İctimai Palata necə aksiya keçirmək istəyir?

Koordinasiya Şurasının üzvləri AXCP və Müsavat funksionerləri arasında yaranan fikir ayrılığına münasibət bildirdi

Ictimai Palatanın gələcəkdə aksiyalar keçirməklə bağlı düşüncələrində fikir ayrılığı olmasa da, mitinqin reallaşdırılması taktikası ilə bağlı fərqli mövqe var. Ictimai Palatanın ötən sessiyasında Müsavat Partiyasının bir sıra funksionerləri qurumu silsilə aksiyalar keçirməyə çağırıb.
Onlar hesab edir ki, hazırkı resurslara uyğun aksiyalar keçirib real nəticələrə nail olmaq lazımdır. AXCP isə tamamilə başqa fikirdədir. AXCP-ni təmsil edən yetkililər isə bildiriblər ki, təmsil etdikləri partiya da aksiyaların keçirilməsinə tərəfdar olsa da, kütləvi aksiyalara daha məsuliyyətli yanaşılmalıdır. Cəbhəçilər hesab edir ki, qarşıdan gələn dönəmdə də IP keçirəcəyi aksiyalara daha ciddi hazırlaşmalıdır. Tələm-tələsik, hazırlıqsız aksiyalara qərar vermək olmaz. Ötən dövrün təcrübəsinə müraciət edən AXCP funksionerləri düşünür ki, yetərincə kütləvi olmayan aksiyalar həm Ictimai Palatanın təşkilatlanmasına, həm Azərbaycan cəmiyyətinin siyasi proseslərə səfərbər olmasına ciddi təsir göstərmir. Digər tərəfdən, daha ciddi hazırlanmış aksiyalar hakimiyyətin repressiv siyasət yürütməsinə də bəhanə verməmiş olur.
Səslənən fikirlərlə bağlı Koordinasiya Şurasının üzvlərinin mövqeyini öyrəndik.

Ədalət Yusibov: “Yerli və beynəlxalq ictimai rəyə təsir gücü olan daha geniş aksiyaların keçirilməsinin tərəfdarıyam”

KXCP sədrinin müavini Ədalət Yusibov hesab edir ki, hər kəsin ölkənin gələcək perspektivinə hesablanacaq məsələlərlə bağlı fikir demək hüquqi var. Hazırkı dönəmdə kütləvi tədbirlərin pik nöqtəsinə çatılması istiqamətində addımların atılmasına ehtiyac olduğunu deyən Ə.Yusibov vurğuladı ki, KŞ reallığa uyğun qərar qəbul edərək sessiyaya təqdim edəcək: “Həm yerli, həm də beynəlxalq ictimai rəyə təsir gücü olan daha geniş və təşkilatlanmış aksiyaların keçirilməsinin tərəfdarıyam”.

Köçəri Nağıbəyli: “Aksiyaların necə olacağı Koordinasiya Şurasındakı müzakirədən sonra çoxluğun qərarı ilə qəbul edilməlidir”

KŞ üzvü Köçəri Nağıbəyli bildirdi ki, aksiyaların keçirilməsi ilə bağlı fərqli taktika təklif edənlərin hərəsinin öz arqumenti var: “Amma mənə elə gəlir ki, aksiyaların necə keçiriləcəyi ilə bağlı qərar Ictimai Palatanın Koordinasiya Şurasındakı müzakirədən sonra çoxluğun qərarı ilə qəbul olunmalıdır. Düşünürəm ki, bu məsələlər müzakirənin nəticəsi olaraq meydana gəlməlidir”.

Qələndər Muxtarlı: “Təşkilatlanma olmadan bir neçə min nəfərlə meydana çıxsaq, zor müsətəvisində güclü olan hakimiyyətin əlinə bəhanə vermiş olarıq”

KŞ üzvü Qələndər Muxtarlı bildirdi ki, tarixdə inqilabi siyasi hərəkatların əsas qüvvəsi onların güclü təşkilatlanmalarında olub. Ona görə kütləvi aksiyaların konkret nəticələrə nail olmaq üçün keçirildiyini deyən Q.Muxtarlı vurğuladı ki, IP-in aksiyaları heç də həmişə o nəticəyə gətirib çıxara bilmir ki, qarşıya qoyulmuş problemlər həllini tapsın: “O nəticəyə gəlib çıxır ki, cəmiyyətə əlavə problemlər yaradılır. Cəmiyyətin aktiv hissəsi sonra başlayır siyasi məhbus probleminin həlli ilə məşğul olmağa. Düşünürəm ki, addım-addım hazırkı durumdan iistifadə edərək, cəmiyyəti təşkilatlandırmaq lazımdır. Cəmiyyət təşkilatlanarsa, bütün problemlərin həlli üçün cəmiyyət ayaqda durmuş olacaq. Belə bir durumda istər Qarabağ probleminin həllində, istərsə də ölkədə demokratik təssisatların formalaşdırılması ilə bağlı addımlar atıla bilər. Yəni millətin gücü onun təşkilatlanmasında olur. Təşkilatlanma olmadan min nəfərlə meydana çıxsaq, zor müsətəvisində güclü olan hakimiyyətin əlinə bəhanə vermiş olarıq”.
Q.Muxtarlı hesab edir ki, bütün ölkəni əhatə edən təşkilatlanmaya və yaradılan təşkilatların möhkəmlənməsinə ehtiyac var: “Təşkilatlanmaya gedib, daha sonra aksiyalara start vermək lazımdır. Bu olmadan aksiyalara cəhd Azərbaycan müxalifəti, cəmiyyəti üçün ağır nəticələrə gətirib çıxara bilər. Şübhəsiz, addım atıb, işləməyin tərəfdarıyam. Bu fikri Müsavat və ya AXCP təmsilçilərinin belə düşündüyünə görə demirəm. Azərbaycan xalqının tələbləri bunu istəyir. Dünyanın tarixi təcrübəsi bunu sübut edir. Belə fikir də var ki, təşkilatlanma ilə yanaşı, aksiyaları da davamlı keçirmək olar. Amma güclü, geniş və nəticə verə bilən aksiya belə addımın atılmasına icazə verir”.

Mirvari Qəhrəmanlı: “Daha yaxşı yer alıb, daha güclü təşkilatlanaraq möhtəşəm aksiyalar keçirməyə ehtiyac var”

KŞ-nin başqa bir üzvü Mirvari Qəhrəmanlı bildirdi ki, siyasi məhbusların bir qisminin yenicə azadlığa çıxdığı dönəmdə ölkədə yenə də repressiv addımlar atması üçün hakimiyyətə bəhanə verməyə dəyməz: “Kiçik aksiyalara hazırkı dönəmdə ehtiyac duymuram. Kiçik aksiyalar hazırda cəmiyyətin tələbi deyil. Düşünürəm ki, daha yaxşı yer alıb, daha güclü təşkilatlanaraq güclü aksiyalar keçirməyə ehtiyac var. Məhz etiraz aksiyalarına yaxşı hazırlaşıb onu geniş miqyasda keçirmək lazımdır. Siyasi məhbus probleminin hələ də qaldığı müddətdə, bir qisim siyasi məhbusun azadlığa yenicə qovuşduğu bir zamanda kiçik aksiyalar cəmiyyətdə əks effektə səbəb ola bilər”.

Hikmət