Sakinlər rayonda vəhhabilərin qadınları zorladığını deyir, DIN isə məlumatların əsassız olduğunu bildirir
Bir neçə gündür ki, vəhhabi təriqətinə mənsub bir qrup şəxs gecələr tənha qadınların evlərinə daxil olub, onların döşlərini kəsir və işgəncə ilə öldürürlər.
Bu barədə xəbəri “Vətəninfo.az” saytı Qərb bölgəsinin sakinlərinə istinadən yayıb. Məlumata görə, sonuncu belə hadisə avqustun 30-da baş verib. Bir qrup şəxs Daşkəsən rayonunun Xoşbulaq kəndində 3 tənha yaşayan qadının döşünü kəsərək qaçıblar. Əhali təşviş içindədir və gecələr yatmayaraq evlərin önündə növbə çəkirlər.
“Mərkəz.az” saytı isə xəbər yayıb ki, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşı polis mayoru Allahverdi Cəfərov rayonda baş vermiş olayla bağlı məlumatı təsdiqləyib. Onun sözlərinə görə, vəhabilər qadınlara hücum edir və onları zorlayır: “Onlar qadınlara təcavüz edirlər. Elə belə də yazın”.
DIN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə “Azadlıq”a bildirib ki, bu məlumatların heç bir əsası yoxdur. DIN rəsmisinin sözlərinə belə məlumatlar məqsədli şəkildə əhalidə qorxu yaratmaq üçün yayılır. Orxan Mansurzadə həmçinin əlavə edib ki, Daşkəsən rayon Polis Şöbəsində Allahverdi Cəfərov adlı polis əməkdaşı yoxdur.