“Azadlıq” Rüstəm İbrahimbəyovu təftiş etdi

Araşdırmalar “Yeni Azərbaycan”ın yalanını üzə çıxardı

Tanınmış dramaturq və kinorejissor Rüstəm Ibrahimbəyovun növbəti dəfə hakimiyyətin hədəfinə gəlməsi barədə xəbər vermişdik. Hakim partiyanın nəşri olan “Yeni Azərbaycan” qəzetində imzasız məqalədə R.Ibrahimbəyov aşağılanıb, bir sıra cinayət əməllərində ittiham olunub. “Azadlıq” da öz növbəsində tanınmış rejissora yönəlik ittihamları araşdırmaq qərarına gəldi.

Erməni…

“Yeni Azərbaycan”ın birinci iddiası ondan ibarət idi ki, Bakıda keçirilən “Şərq-Qərb” festivalının maliyyəsi hesabına daşnaksütyun partiyasının üzvləri Roman Balayan və Rudik Avanesyan tədbirə dəvət edilib. Araşdırmalarımız zamanı bəlli oldu ki, Balayan heç zaman “Şərq-Qərb”ə qatılmayıb, Rudik Avanesyan isə öz vəsaiti hesabına tədbirdə iştirak edib, onun daşnak olması isə heç bir mənbədə təsdiqini tapmır.

Şadyanalıq üzünə həsrət olan “Çayka”

Qəzetin ikinci iddiası Kinematoqrafçılar Ittifaqının balansındakı çoxsaylı avtomobillərin satılması, ittifaqın “Çayka” qonaq maşınının şadlıq saraylarında xidmət göstərməsilə bağlıdır.
Ittifaqın sənədlərindən bəlli oldu ki, balansda cəmi bir avtomobil – “Çayka” var. Onun da şadlıq evlərində xidmət göstərməsi üçün, bəy və gəlin gərək son dərəcə macəraçı olsun. Hazırda qarajda saxlanılan avtomobilin nömrəsi belə, dəyişməyib, sovet dövründən qalmadır, onun təkəri isə deşik idi. Üstünü basan torpaqdan hiss olunurdu ki, “Çayka” şadyanalıq üzünə həsrətdir.

“Şərq-Qərb” restoranı

Üçüncü iddia: 2007-ci ildə 28 may küçəsində Ittifaqa məxsus “Şərq-Qərb” restoranı sökülüb, söküntü üçün fəhlələrə çatası pulu Ibrahimbəyov mənimsəyib. Bu iddia o qədər absurddur ki… Eyni məntiqlə biz “Yeni Azərbaycan”ın yazdıqlarına görə “Yeni Müsavat”ı suçlamalıyıq. Çünki adıçəkilən restoranı R.Ibrahimbəyova “bağlayan” ancaq ad oxşarlığı olub. Yəni, o obyekt heç zaman Ittifaqın balansında olmayıb.

İbrahimbəyov hansı torpaqları satıb?

Daha bir iddia Ittifaqın Şəkidə yerləşən ərazisini R.Ibrahimbəyovun satması haqdadır. Bizə bu ərazi ilə bağlı 3 sənəd təqdim olundu – Azərbaycan Nazirlər Sovetinin 1983-cü il tarixli sərəncamı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi plan (2007) və Dövlət Reyestr Xidmətindən çıxarış (2011, noyabr). Bu sənədlərin hər birində ərazi ilə bağlı vahid rəqəm var. Bu isə onu deməyə əsas verir ki, torpağın satılması barədə yazılanlar həqiqətə uyğun deyil.
Qəzet daha bir alqı-satqını Ibrahimbəyovun adına yazır. Bildirilir ki, o, Ittifaqın Mingəçevirdəki ərazisini satıb. Ittifaq bu məsələni də sənədlərlə şəffaflığa çıxarır. Nəzərdə tutulan ərazi də 1989-cu ildə Azərbaycan Kino Fonduna verilib. Ümumi sahəsi 585.6 kvadrat metr olan Mingəçevir yaradıcılıq evinə 25 dekabr 2007-ci ildə texniki pasport da verilib. Texniki pasportda göstirilən ərazi isə əvvəlki sənəddəkindən fərqlənmir. Ittifaqdan bildirilir ki, uzun müddətdir yazışmalara baxmayaraq, Dövlət Reyestr Xidməti ərazi ilə bağlı onlara müxtəlif bəhanələrlə arayış verməkdən yayınır.

İbrahimbəyovun evləri üzərinə salınan qara ləkələr

“Həsən Seyidbəyli küçəsində kinematoqrafçılar üçün tikilən bina Rüstəm Ibrahimbəyov və podratçı tərəfindən satılıb” – belə bir iddia da var.
Araşdırmamız zamanı öyrəndik ki, həmin binanın kinematoqrafçılar üçün tikilməsini təsdiqləyən heç bir sənəd, fakt yoxdur. Bina kooperativ əsaslarla tikilib və Rüstəm Ibrahimbəyov da pulunu verib, qanuni formada ordan mənzil alıb.
R.Ibrahimbəyovun “Şərq-Qərb” festivalı üçün Içərişəhərdə qonaq evi kimi tikilən evi özəlləşdirməsi də təsdiqini tapmadı. Bizə təqdim edilən sənədə görə, hazırda Ibrahimbəyovun yaşadığı həmin mənzilə 1991-ci ildə inventarlaşma bürosu şəhadətnamə verib. “Şərq-Qərb” festivalı isə 1994-cü ildən başlayıb. Təkcə zaman fəqri yalanın ifşası üçün kifayət edir.

Şərab

Rüstəm Ibrahimbəyova məxsus olan “Ibrus” şərab firmasında maliyyə oğurluğu və vergidən yayınma halları olması haqda yazılanların da cavabını öyrəndik. Əvvəla bilindi ki, ümumiyyətlə, “Ibrus” adlı firma yoxdur. Ibrahimbəyovun “Qarlı aşırım” adlı bir firması olub, o da fəaliyyətini dayandırıb. Bu vaxta qədər isə firmaya vergidən yayınma ilə bağlı hər hansı cəza, xəbərdarlıq tətbiq edilməyib.

Şəhidlər Xiyabanında “kotteclər”

“Yeni Azərbaycan” daha iki ittihamla sarı simə toxunmağa çalışıb. Onlarla təkrar tanış olaq:
Bir: “Kino Evi nəzdində Kinematoqrafçılar Ittifaqı üçün 1994-cü ildə ərazi ayrılıb. Bunu uzun müddət ictimaiyyətdən gizlədən R.Ibrahimbəyov həmin ərazidə ailə üzvlərinə gizli şəkildə kotteclər tikdirib. 2009-cu ildə bu ərazi ondan geri alınmağa başlananda R.Ibrahimbəyov bu barədə katiblikdə deməli olmuşdu və bu da əksər katibləri xeyli təəccübləndirmişdi”.
Iki: “Rüstəm Ibrahimbəyovun ürəyindəki erməni sevgisi onun fəaliyyətində də aydın təzahür olunur. Hər halda, Azərbaycan xalqının qürur yeri, dövlətimizin azadlığı uğrunda şəhid olan yüzlərlə vətən övladının dəfn olunduğu bir məkanda R.Ibrahimbəyovun əyyaş dostlarının istirahət edəcəyi restoran tikmək ideyasını başqa heç nə ilə izah etmək olmaz”.
Biz uzun müddətdir Dövlət Neft Şirkətinin əl qoyduğu məlum əraziyə baş çəkdik. Bu ərazidə nəinki kotteclər, heç koteclərin özül yeri də yoxdur. Ərazidə yaşıllıq massivi olmasını xatırladan heç nə yoxdur.
Ən maraqlısı, Ibrahimbəyovun Şəhidlər Xiyabanında əyləncə mərkəzi yaratması barədə deyilənlərdir. Biz internetdə “google.maps”də hava yolu ilə bu əraziyə qədər məsafəni rahatlıqla ölçdük. Şəhidlər Xiyabanına ən yaxın məsafə 1 225 metrdir. Şəhidlər Xiyabanı ilə bu ərazinin arasında olan məsafədə isə bizim hesablamamıza görə, 4 otel, 8 restoran, 50-yə yaxın kafe var…

Natiq