Məsciddən başlanan etirazın nəticəsi

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Səhəri gün dəstə rəisi iclas edəcəyini bildirdi. Hamıya qəribə gəldi. Həbsxanada iclas ideyası, hətta köhnə dustaqları da şaşırtmışdı. Bu dəstə rəhbəri yeni idi. Baş leytenant Sabir. Haradan gəlib çıxdığı bəlli deyildi. Amma “UITI” sistemində yeni olduğu söylənilirdi. Leytenant dünənki məsələni müzakirəyə çıxarmışdı: “Kim xəstədir və hansı xəstəliyi var?”
Bugünlərdə korpusdakı dustaqların sayı 60-70-i haqlamışdı, bir ucdan da gətirirdilər. 20 nəfərə qədər müxtəlif dərəcəli xəstəliyi olan adam meydana çıxdı. Baş leytenant elan etdi ki, bu adamlar günorta yeməyindən sonra bir saat uzanıb yata bilərlər.
“Amma xəstələr azdır. Burada qoca kişilər var, onları da nəzərə almaq lazımdır”, – dedim.
10-15 nəfər də beləsi çıxdı. Yaşı 55-dən yuxarı olan dustaqlar bundan çox deyildi. Ümumi hesabda dustaqların təqribən yarısı günorta yuxusu əldə etdi. Amma bu adamların dəqiq qeydiyyatını kim aparacaqdı? Günorta baraka girən nəzarətçi bu adamları bir-bir durğuzub onların şəxsiyyətini müəyyən etməyəcəkdi ki! Aydın məsələdir ki, günorta yatanlar başlarını milçəyə qarşı effektiv, istiyə görə isə nazik materiya ilə bürüyüb yatmalı idilər. Doğrudur, ilk vaxtlar nəzarətçilər bu anlaşılmazlığı necə yoluna qoymağın çəmini bilmirdilər. Amma sonra öyrəşdilər. Hər gün beş-altı nəfər günorta yuxusu istəyən tapıldı ki, bir-iki manat pul yığıb onlara versin və beləliklə, nəzarətçilər də vəziyyətdən məmnun qalmağa başladılar. Amma bir həftə sonra rəis səhər yoxlamasına gəldi və elan etdi:
– Bu anlaşılmazlıq ortadan qaldırılır! Günorta hamı 2 saat yata bilər!
Bu, böyük hadisə idi. Və təbii ki, mən bunu məsciddən başlanan etirazın nəticəsi kimi qəbul etdim. Bu olay həm də ona görə böyük hadisə idi ki, həbsxanadakı qəddar və olduqca sərt rejim bir qədər humanistləşdi. Və biçarə Hüseyn (onun əsl adı Vədut idi, amma bu ad çətin olduğuna görə hamı onu, sadəcə, Hüseyn adlandırırdı) azana görə müdiriyyətdən icazə almaq lazım olduğunu deyəndə, bəlkə də səhv etmirdi. Yeni yaranan bu həbsxananı yenidən təşkil edəndə özülü elə möhkəm qoymaq istəyiblər ki, sonradan laxlama baş verməsin.  Həbsxanada “laxlama” nə ola bilər? Ya rejim qaydaları dağılır və “zon” oğru qaydalarının təsiri altında idarə olunur, ya da belə bir fövqəladə hal yaranmadan, dustaqlara insan kimi yanaşma zərurəti qəbul edilir. Bəxtimizdən, 17-ci zonun rəisi də yeni adam idi. Əvvəllər Şüvəlanda xüsusi hissənin rəisi olmuşdu, oradan da 2008-ci ilin fevral ayının axırlarında buraya rəis vəzifəsinə göndərilmişdi. Rəis köhnə olanda onun gözlənilməz qaydaları da çox ola bilir. Amma yeni rəis bütün hallarda gözlənilməzliklərdən qaçır, özünü doğrultmağa çalışır, xarakterində humanizm meylləri bir qədər normada olanda isə dustaqların rahat nəfəs almasına pis baxmır. Axı, nəfəs almadan yaşamaq olmur. Oksigen hamıya lazımdır.
Bu oksigeni isə tütün tüstüsü ilə qarışdırmaq lazım deyil. Bu günlərin birində rejim əməliyyatçılarından biri məsciddə siqaret çəkən bir dustağı yaxaladı. Onu Idarəyə apardılar. Yəqin ki, hansısa formada cəzalandıracaqdılar. Amma adam bir neçə saatdan sonra heç nə baş verməmiş kimi geri qayıtdı. Doğrudur, yalandan özünü əzib-büzdü ki, guya onu orada necə lazımdır isladıblar, amma heç kim buna inanmadı. “Zon”da baş verən hadisələri ayıq gözlə izləməyə çalışan dustaqların hamısı təəccüb və şübhədə qaldı. Elə həmin gün axşam həbsxana əməkdaşlarından biri mənə maraqlı məlumat sızdırdı. Bəlli oldu ki, məsciddə siqaretlə yaxalanan bu tip, əslində “operçast”ın ibadət otağına təhkim etdiyi “göz”dür. O, vaxtının çoxunu orada keçirməli, adamların ibadətdən başqa hansı işləri gördüyünü, özəlliklə də mənim məsciddə kimlərləsə xüsusi söhbətimin olub-olmadığını öyrənib Idarəyə “taqqıldatmalıdır”. Məni gülmək tutdu. “Ment” təəccüblə: “Nəyə gülürsən, doğru deyirəm”, – dedi.
Mən gülməyimin səbəbini izah etdim:
– Bilirsən, bu xaraba ölkədə hamı rüşvətlə, korrupsiya ilə məşğuldur. Hətta iş o yerə çatıb ki, hansısa ucqar türmədə xəbərçilik işinə cəlb edilmiş ən xırda element də “korrupsiya” olmadan başını girləyə bilmir. Bu adama tapşırılıb ki, oradan xəbər ötür, o da orada oturub siqaret fısqırdır, içəriyə bir adam gələndə isə durub aradan çıxır. Belə xəbərçilik olar? Xəbərçi orada o vaxt oturmalıdır ki, adam olsun…
Bu adam barədə yalnız Talehə nəsə dedim. Dedim ki, ehtiyatlı olsun. Bu, həbsxanada xəbərçilik edən birisi haqqında əldə edə bildiyim ilk məlumat idi. Amma bu cür xəbərlər hələ çox olacaqdı. Sadəcə, düzgün mövqedə dayanmaq, adamların etibarından sui-istifadə etməmək, buradakı mərdiməzar olmayan adamlara dəyə biləcək ziyanı önləyə bildiyin qədər önləmək lazımdır.
Məsciddə isə heç bir problem yaşanmırdı. Doğrudur, “zon”da gözdən uzaq yerlər, demək olar ki, yox idi, hər tərəf ovuc kimi göz qabağında idi, amma ibadət otağında da kimlərinsə məxfi söhbət aparacağı, oranı “razborka” yerinə çevirəcəyi kimi bir ehtimal ola bilməzdi. Hamı dəqiq hesablamışdı ki, bu otağın əsl ibadət otağı halına gəlməsi üçün əziyyət çəkilib və buna görə də oraya kənar məqsədlərlə burun soxmaq lazım deyil.
Yeri gəlmişkən, “zon”a komissiya-filan gələndə də həbsxana təmsilçiləri bu səliqəli ibadət otağını hökmən göstərməyə çalışırdılar. Hərçənd, bu ibadət otağında həbsxana mənşəli avadanlıq demək olar ki, yox idi. Oraya xalça sərilmiş, divar boyu döşəkçələr atılmış, dustaqların gətizdirdiyi dini ədəbiyyat hesabına balaca bir kitabxana yaradılmışdı…
Korpusda az adam olduğunu qeyd etdim. Ona görə də fərqli adamları daha rahat sezmək mümkün idi. Burada, hələlik, gəncəlilərin, yevlaxlıların, sumqayıtlıların və Bakı uşaqlarının məhdud qruplaşmaları vardı. Ən böyük ailə də Gəncə uşaqlarının çoxluq təşkil etdiyi “xlebnik” qrupu idi. Bunların arasında birisi xüsusi türmə təcrübəsi olan adam kimi diqqəti cəlb edirdi. Orta boylu, arıq, amma arıqlığına görə bir qədər enli bədən tutumu, uzun, qartalvari əyri burnu, iti baxışları olan qarabəniz gənc idi. O, həm də yaxşı Quran oxuyurdu və mən bu korpusa gələndən 3-4 gün sonra dustaqlardan birinin rəhmətə getmiş yaxın adamı üçün verdiyi ehsan süfrəsi zamanı “Yasin” oxudu. Doğrudur, avazında harmoniya yox idi, amma qiraəti normal idi və hiss olunurdu ki, xüsusi qiraət kursu keçib. Adı Taleh idi, gəncəlilərlə bir ailədə otursa da, mingəçevirli idi. Həbsxanaya budəfəki gəlişi “177″ ilə bağlı idi. ”Sədərək”, ya “Binə” ticarət mərkəzindən oğurluq etdiyi zaman yaxalanmış, buraya atılmışdı. Dediyinə görə, bu, onun üçüncü “srok”u idi. Təcrübəsindən də hiss edilirdi. Burada təcrübənin dərhal görünən tərəfi həbsxana əməkdaşları ilə açıq rəftar, dustaqlarla münasibətlərində xüsusi ərk, həbsxana davranış normalarının heç bir məhdudiyyət və sıxıntı hiss olunmadan izlənilməsi… və sairdə görünür. Taleh burada özünü “ev adamı” kimi aparırdı…

ardı var