Bir müddət əvvəl müəammalı şəkildə qapadılan bankdakı əmanətlərin 71 faizi batdı
Avqustun 1-dən etibarən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu agent bankları vasitəsi ilə lisenziyası ləğv edilmiş “Royal Bank” ASC-nin əmanətləri qorunan əmanətçilərinə kompensasiyaların verilməsinə başlayacaq.
“APA”ın məlumatına görə, bunu Fondun icraçı direktoru Azad Cavadov dünən keçirdiyi mətbuat konfransında bildirib. O, bildirib ki, agent banklar qismində “Muğan Bank”, “AGBank” və “Bank Respublika” seçilib.
Bəlli olub ki, ümumilikdə kompensasiya ödəniləcək əmanətlərin həcmi 17,3 mln. manat, əmanətləri qorunan əmanətçilərin sayı isə 6 422 nəfərdir. Ümumilikdə bankın əmanətlər üzrə məcmu öhdəlikləri 58 mln. manata bərabər olsa da, qorunan həcm yalnız 17,3 mln. manatdır (29 faiz). Bu isə “Royal Bank”da əmanətlərin 71 faizinin batması deməkdir.
“Royal Bank”ın əmanətçilərinə ödəniləcək kompensasiyanın təxminən 8 mln. manatı “Muğan Bank”, 6,5 mln. manatı “AGBank”, 2,8 mln. manatı isə “Bank Respublika” tərəfindən ödəniləcək.
A.Cavadov bildirib ki, plana uyğun olaraq kompensasiyaların ödənilməsi prosesi 14 günə başa çatdırılacaq.
Məlumat üçün deyək ki, “Royal Bank” Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevə məxsusdur. Hələ bir müddət əvvəl Iranın çirkli pullarının “Royal Bank”da yuyulması barədə məlumatlar yayılmışdı. Bu barədə hətta məşhur “WikiLeaks” saytının yaydığı məxfi materiallarda da bəhs olunurdu. Həmçinin “Azadlıq” xəbər vermişdi ki, “Royal Bank” 100 min kart istehsal edib. Həmin kartlar Iran vətəndaşlarına verilib. Məsələdən xəbər tutan Qərb ölkələri dərhal bu barədə Azərbaycan hakimiyyətindən izahat tələb ediblər. Ilham Əliyevin tapşırığı ilə məsələnin araşdırılması Milli Təhlükəsizlik Nazirliyinə tapşırılıb. MTN-in apardığı araşdırmalar nəticəsində bəlli olub ki, “Royal Bank” Irandakı çirkli pulların yulmasında əsas vasitədir. Digər tərəfdən bu bankın rəhbərliyində təmsil olunan Əli Cam adlı Iran vətəndaşı qaranlıq işlərlə məşğuldur. Lakin bankın Ilqar Əliyevə aid olması üzə çıxandan sonra MTN araşdırmaları dayandırmalı olub.
“Royal Bank”ın bağlanmasının səbəblərindən biri kimi də bankın Iranla ilişgiləri göstərilir.