Tələbə vaxtı bir dostum hər istirahət gününün sonunda deyirdi ki, bəli, artıq sabahdan yeni həyata başlayacam. Amma sabah gəlirdi, bir sabah o birisini yola salırdı, o isə yeni həyata başlaya bilmirdi. Indi özümü də, elə hamımızı da həmin dostumun yerində hiss edirəm. Bəzən beynim fatal fikirlərlə dolur və düşünürəm ki, artıq ömrün elə çağıdır ki, yeni həyat haqda düşünmək və baş sındırmaq mənasızdır, çünki ömrün elə vədəsi olur ki, onu sadəcə başa vurmaq məcburiyyətində qalırsan. Elə nəsil də insan kimidir. Nəsil də gənc olur və qocalır, onu başqa bir nəsil əvəz edir…
Bəzən siyasətdən yazmaq da məni bezdirir. Belə olanda deyirlər ki, yəqin ki, filankəsin könlündən kabinet keçir. Yox, elə deyil. Kabinet həyatını da azca yaxından müşahidə etmək nəsib olub bizə. Sizə deyim ki, çox yorucudur və darıxdırıcıdır. Məmurlar əslində dünyanın ən yazıq adamlarıdı. Təbii, burada bizim məmurlardan söhbət getmir, mən normal, azad ölkələrin məmurlarını nəzərdə tuturam. Bu, elə işdir ki, gərək, onun “xəstəsi” olasan, ondan həzz alasan, başqa cür məmur olmaq çətin məsələdir. Elə siyasət də belədir. Bu məsələdən yazmaq adamı bezikdirir, ondan qala, hər gün onunla bilavasitə məşğul olasan. Mənim bir dostum vardı, jurnalistikanı atıb siyasətlə məşğul olmaq qərarına gəlmişdi. O vaxt ona dedim ki, səhv edirsən, bu siyasətçilik var, o, sənlik deyil, bezəcəksən, darıxacaqsan. Qulaq asmadı. Amma axırda mən deyən oldu. Adam bir çox hallarda nəyəsə özünü inandıra bilmir. Lakin siyasətdə sən başqalarını inandırmalısan. Inamın o qədər güclü olmalıdır ki, o, başqalarına da sirayət etmək iqtidarında olsun. Mən müxalifət dairəsində bir-iki belə adam tanıyıram. Qalanların özünə ümid verən lazımdır, onlar bir vaxt kabinetlərinin qapısını açıb dəhlizə çıxırdılar ki, bəlkə insanlarla söhbət onların özünə bir müsbət impuls verdi…
Bunları peşmançılıq notları kimi də qəbul edənlər olacaq. Amma mən peşiman deyiləm. Daha doğrusu, etdiyim işlərə görə peşiman deyiləm, etmədiyim işlər üçün peşimanam, gərək, digər işləri də görəydim. Yaşa dolduqca bir vaxt akademik A.Miqdalın dediyi sözü daha çox başa düşürəm. O deyirdi ki, həyat elə bir şeydir ki, onu bütünlüklə heç nəyə həsr etmək olmaz, həmişə gərək başqa işlər üçün vaxt saxlayasan və özünü yeknəsəqlikdən qoruyasan. Biz bunu bacarmadıq və həyatımızı da yeknəsəqliyin əsirinə, girovuna çevirdik. Indi mən nə edirəm? Yazı yazıram və yazımı oxuyanların təxmini sayına baxıram. Hər gün belə keçir. Özüm də bilmirəm, mən siyasi yazı yazıram, yoxsa gündəlik? Amma bu həyat başqa cür də ola bilərdi. Mən bunu etməli idim, amma etmədim. Indisə heç bir şey könlümü açmır. Baxıram, insanlar hətta öz adi qeydlərini də toplayıb kitaba salırlar, kitab buraxırlar. Amma mən bir dəfə yazıram və onu artıq ikinci dəfə oxuya bilmirəm. Mənə elə gəlir ki, kitab yazmaq tamam başqa bir şeydir. Bu maraqlı işdir. Amma jurnalistika zəli kimi adamın beynini sorur, sonraya bir şey qalmır. Ağlına bir fikir gəlir və dərhal onu yazıya çevirirsən, axı hər gün yazmaq məcburiyyətindəsən. Beləcə, heç bir fikir dərinləşmir, sanballı şeyə çevrilmir, hər şeyin üstündən ötəri keçməli olursan. Jurnalistikanın qüsuru varsa, birinci yerdə məhz budur.
Düzdür, bir çox jurnalistlər böyük yazıçıya çevriliblər (Q.Markes, T.Drayzer və b.). Görünür, onların beynində o qədər fikir cəmləşib ki, jurnalistiska küləyi bu fikir dağını sovura bilməyib. Amma böyük jurnalistlər də olub. Məsələn, A.Bovin kimi. Həm qəzet üçün yazırdı, həm də kitab üçün, üstəlik, həyatı da çox maraqlı idi – baş katibin nitqlərini yazmaqdan səfirliyə qədər yol keçmişdi. A.Mixnik də maraqlı tipdir. Düzdür, kitablarını oxumamışam, amma yazılarından xəbərim var və hətta özünü də görmüşəm. Nə isə. Insanlar çoxdur, hamısı da biri-birindən maraqlıdır. Gəl, biz maraqlı ola bilmədik. Hər halda, mən belə düşünürəm…
Kiçik sözardı
Bu yazını da belə başa vurduq. Oxucuların səbrini sınağa çəkmək olmaz. Di gəl, bəzən belə alınır. Nə etmək olar? Köşə yazısı daha çox essedir. Bunları bizim oxucular nəzərə alamamış olmazlar. Hər halda, sağ olsunlar. Bizim bu yazıları oxuduqlarına görə…

Özəl qeydlər…
•