Paşayevlər 2013-ə hazırlaşır; oliqarx-məmurları hansı sürprizlər gözləyir?
2013-cü il prezident seçkisinə qədər hakimiyyətdəki iriçəkili oliqarx-məmurların tabeliyində olan nazirlik və icra hakimiyyəti orqanları əllərindən alınacaq. Bu barədə “Azadlıq”a iqtidardakı mənbə məlumat verib. Məlumatda deyilir ki, bu, növbəti prezident seçkisilə bağlı narahatlıqlardan irəli gəlir. Və plan Paşayevlər qrupuna məxsusdur. Məsələ burasındadır ki, Ilham Əliyevin seçkiyə qatılacağı hələ qeyri-müəyyəndir. Bu halda hakimiyyət Paşayevlərin namizədilə iştirak edə bilər. Doğrudur, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı namizəd kimi hallanır. Lakin bu az inandırıcı görünür.
Ilham Əliyev ehtiyat variant kimi daha çox Paşayevlərin namizədini görür. Ona görə həm də buna hazırlıq gedir.
Yəni, 2013-cü il seçkisində ehtiyat variant işə düşəcəyi təqdirdə hakimiyyət daxilində hər hansı problem yaranmasın deyə, iri çəkili oliqarxlar zəiflədilir. Artıq prosesə start verilib. Məlumata görə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindən çıxarılması, “Azəryolservis”in şefi Cavid Qurbanovla nəqliyyat naziri Ziya Məmmədov arasındakı konflikt bunun təzahürüdür. Yəni, artıq Cavid Qurbanov əvvəlki bossundan imtina etmək ərəfəsindədir.
Məlumatda deyilir ki, bu plan hələ bir neçə ay əvvəl düşünülüb. Ölkə başçısı Ilham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərmanı da bu planın tərkib hissəsidir. Sözügedən fərmanda icra başçılarına geniş səlahiyyətlər verilir. Hələ o zaman bu fərman icra başçılarının oliqarxların nəzarətindən çıxarılmasına hesablanmış addım kimi qiymətləndirilmişdi.
Hikmət