çarpışmasan, özünü oda-közə vurmasan, sənə kim nə verəcək”.. Suda boğulan adam əl-qol atmırsa, xilas olmağa çalışmırsa, buna “öldü” demirlər, “özünü öldürdü” deyirlər.
Mövcud şəraitdə, yəni kino mülkiyyətinin, onun maddi-texniki bazasının talan edildiyi, yaradıcı insanların isə bir qarın çörəkdən ötrü öz sənətini atmağa məcbur olduğu bir vaxtda merkantil maraqlar əsiri olub fəaliyyətsizlik göstərmək bağışlanılmazdır.
Kinoprokatın, eləcə də “Azərkinovideo”nun öz binalarında icarəyə verilən saysız-hesabsız otaqların icarə haqqı, tabeçiliyində olan kinoteatrlardan rəsmi alınan maliyyə vəsaiti o qədər simvolik, o qədər cüzidir ki, adama gülməli gəlir. Və şübhə etmirəm ki, səlahiyyətli yoxlama orqanları bununla ciddi məşğul olsalar, elə gülə-gülə bir xeyli ağlamalı faktlar aşkar edərlər”.
Göründüyü kimi Oqtay Mirqasımov hətta kino mülkiyyətini talan etməkdə suçlanır. Rüstəm Ibrahimbəyovun da ünvanıa oxşar ittihamlar səsləndirmişdi. Lakin dramaturq indiyə qədər heç kimin atmadığı bir addımı atdı. Mətbuatı bu yöndə araşdırma aparmağa çağırdı. Özünün də bu işdə yardımçı olacağını bildirdi. “Azadlıq” araşdırma apardı və Rüstəm Ibrahimbəyova qarşı ittihamların əsassız olduğu üzə çıxdı. Görəsən, Oqtay Mirqasımov da oxşar addımı atarmı?

Hikmət