“Regiondakı qeyri-sabitlik terrorçuluğun yayılmasına zəmin yaradır”
ABŞ Dövlət Departamenti terrorçuluğun yayılmasına həsr olunmuş son hesabatında Qafqaz regionu barədə həyəcan təbili çalıb. Sənəddə bildirilir ki, Qafqazdakı qeyri-sabitlik Rusiyada terrorçuluğun yayılmasına zəmin yaradır. Ötən il ərzində baş verən hadisələrin təhlilinə əsaslanan hesabatda separatçılıq, etnik münaqişələr və ekstremizm ideologiyası zorakılığı qidalandıran əsas faktorlardan olduğu deyilir.
Hesabat müəllifləri misal olaraq Domodedovo hava limanı ilə yanaşı Kabarda-Balkar Respublikasında baş verən hücumları qeyd edib. Dövlət Departamentinin sənədində deyilir ki, Rusiya esktremizmin yayılmasının qarşısını almaq məqsədilə mötədil dini təşkilatlarla əlaqələrin inkişafına çalışır. Bununla yanaşı saxtalaşdırılması daha çətin olan yeni biometrik pasportların sayının artdığı qeyd olunur.
Yeni hesabata istinadən Rusiya mal-mübadiləsinə nəzarəti gücləndirmək məqsədilə xaricdən gələn yüklərin tərtibində sənədsiz texnologiyanın istifadəsini mənimsəməkdədir.
Dövlət Departamenti ötən il ərzində anti-terrorçuluq əməkdaşlığı baxımından NATO-Rusiya əməkdaşlığında irəliləmənin olduğunu bildirib.