Əfsanəvi Fələstin liderinin öldürüldüyü haqda rəsmi iddia hazırlanır
Fransadakı hərbi xəstəxanada müalicə alarkən 2004-cü il noyabrın 11-də 75 yaşında dünyasını dəyişən Fələstin muxtariyyətinin əfsanəvi lideri Yasir Ərəfatın ölümüylə bağlı iddialar səngimir. Ərəfatın həyat yoldaşı Süha Ərafat əfsanəvi liderin sui-qəsdə uğraması iddialarıyla bağlı Fransadakı Nant şəhər hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib. Əlavə edək ki, Qətərin “Əl- Cəzirə” kanalında Yasir Ərəfatdan bəhs olunan sənədli filmdə onun şəxsi əşyalarında “polonium” aşkarlandığı haqda məlumat Fələstin liderinin öldürülməsi iddialarını gündəmə gətirmişdi.
Paris yaxınlığındakı Nant məhkəməsinə müraciət edəcəyini deyən Süha Ərəfat “Ərafatı İsrail öldürdü” iddialarına baxmayaraq nə bir dövlət, nə bir qrup, nə bir şəxsi günahlandırmadığını bildirib. Süha Ərafatın müraciətinə Nant şəhərinə Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə yaxınlığı ilə tanınan prokuror Filip Korye baxacaq. Prokuror Fransanın hüquqi olaraq müraciəti müzarkirə edib-etməyəcəyi və sadalanan səbəblərin cinayət işinin açılmasına yetərli olub-olmayacağına qərar verəcək.
Xatırladaq ki, iyulun əvvəlində İsveçrədəki laboratoriya tərəfindən aparılan və “Əl-Cəzirə” televiziyasında yayımlanan analiz nəticələrinə görə, Yasir Ərəfatın şəxsi əşyalarında bəzi xüsusi xidmət qurumlarının istifadə etdiyi ölümcül radioaktiv gücə sahib polonium maddəsi təsbit olunub. Aşkarlanan maddənin miqdarı həddindən artıq olub. Fələstin liderinin ani ölümü böyük şübhə oyandırmış, həkimlər Ərafatın ölüm səbəbini dəqiqləşdirə bilməmişdi. Onun həyat yoldaşı Süha Ərafat “Əl-Cəzirə”yə açıqlamasında “Həyat yoldaşım öldürüldü. Amerika və İsrail onu sülhün qarşısında mane kimi gördüyü üçün zəhərlədilər. Ərafat Fələstin dövlətini görmək istəyirdi, bu səbəblə ondan xilas oldular” söyləmişdi.