AXCP fəalı ilə “profilaktik” söhbət

Üç nəfər naməlum şəxs partiyanın Sumqayıt şöbəsinin sədr müavininə “yaxşı xəbər” vəd ediblər

Naməlum şəxslər AXCP-nin Sumqayıt şöbəsinin sədr müavini Elşən Ağayevlə profilaktik söhbət aparıblar. Bu barədə “Azadlıq”a Elşən Ağayevin özü məlumat verib. O, deyib ki, hadisə dünən olub:
“Anam zəng edib mənə dedi ki, evə üç nəfər gəlib səni soruşurlar. Özlərini istintaq şöbəsinin əməkdaşları kimi təqdim ediblər. Amma konkret hansı qurumdan olduqlarını deməyiblər. Deyiblər ki, Bakıdan gəlmişik. Mən onlarla danışdım və bildirdim ki, məhəlləmizdəki çayxanada oturub söhbət edə bilərik. Onlar mənə də bildirdilər ki, Bakıdan gəliblər, istintaq şöbəsinin əməkdaşlarıdırlar. Adlarını soruşdum. Yalnız biri dedi ki, adım Vüqardır. Digərləri adlarını söyləmədilər. Mənə hədə-qorxu gəlməsələr də, müxalifətdə olduğumu irad tutdular. Dedilər səni tanıyırıq, vətənpərvər oğlansan, millətini, dövlətini sevirsən, amma nahaq müxalifətə qoşulmusan. Mən isə bildirdim ki, bu mənim mövqeyimdir. Müxalifətə qoşulub millətə, dövlətə qarşı çıxmıram. Bir qədər söhbətdən sonra mənə dedilər ki, telefonunu açıq saxla, yaxın günlərdə yaxşı xəbər eşidəcəksən. Xəbərin konkret nədən ibarət olduğunu demədilər. Mən isə bildirdim ki, telefonum həmişə açıqdır. Heç bir gizli, qanunsuz işim yoxdur”.