Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı Istintaq Təcridxanasında saxlanılan vicdan məhbusu Taleh Xasməmmədov “Azadlıq”a məktub göndərib. Məktubda deyilir:
“Mən Ucar RPŞ rəisi Tahir Quliyev, onun müavini Ilham Əhmədov və məhkəmə hakimi Çingiz Isgəndərovun planlaşdırıb hazırladıqları qondarma ittiham əsasında 9 ay öncə həbs edilmişəm.
20.04.2012-ci il tarixli sifarişli məhkəmə hökmü ilə AR CM-in 221.3 və 315.1 maddələriylə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum olunmuşam. Hökmdən apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin icraatındadır.
Qondarma ittihamla şərlənərək həbs edilən Fuad Hüseynovun hüquqlarını müdafiə etdiyim və bu cinayətkar dəstənin əməllərini ictimailəşdirdiyim üçün Ucar RPŞ-də məni şərləyərək həbs etdilər.
F.Hüseynov rayon sakinlərinin pozulmuş hüquqlarını fəal şəkildə müdafiə və bu cinayətkar dəstənin əməllərini ifşa etdiyinə görə qondarma ittihamla həbs edilib. Mən onun müdafiəsinə 2011-ci ilin iyul ayından qoşuldum və qondarma ittihamla həbs olunmağına dair kifayət qədər mötəbər sübutlar əldə etdim. Həmçinin Ucar RPŞ rəhbərliyi, məhkəmə hakimi Ç.Isgəndərovun cinayət etməkdən çəkinmədiyini faktlarla aşkar etdim. Bu cinayətkar dəstə təhlükəli olan cinayətlərə göz yumur, eləcə də insan və narkotika alveriylə məşğul olur. Bu cinayət əməlləri barədə müvafiq orqanlara müraciət etdiyim vaxtda mənim Ucar RPŞ-yə gedərək xuliqanlıq etməyim necə inandırıcı görünə bilər? Özü də məndən qat-qat canlı, qüvvətli və 12 nəfər polis əməkdaşlarına qarşı. Bu, analoqu olmayan həyasızlıq və biabırçılıqdır.
Şirvan Apelyasiya Məhkəməsində şikayətimlə bağlı 10.07.2012-ci ildə keçirilən məhkəmə iclasında “ananı, bacını düşünürsənsə, özünü ağıllı apar” deyərək məni ailəmlə təhdid edən I.Əhmədovun ailəsi alkoqol xəstəsi olan bu adamdan ayrılıb. O, barəmdə olan qondarma cinayət işində zərərçəkmişdi. Digər zərərçəkmiş RPŞ-nin təhqiqatçısı Mahir Isayev də narkotikdən asılıdır. O, polisə işə düzələnə qədər meyxana deməklə məşğul olub. Ailə tərkibi də cürbəcür saxtakarlıqla məşğul olan adamlardır. Bu dəstənin əməllərini ictimailəşdirərək ifşa etdiyimiz üçün onlar bizi şərləyərək belə bir rəy yaradıblar ki, biz dövlətin əleyhinəyik. Bəyəm adam şərləyib həbs etmək, insan və narkotik alveriylə məşğul olmaq, cinayətkarları himayə etmək, narkotik aludəçisi olmaq dövlət və hakimiyyətin məqsədidir?
Mətbuat vasitəsilə dövlət başçısına müraciət edərək ədalətin bərpasında bizə yaxından kömək göstərməsini xahiş edirəm”.
Sosial şöbə