“Ziyalılara qarşı çirkin kampaniya dayandırılsın”

İctimai Palata hakimiyyətin hədəf aldığı ziyalılarımızı müdafiəyə qalxdı

İctimai Palata Azərbaycan iqtidarının ölkədəki real mənzərəni olduğu kimi dilə gətirən, vətəndaş mövqeyi sərgiləyən ziyalılarımıza qarşı kampaniya aparmasını pisləyən bəyanat verib. Bəyanatda deyilir:

Azərbaycanın həqiqi ziyalıları hər zaman ölkədə hüququ pozulanların yanında olub, haqq-ədalətin keşiyində durub. Azərbaycanda ötən əsrin sonlarında azadlıq və müstəqillik uğrunda ümumxalq hərəkatı başlayanda da ziyalılarımızı ön cərgələrdə gördük.
Təəssüf ki, müstəqil Azərbaycanın 19 illik dövründə ziyalılarımızın və bütövlükdə xalqımızın görmək istədiyi azad, ədalətli dövləti qura bilmədik. 1993-cü ildə qiyamla iqtidara gələn indiki Azərbaycan hakimiyyəti demokratiya yolu ilə getmədi, avtoritar sistem qurmaq və onu möhkəmləndirməklə məşğul oldu. Son bir neçə ildə isə Azərbaycan iqtidarının bu üsul-idarəsi daha da gücləndi. Əlbəttə ki, belə bir şəraitdə ölkə ziyalılarının irəli çıxıb öz sözlərini deməsinə Azərbaycan cəmiyyətinin böyük ehtiyacı vardı. Sevindirici haldır ki, öz missiyalarını dərk edən ziyalılarımız bu ictimai sifarişə müsbət cavab verdi və bir qrup təşkil edərək Ziyalılar Forumu adı altında aktiv fəaliyyətə başladı.
Ziyalılar Forumu hazırda ölkə reallıqlarını tənqid etməkdən çəkinməyən, sosial-siyasi problemlərimizi göstərib onların həlli üçün təkliflərini verən faydalı, işlək bir struktura çevrilib. Bu qurumda təmsil olunan ziyalılarımız ölkədəki qanunsuzluq, ədalətsizlik, kütləvi hüquqsuzluq, zorakılıq, avtoritar idarəçilik və başqa neqativ görsənişlər qarşısında susmayıb etiraz səslərini ucaltmağa qərar veriblər.
Lakin təəssüflər olsun ki, Azərbaycan iqtidarı ölkənin bu qədər nüfuzlu ziyalılarının verdiyi həyəcan dolu mesajları düzgün qəbul edə bilmədi, fərqli düşüncəyə, tənqidi baxışlara qarşı tutduğu ənənəvi mövqeni bu dəfə də göstərdi.
Azərbaycan iqtidarı ölkə müxalifətinin, gənclər təşkilatlarının, vətəndaş cəmiyyəti fəallarının irad və tənqidlərini necə süngü ilə qarşılayırdısa, ziyalılara qarşı da eyni cür davrandı.
Əvvəlcə Ziyalılar Forumunun üzvlərindən biri, dünyaca məşhur professor Rafiq Əliyevi işdən çıxarmaqla mənəvi repressiyaya məruz qoydular. Ardınca başqa bir nüfuzlu alimimiz, tarixçi professor Cəmil Həsənli hədəfə alındı, rəsmi və yarımrəsmi mediada ona qarşı olmazın böhtanlar yağdırıldı, qarayaxma kampaniyası aparıldı. Son günlərdə isə bu böhtan, qarayaxma və şantaj kampaniyasının hədəfinə Azərbaycanın yeganə Oskar mükafatçısı, kino və teatr ssenaristi, rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri və Ziyaləlar Forumunun təsisçilərindən biri Rüstəm İbrahimbəyov çevrilib.
Bir mərkəzdən idarə olunurmuş kimi Prezident Administrasiyasından tutmuş hakimiyyətin nəzarətində olan media orqanlarına, ayrı-ayrı yaradıcı adamlara qədər İbrahimbəyova qarşı kampaniyada fəal iştirak edir. İbrahimbəyovun bütün fəaliyyəti utanmadan danılır, ağılasığmaz böhtan və qarayaxmalarla onu gözdən salmağa, aşağılamağa cəhdlər olur.
İctimai Palata ziyalılarımıza, o cümlədən son günlər İbrahimbəyova qarşı güclənən bu çirkin kampaniyanı qətiyyətlə pisləyir və Azərbaycan iqtidarından bunu dayandırmağı tələb edir.
İctimai Palata bəyan edir ki, hakimiyyətin bu cür dözümsüz siyasəti onun demokratik islahatlara gedə biləcəyi haqda ən son ümidləri də öldürməklə yanaşı, hansı mənəvi dəyərlərə söykəndiyini göstərir.
İctimai Palata hakimiyyətin hədəf aldığı ziyalıları birmənalı şəkildə müdafiə edir, onların mövcud reallıqlarımız qarşısında tutduğu vətəndaş mövqeyini yüksək qiymətləndirir.