ABŞ İrana qarşı cəbbəxana yaradır

Vaşinqton Körfəz ölkələrini sürətlə silahlandırır

Iranın nüvə proqramı ətrafında yaranmış gərginlik və Qərbin Tehran rejimini yola gətirmək üçün diplomatik həmlələri davam edir. Iranın vurulmasını qaçılmaz hesab edən Israildən fərqli olaraq ABŞ problemi diplomatik səylərlə yoluna qoymağa çalışır. Konqresin yuxarı və aşağı palatası Irana qarşı sanksiyaların genişləndirilməsinə dair birgə qanun layihəsini razılaşdırıblar.
“Reuters”in xəbərinə görə, layihənin parlament tətilə başlayana qədər Nümayəndələr Palatası və Senatın təsdiqindən keçəcəyi gözlənilir. Yeni sanksiya paketi Irandan neft idxalına qüvvədə olan sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur. ABŞ-ın müttəfqi kimi tanınan Yaponiya isə ötən ay ərzində Irandan neft idxalını artırıb.
Tehran rejimi isə geri çəkilmək niyyətində deyil. Əksinə, önləyici addımlar atmağı planlaşdırır. Ölkənin ali dini lideri Əli Xamneyi neft satışını tamam dayandırmağı, onun əvəzinə elmi sənayeyə diqqət ayırmağı tövsiyə edib. Dini lider Qərbin birtərəfli sanksiyalarına qarşı Iran iqtisadiyyatının ayaqda qaldığını və bu günlərin də zəfərlə geridə qalacağını söyləyib.
Iyulun 1-dən Avropa Birliyinin Irandan neft idxalını qadağan edən sanksiyaların qüvvəyə minməsindən sonra Tehran rejimi dünya enerji bazarı üçün mühüm əhəmiyyət kəsb edən Hörmüz boğazını bağlamaqla hədələyib. Bu məqsədlə qanun layihəsi parlamentə təqdim olunub və təsdiqlənib. Ancaq hələ ki, Iran konkret addım atmayıb. Ölkənin hərbi komandanlığının nümayəndəsi Məsud Cəzayeri bildirib ki, Qərb Tehranın maraqlarına toxunmayana qədər Iran Hörmüz boğazını bağlamayacaq.
Irana dərhal hərbi müdaxiləyə israr edən Israil ordusunun  baş qərargah rəisi Beni Qantz maraqlı açıqlama verib. Onun sözlərinə görə, Iranın sahib olduğu raketlər Israili yox edəcək gücdədir. Israilin arxa cəbhəsi Iranın cavab hücumlarının qarşısında dayanacaq gücdə deyil: “Israilin hücumu Irana çox az zərər verəcək. Lakin Iranın Təl-Əvivə raket atması çox ağır insan itkisinə səbəb ola bilər”.
Iran ilə yaşanan gərginlik ABŞ və bəzi Avropa dövlətlərinin Körfəz ölkələrinə silah satışlarını artırıb. ABŞ Müdafiə Nazirliyi son iki ay ərzində Qətər və Küveyt kimi Körfəz ölkələriylə ümumi dəyəri 11.3 milyard dollar həcmində silah satışına dair razılaşmaları Konqresin təsdiqinə göndərib. Yaxın Şərq və Körfəz ölkələri üzrə ekspert Teodor Karasik iddia edir ki, ABŞ və Körfəz ölkələri Irana qarşı böyük cəbbəxana yaradır.