O gülləni Həsən bəy Zərdabiyə niyə atmışdılar?

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) Qubada keçirmək istədiyi bir maarifləndirici tədbir üzündən rayonda az qala fövqəladə vəziyyət elan edilməsindən, Quba polisinin hansısa mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirmişcəsinə küçələrə tökülməsindən xəbəriniz var. Xəbəri olmayanlar adıçəkilən qeyri-hökumət təşkilatının bu barədə məlumatını tapıb oxusunlar.
Oxusunlar, bir maarifləndirici tədbirə qarşı icra hakimiyyətindən polisinədək bir rayonun bütün güclərinin necə səfərbər edildiyini görsün və bizim hansı ölkədə, hansı şərtlər altında mübarizə apardığımıza bir daha əmin olsunlar.
***
Azərbaycanın ən dəyərli, vicdanlı adamlarından biri olduğuna şübhə etmədiyimiz Mehman Əliyev isə təzəlikcə dedi ki, biz artıq avtoritarizmdən demokratiyaya keçirik. Əli Həsənovla bir-iki görüşdən sonra Azərbaycandakı rejimin çirkin xislətinə, mutant mahiyyətinə ən çox bələd olan adamlardan birinin bu qədər ümidlənməsi, nikbin olması mənə hələ də çox qəribə, anlaşılmaz görünür.
Düşünürəm: bəlkə də bizim illərdən bəri hədəflərimizə, məqsədlərimizə çatmamağımızın, çata bilməməyimizin ən əsas səbəblərindən biri bunca yaşananlara, baş verənlərə baxmayaraq sistemi hələ də yaxşı tanımamağımız, onun iç üzünə, onun nə yuvanın quşu olduğuna dərindən bələd olmamağımızdır.
Ondan hələ də hüquqa, qanunlara sayğı gözləməyimizdir.
Onun hələ də ziyanın bir yerindən dönəcəyinə, azadlıqlara hörmətlə yanaşmağa başlayacağına inanmağımızdır.
Anlamaq çətindir: axı bu rejim daha hansı pisliyin, hansı rəzalətin altına imzasını atmalıdır ki, ondan hansısa yaxşı gözlənti içərisində olmayaq?
Buyurun, “avtoritarizmdən demokratiyaya keçən” ölkədə allahın maarifləndirici tədbirini keçirməyə belə, icazə vermirlər. Tədbirin keçiriləcəyi restoranların üstünə polis göndərirlər. Tədbiri təşkil edənlərin qapısı ağzında polis pusqusu qururlar ki, evdən çıxan kimi qoluna qandal vurub hansısa maddə ilə içəri atsınlar.
Yəqin sonra hadisələr aşağıdakı ssenari üzrə davam edəcəkdi: biriləri gedib bu həbsin qanunsuz olduğunu Əli Həsənovla müzakirə eləyəcək, Əli Həsənov da özü üçün guya hansısa qeydlər götürəcək, söz verəcəkdi ki, araşdırmalar aparıb lazımi ölçü götürəcəklər. Lap axırda isə bütün bunların adı “avtoritarizmdən demokratiyaya daha bir keçid” olacaqdı.
Görün, hardan hara gəlib çıxdıq. Görün, nə ilə təsəlli veririk özümüzə. Görün, bizi nə ilə təbrik edirlər – “dütdülü” ilə.
150 il əvvəl atılan güllənin bugünkü əks-sədası
Qubada SMDTM-nin maarifləndirici tədbiri ilə bağlı baş verənləri oxuyanda bundan əsr yarım əvvəl, daha dəqiq desək, 1858-ci ildə yenə Qubada baş verən bir hadisəni xatırladım.
Azərbaycanın görkəmli maarifçilərindən Həsən bəy Zərdabi Qubada – ona böyük hörmətlə yanaşan məhkəmə hakiminin yanında katib kimi işə başlayır. Həsən bəy katiblikdən çox, yeni qanunları camaata başa salmaqla, onlara hüquqlarını anlatmaqla məşğul olur.
Bu isə ona rüşvətxor məhkəmə işçilərinin, pulgir vəkillərin, acgöz polislərin, fırıldaqçı tərcüməçilərin nifrətindən başqa heç nə qazandırmır. Niyə də nifrət etməsinlər ki? Zərdabinin ucbatından zərərə düşürlər, qaz vurub qazan doldurmaqdan məhrum olurlar.
Həsən bəyə özünü yığışdırması, camaatın gözünü açmaqdan əl çəkməsi üçün ard-arda xəbərdarlıqlar gəlir. Amma Zərdabi geri çəkilmir. Savadsız xalqa haqq və hüquqlarını anlatmağa davam edir.
Quru hədə-qorxulardan bir şey çıxmadığını görənlər Həsən bəyi aradan götürməkdən başqa çarələrinin qalmadığını anlayır, 1858-ci ilin soyuq bir mart gecəsi onun ölümünə fətva verirlər.
Zərdabi gecəyarısı hələ də işləyərkən kabinetinin pəncərəsindən açılan güllə xoşbəxtlikdən Həsən bəyin başının üzərindən keçir və divara dəyir.
Bəlkə aradan 154 il keçəndən sonra Qubada maarifçi tədbir keçirmək istəyənlərə güllə atılmamasını, sadəcə, tədbiri keçirməyə icazə verməməklə kifayətlənilməsini Zərdabinin başına gələnlə müqayisə edib çox insaflı, humanist hərəkət saymaq, hətta “demokratiyaya doğru bir addım” adlandırmaq olar.
Bəlkə elə Mehman müəllim də “avtoritarizmdən demokratiyaya keçid” deyəndə bunu nəzərdə tutur, hardan biləsən?!