Deputatın hoteli 50 ailənin evini təhlükəyə salıb

Qonşular tikintinin qanunsuz aparıldığını iddia edir

Gorbanboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilən Mahir Aslanov özünə hotel tikdirir. Belə ki, deputat Nərimanov rayonu, Cəlil Məmmədquluzadə küçəsində 50-yə yaxın ailənin yaşadığı evi təhlükə altına atıb. Mahir Aslanov sözügedən ünvanda özünə məxsus iki villanı uçurdaraq yerində beş ulduzlu hotel tikdirir.

Ərazidə yaşayanlar deyirlər ki, tikinti işləri qanunsuz aparılır. Hotel üçün qazılan özül onlarla evdə çat əmələ gətirib. 20 ilə yaxındır ki, Cəlil Məmmədquluzadə küçəsi 85 ünvanında özünə mənzil tikən Kamal Ələsgərov deputatla 10 ildən artıqdır qonşudur: “Bu yaxınlara qədər bir qonşu kimi münasibətlərimiz normal idi. Deputat seçildikdən sonra münasibət 180 dərəcə dəyişdi. Bizim yaşadığımız ünvanda onun iki villası vardı. Onunla telefonda danışdım, bildirdim ki, villalar sökülən zaman evimə ziyan dəyib. Bundan başqa, hotelin tikintisi tikinti normalarına cavab vermir. Hotel bizim evdən 15-20 metr məsafədə olmalıdır. Buna baxmayaraq hotelin özülü mənzilimin hasarının yanından qazılıb. Indi evimdə dərin çatlar meydana gəlib və hər an uça bilər. Bütün kommunikasiya qovşağımızı sıradan çıxarıb. Özülün dərinliyi 8 metrdən artıqdır”.

Kamal Ələsgərovun sözlərinə görə, qanunsuzluqla bağlı aidiyyəti qurumlara müraciət edəcək: “Burada hotel tikmək qanunsuzluqdur. Çünki bizim yaşadığımız yerdə 10 metr hündürlükdən artıq tikili ucaltmaq olmaz. Ancaq hotelin hündürlüyü 40 metrə yaxın olacaq. Bu isə bizim evlərimizə böyük ziyan vuracaq”.
Sözügedən ünvanda Mahir Aslanovun iki hündür mərtəbəli yaşayış binası, villası, “Kəpəz” mebel salonu var. Villa ilə yaşayış binalarından biri deputatın tikdirəcəyi hotelə görə sökülüb. O biri yaşayış binası isə yenidən təmir edilərək kirayəyə veriləcək. “Happy Inn” adlanacaq hotel 8 mərtəbli olacaq.
Xatırladaq ki, Mahir Aslanov Milli Məclisdə Gültəkin Hacıyevanı əvəzləyib.

“Yeni Müsavat”ın iddiasına görə, deputat seçilməmişdən əvvəl Mahir Aslanov prezidentin əmisi Aqil Əliyevin adından istifadə edirmiş. Lakin sonradan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun “krışa”lığına keçib və eyni zamanda, Abbasovla ortaq biznes qurmağa nail olub. Belə ki, Abbas Abbasovun Rumıniyadan ölkəyə gətirdiyi mebellərin satışını həyata keçirən Mahir Aslanov keçmiş baş nazir müavini ilə əlaqələrindən istifadə edərək biznes imkanlarını daha da şaxələndirməyə nail olub. Aldığımız məlumata görə, hazırda onun xaricdən yük daşınması ilə məşğul olan 30-a yaxın “TIR” maşınları var. Həmin maşınlardan xarici bazarlara yük daşınması və ordan yük gətirilməsi üçün istifadə edir. Araşdırmalarımız nəticəsində o da bəlli oldu ki, Mahir Aslanovun biznes ortaqlığı təkcə Abbas Abbasovla yekunlaşmır. Onun ölkənin bir çox güclü oliqarxı ilə isti münasibətləri var. Xaricdən tranzit yük daşıması ilə məşğul olan iş adamı nəqliyyat naziri Ziya Məmmədovla ortaqdır.

Ramin DEKO