“ABŞ Cənubi Azərbaycanın müstəqilliyini dəstəkləməlidir”
Deyn Rorabaher: “İran azərbaycanlılarının öz azadlıqlarına nail olmasının vaxtı çatıb”
Amerikalı konqresmen Deyn Rorabaher Vaşinqtonu cənubi azərbaycanlıların müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə çağırıb. O, dövlət katibi Hillari Klintona məktubunda Cənubi Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin dəstəklənməsinin vacibliyini bildirib. Bu barədə “Turan”ın Vaşinqton müxbiri məlumat yayıb.
“Konqresmenin məktubu İsraillə Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında məlumatların nəticəsidir”, – konqresmenin ofisinin nümayəndəsi məktubu “Turan”a belə şərh edib.
Eyni zamanda Nümayəndələr Palatasının xarici məsələlər və təhqiqatlar üzrə alt komitəsinin sədri olan konqresmenin məktubunda deyilir ki, ABŞ ya belə əməkdaşlığı, ya da Tehranın tiran rejimini dəstəkləməlidir.
“İki yüz il əvvəl Azərbaycan xalqı coğrafi baxımdan iki yerə bölünüb və azərbaycanlıların çoxu Vətənin birləşməsinə çağırır. İranda etnik azərbaycanlıların sayı Azərbaycan Respublikasında olduğundan iki dəfə çoxdur. Bu ölkə 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik qazanıb. İndi də İran azərbaycanlılarının öz azadlıqlarına nail olmasının vaxtı çatıb.
Müstəqillik uğrunda mübarizədə Azərbaycan xalqının qanuni haqlarının dəstəklənməsi özlüyündə nəcib əməldir. Eyni zamanda bu, Tehran üçün daha böyük təhlükədir, nəinki onun yeraltı nüvə bunkerlərinin bombalanması”, – deyə məktubda vurğulanır.