Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…
Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…
Əslində, biz korpusa daxil edildiyimiz gün burada olan 15-20 nəfər də bizdən bircə həftə əvvəl gətirilmiş dəstə idi. Korpus tamamilə boş imiş. Bu, əşyaların qıtlığından da hiss olunurdu. Məsələn, paltar yumaq üçün iki dənə vanna vardı; cəmi üç elektrik çaydanı, iki elektrik sobası vardı… Bunları da yeni gələn dustaqlar özləri ilə ya gətirmiş, ya da köşkdən (burada “köşk” naməlum anlayışdır, hamı ona “larok” deyir) almışdılar. Məişət əşyalarının alınmasını Taleh təşviq edibmiş. Onun özünün pulu olmazdı, amma ümumi istifadəyə gərək ola biləcək nəsnələrin əldə edilməsi üçün təşkilatçılıq etməyi, qabağa düşməyi bacarırdı. Həbsxanada bütün faydalı keyfiyyətlər yararlıdır, bəzən bu keyfiyyətlər pul qədər dəyərlidir, bəzən hətta puldan daha artıq gərək olur. Puldan daha artıq gərəkli keyfiyyətlər isə Talehdə qıt deyildi; onun yalnız pulu qıt olurdu.
“Zon”un ən təcrübəli dustağı olan Talehlə xüsusi münasibət öz-özünə alındı. Məsələn, axşamüstü həyətdə “tasovka”layıb hansısa predmetsiz və sabit olmayan bir söhbətin alına bilər, tədricən bu söhbət sabit məcraya düşər. Mənim onunla birinci “tasovka”m da eynilə belə oldu. Əvvəlcə, ordan-burdan, “kimsən?”, “buraya necə düşmüsən?” kimi sual-cavabların yaratdığı söhbət, ikinci dəfə daha ciddi xarakter aldı. Ondan həbsxana qaydaları barədə soruşdum.
– Indi bura elə bir həbsxana deyə bilmərik ki, xüsusi qaydaları da olsun. Həm də sənin nəyinə lazımdır bu qaydaları xüsusi nəzərə almaq? Belə baxıram ki, kimsənin səninlə işi olmayacaq, kiminsə sənə qarşı hansısa iddiası olsa, cavabını alacaq, – dedi.
– Kim verəcək bu cavabı? – soruşdum.
– Kim verməlidir ki?! Sən özün. Mən diqqətlə müşahidə edirəm. Əvvəl maraqlandım, sənin siyasi dustaq olduğunu dedilər, inanmadım. Buradakı davranışlarının çox sərbəst və sərrast olduğuna görə inanmadım. Siyasi dustaqlar, məni bağışla, əvvəlcə bir qədər döyükmüş vəziyyətdə olurlar. Mən onlarla bir yerdə çox olmuşam. Bir müddət sonra onlar ziyalıyabənzər mühit yaradıb günlərini həmin çevrədə keçirirlər. Amma sən burada hər kəslə eyni səviyyəli münasibətlər yaradırsan və kənardan belə görünür ki, bu, sənin birinci dustaqlığın deyil. Açığı, hələ də inanmıram birinci dəfə məhkum edildiyinə.
– Inanmağın lazım gələcək, sonra inananların sırasında geri düşə bilərsən, – deyə zarafat etdim.
Sonra da tam ciddi şəkildə:
– Amma mən istəyirəm ki, mənə həbsxana normativləri barədə ümumi məlumatlar verəsən. Bu normativlər mənə lazım ola bilər, həm də öz təsəvvürlərimdə olanları müqayisə edə bilim.
– Açığı, sənin bunlara ehtiyacın olacağını düşünmürəm. Amma dustaq maraqlanırsa, ona məlumat verməmək elə həmin normativlərə görə günah sayılır. Burada standart heç nə yoxdur. Standartları ayrı-ayrı vəziyyətlər müəyyən edir. Dustaq mühiti savadlı mühit deyil. Buna görə də çoxlarına elə gəlir ki, həbsxanada hansısa əzbərlənməsi, yaddaşa köçürülməsi dəhşətli dərəcədə mürəkkəb olan qaydalar var. Savadlı adamlar üçün isə bunlar adi məntiqi mülahizələrdir. Nəzəri olaraq, dustaq zona düşdüyü ilk gündən öz mikromühitini, buna uyğun da, başqalarının ona qarşı mümkün davranış hüdudlarını müəyyən etməlidir. Bunu dustaqların çox az – 5-6 faizi bacarır. Etiraf edirəm ki, sən bunu bacarmış adam kimi görünürsən və buna görə də düşündüm ki, sən burada “passajir” deyilsən. “Passajir” elə “sərnişin” deməkdir, yəni, təsadüfən bu marşruta minmiş adam. Buna nail olmaq üçün dustağın əzmi və prinsipləri qəti şəkildə aydın olmalıdır. Adi cinayətkarlar həbsxanaya düşəndən sonra bu prinsiplərin müəyyənləşməsində tərəddüd edirlər. Bilirsən, tamam yeni adamlar, hamısı da cinayətkar – heç kimə etibar etmək olmaz. Buna görə də yeni adamlar özlərini itirirlər. Tərəddüd həbsxanada yaxşı göstərici deyil. Bu şəraitdə insan öz avtoritetini qısa müddətdə itirə bilər. Burada avtoriteti itirməkdən daha asan bir şey yoxdur. Yalnız o adamlar qazanılmış avtoriteti rahat şəkildə qoruyub saxlayırlar ki, onlar həbsxananı öz evləri kimi rahat sayırlar. Bunlar “stremlyaqa”lardır. Bu kateqoriyadan olanları qabaqlar müxtəlif cür adlandırırdılar. Məsələn, onların bir hissəsi “bratva”da olurlar. “Bratva” – qanuni oğrunun ən yaxın ətrafında olanlar, “oğru”nun elan etdiyi fitvaların (həbsxanada “proqon” deyilir), qərarların icrasına, ümumi davranış qaydalarına nəzarət edənlərdir. “Avaralar” var. Onlar da özlərini “ment” anlayışına görə “peşəkar cinayətkar” sayanlardır. Bu adamlar həbsə məqsədli şəkildə düşürlər, istəyərək buraya gəlirlər.
Növbəti kateqoriya “passajir”lərdir. Amma onları “zon”da yox, türmədə – Bayılda, Şüvəlanda “passajir” adlandıra bilərsən. Burada düşərgədə, onlar “mujik”lərdir. Buraya düşən “passajir”lər iki qrupa ayrılır: “mujik”lər və “blatnoy”lar. “Blatnoy”lar düşərgəyə gələndən sonra dustaqlığı özləri üçün həyat tərzi kimi qəbul edənlərdir; düşünürlər ki, oğru normativləri ilə yaşayıb üzü yuxarı qalxmaq da bir həyat yoludur. Onlar “zon”a daha tez uyğunlaşır, buradakı həyatın ritmini müəyyən edirlər. Dustaqların əsas kütləsini təşkil edən “mujiklər” isə həbsxana həyatının “qarışqaları”dır, xüsusiyyətidir, buradakı atmosferi, mənəvi mühiti yaradanlardır. Indi burada “oğru” yoxdur, “bratva” da yoxdur, özünü “blatnoy” hesab edənlər sabah “itlər”lə birinci toqquşmada hansı kökə düşəcəklər, bunu Allah bilir. Amma “mujik”lərin əksəriyyəti öz statusu ilə də buradan çıxacaq.
Dustaq elitası kütləni “haqq və ədalət” uğrunda işə səfərbər etməyi bacarmalıdır, bundan ötrüdür. Əgər bu elita və onun nəzərdə tutduğu tədbirlər olmasa, həbsxanalarda işgəncələrin hüdudlarını təsəvvür etmək olmaz. “It”lər belə hesab edirlər ki, biz cəmiyyətin zir-zibiliyik, bizi tamamilə sındırıb aradan qaldırmaq, döşəmənin altına yerləşdirmək lazımdır. Amma biz özümüzü zir-zibil saymırıq, əksinə, onları “musor” adlandırırıq, hesab edirik ki, onlar bizi məhv etmək planlarında haqlı deyillər. Dustaq elitası kütləvi etirazların təşkilatçısı olmağı bacarmalı və bundan ötrü hər cür əziyyətə qatlaşmalıdırlar. Kütləvi etiraz deyəndə, çoxları belə hesab edir ki, ancaq “bunt” nəzərdə tutulur. Amma bu, belə deyil. O qədər etiraz formaları var ki!.. Məsələn, eyni “lager”dən bir həftə ərzində yüzlərlə etiraz məktubları təşkil etmək olar…
Sən kamera mühitini keçmisən, həm də belə görünür ki, problemsiz keçmisən. Düşərgə oradakı həyatın davamıdır. Amma kamerada olan sərt qaydalar burada olmaya bilər. Kamera 10-15 adamın saxlandığı ağzı bağlı konserv qutusudur. Orada qaydalar çox sərt olmasa, hərə ağzına gələni danışsa, ağlına gələn hərəkəti etsə, adamlar bir-birini yeyib qurtararlar. Amma burada da ümumi etik qaydalar var ki, onlara əməl eləmədən yaşamaq mümkün deyil. Bu qaydalar dustaqlar arasındakı mehribançılığın təminatıdır. Dustaq nə qədər mehribandırsa, “ment” bir o qədər “işsiz”dir. Bu qaydalar ona görə lazımdır ki, “it”lər dustaqların həyatına müdaxilə etməyə bəhanə tapmasınlar.
ardı var