ibrahim ibrahimli-yeni

Hakimiyyət ciddi qeyri- müəyyənlik içərisindədir

ibrahim ibrahimli-yeni“İqtisadi imperiyalarını quran Paşayevlər təbii ki, siyasi imperiya barəsində də düşünürlər”

İbrahim İbrahimli: “Hakimiyyətin ötürülməsi modeli Azərbaycanda reallaşarsa, bu, ölkədə ciddi kataklizmlərin baş verməsinə gətirib çıxara bilər”

Hakimiyyət 2013-cü il prezident seçkisi ilə bağlı narahatlıq keçirdiyindən bu il ilə bağlı ciddi planlar işlənməkdədir. Bəzi məlumatlara görə, gələn seçkilərə qədər hakimiyyətdəki iriçəkili oliqarx-məmurların tabeliyində olan nazirlik və icra hakimiyyəti orqanları əllərindən alınacaq.
Bu addımın atılması isə səbəbsiz deyil. Iriçəkili oliqarxların zəiflədilməsi planı Paşayevlər qrupuna məxsusdur. Məsələ burasındadır ki, Ilham Əliyevin seçkiyə qatılacağı hələ qeyri-müəyyəndir. Bu halda hakimiyyət Paşayevlərin namizədilə iştirak edə bilər. Doğrudur, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı namizəd kimi hallanır. Lakin bu, az inandırıcı görünür.
Ilham Əliyev ehtiyat variant kimi daha çox Paşayevlərin namizədini görür. Ona görə həm də buna hazırlıq gedir.
Yəni 2013-cü il seçkisində ehtiyat variant, “b” planının işə düşəcəyi təqdirdə hakimiyyət daxilində hər hansı problem yaranmasın deyə, iri çəkili oliqarxlar zəiflədilir. Artıq prosesə start verilib. Çünki iri oliqarxlar Paşayevlərin mövqeyinin daha da möhkəmlənməsinin əleyhinədirlər. Məlumata görə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindən çıxarılması və “Azəryolservis”in şefi Cavid Qurbanovla nəqliyyat naziri Ziya Məmmədov arasındakı konflikt bunun təzahürüdür. Yəni artıq Cavid Qurbanov əvvəlki bossundan imtina etmək ərəfəsindədir.
Məlumatda deyilir ki, bu plan hələ bir neçə ay əvvəl düşünülüb. Ölkə başçısı Ilham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərmanı da bu planın tərkib hissəsidir. Sözügedən fərmanda icra başçılarına geniş səlahiyyətlər verilir.
Mövzu ilə bağlı IP Koordinasiya Şurasının üzvü Ibrahim Ibrahimli ilə danışdıq. I.Ibrahimli bildirdi ki, mövcud durumu şərtləndirən başlıca faktorlardan biri hakimiyyət düşərgəsində qeyri-müəyyənliyin olmasıdır. Ekspertin sözlərinə görə, seçkidə iştirak edən subyektlərin seçkiyə münasibətini müqayisə etmiş olsaq, hakimiyyətdə bir subyekt kimi daxili gərginliyin olduğu üzə çıxar. Hakimiyyətin seçkiyə münasibətinin qeyri-müəyyən qalacağı təqdirdə bu gərginliyin artan xətlə davam edəcəyini deyən I.Ibrahimli vurğuladı ki, bu proses xeyli müddət əvvəl başlayıb: “Ilham Əliyev BBC-yə müsahibəsində namizədliyini irəli sürməklə bağlı konkret fikirdə olmadığını deməsi, hakimiyyətdaxili qruplar arasında ciddi təşvişə səbəb oldu. Fikrimcə, Ilham Əliyevin birmənalı qərar verməməsi beynəlxalq vəziyyətlə bağlıdır. Bu gün istər Azərbaycanda, istər başqa ölkələrdə baş verən prosesləri dünya kontekstində qiymətləndirməyə ehtiyac var. Yaxın Şərqdə baş verən proseslər Qərbin demokratiyaya, diktaturaya olan münasibətini dəyişdi. Konkret aydınlaşmağa başladı ki, Qərb dövlətləri demokratiyanı seçirlər, yoxsa avtoritarizmə üstünlük verirlər. Bu baxımdan Qərbin Yaxın Şərq projesi sülalə hakimiyyətinə birmənalı son verməklə bağlı qərar oldu. Avtoritar rejimlərin qəbul edilməməsi və avtoritar rejimlər daxilində hakimiyyətin bir-birinə ötürülməsi qəbuledilməz hala gətirildi. Misirdə Mübarək və Qəzzafi hakimiyyəti oğluna, Ben Əli öz həyat yoldaşına ötürmək istəyirdi. Amma bu baş tutmadı və Qərb buna göz yummaq niyyətində olmadığını dedi”.
Rusiyada hakimiyyətin yenidən avtoritar lider – Putinə ötürülməsinin təsadüf olmadığını deyən I.Ibrahimli bildirdi ki, bu daha çox bu dövlətin xüsusiyyətləri və hazırda burada cərəyan edən proseslərlə bağlıdır. Amma digər MDB ölkələrində Rusiya modelinin təkrarlanmasının qəbuledilməz model olduğunu deyən I.Ibrahimli vurğuladı ki, Qərb bunu qəbul etməyəcək. Və bu model Azərbaycanda reallaşarsa, ölkədə ciddi kataklizmlərin baş verməsinə gətirib çıxara bilər: “Belə informasiya yayılmaqdadır ki, Ilham Əliyev namizədliyini verməyəcəyi təqdirdə Paşayevlərin namizədliyi irəli sürülə bilər. Bu isə Mehriban Əliyeva olacaq. Paşayevlərin hakimiyyət ehtirası uzun müddətdir ki, göstərilir. Əvvəlcə onlar bir qüvvə kimi mülkiyyətin yenidən bölüşdürülməsi, iqtisadi iimkanlarının genişləndirilməsi istiqamətində addımlar atdılar. Zaman keçdikcə Paşayevlər Əliyevləri küncə sıxışdırdı, hətta onların ən yaxın adamlarının mal-mülkünə əl də qoydular. Iqtisadi imperiyalarını quran Paşayevlər təbii ki, siyasi imperiya barəsində də düşünürlər. Amma Ilham Əliyevin hakimiyyəti Paşayevlərə və ya Ramiz Mehdiyevə ötürəcəyi ilə bağlı informasiyaların yayılması daha çox iqtidarda namizədin hələ müəyyənləşdirilməməsi bağlıdır. Bu da dünyada gedən proseslərlə əlaqəlidir”.
Ötən müddət ərzində hakimiyyətin strateji seçimini də etdiyini deyən I.Ibrahimli vurğuladı ki, hakimiyyət daxili və xarici təzyiqlərin təsiri altında strateji seçimini edib. Izmir, Transanadolu müqavilələrinin bağlanmasının buna misal olduğunu söyləyən I.Ibrahimli qeyd etdi ki, Azərbaycan zor və ya xoş yol ilə Qərbə inteqrasiya kursunu seçibsə, deməli, ölkədə antidemokratik modellərin tətbiqinə deyil, demokratik modellərin gerçəkləşdirilməsinə şərait yaratmalıdır: “Azərbaycan hakimiyyəti istəsə də, istəməsə də sülalə rejiminə əlvida deməlidir. Çünki iki təzadlı siyasəti bir yerdə yürütmək olmaz”.

Xəyal