Əbülfəz Qurbanlı: “Yaxın günlərdə fəaliyyətimizi daha da gücləndirməyə çalışacağıq”
AXCP Gənclər Komitəsi iyulun 29-da müşavirə keçirilib. Partiya rəhbərliyindən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Rəyasət Heyətinin üzvü Rövşən Quliyev də müşavirədə iştirak edib.
Gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı “Azadlıq”a açıqlamasında bildirdi ki, müşavirədə Gənclər Komitəsinin rəhbərliyi, komitənin rayon təşkilatlarının koordinatorları, partiyanın gənc fəalları iştirak edirdi: “Müşavirədə cəbhəçi gənclər qarşıda duran vəzifələr, təşkilatlanma, gəncliyin problemləri kimi məsələləri müzakirə etdik. Məqsəd növbəti aylarda hansı işləri görəcəyimiz müəyyənləşdirmək idi. Bundan başqa, müşavirədə Gənclər Komitəsinin internet, maarifləndirmə işlərinə də diqqət ayıracağı müzakirə edilib. Qərara alındı ki, avqust ayı da daxil olmaqla payıza kimi qarşıya qoyulan məqsədə nail olmaq lazımdır. Havaların isti olması bizim susqun fəaliyyət göstərməyimizə əsas yarada bilməz. Müşavirə böyük əhval-ruhiyyədə, 100-dən artıq gəncin iştirakıyla keçirildi”.
Ə.Qurbanlının sözlərinə görə, komitədə təmsil olunan gənclər qarşıdakı günlərdə hansı işlər görə biləcəkləri ilə bağlı təkliflərini səsləndiriblər: “Müşavirədə gənclərin təklifi müzakirə olundu, yaxın günlərdə fəaliyyətimizi daha da gücləndirməyə çalışacağıq”.
Ramin DEKO