Ərdoğan Obama ilə Suriyanı müzakirə etdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ötən axşam ABŞ prezidenti Barak Obamaya zəng vurub. “Anadolu” agentliyi xəbər verir ki, 36 dəqiqə davam edən danışıq vaxtı iki ölkənin lideri Suriyanı, xüsusilə Bəşər Əsəddən sonra bu ölkədəki vəziyyəti müzakirə edib.

Prezident Obama Suriyada demokratiyaya keçid prosesini dəstəkləmək üçün Türkiyə və ABŞ rəsmilərinin göstərəcəyi bircə səylərin vacibliyini vurğulayıb. Bundan başqa hər iki ölkə rəhbəri başda Hələb şəhəri olmaqla Suriyanın müxtəlif yerlərində mülki əhaliyə istiqamətlənmiş zorakılıq hallarına görə narahat olduqlarını ifadə ediblər.

Telefon danışığının sonunda isə Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Kolorado ştatında baş vermiş faciəvi hadisəyə görə, Barak Obamaya başsağlığı verib.