London Olimpiadasının açılış mərasimində ölkələrin paradı zamanı Hindistan nümayəndə heyətinə qoşulan naməlum qadının kimliyi bəlli olub. Olimpiaya Komitəsinin sədri Sebastian Coe qadının “açılış mərasimi qrupunun bir az çox həyəcanlanan üzvü” olduğunu açıqlayıb.
Coe qadının mərasim və idmançılar üçün bir təhlükə törətmədiyini vurğulayaraq deyib: “Əlini qolunu yelləyərək küçədən keçərkən içəri girmiş bir insan deyil. Qrupumuzun təhlükəsizlik yoxlamalarından keçən üzvlərindən biridir”.
Komitə sədri məsələni Hindistan nümayəndə heyəti ilə birlikdə dəyərləndirəcəklərini deyib.
***
29.07.2011
Hindli olimpiaçılar arasında “sirli qadın”
London Olimpiadasında daha bir qalmaqal qeydə alındı
London-2012 Olimpiadasında daha bir qalmaqal yaşanıb. Bu dəfə qalmaqala səbəb aşılış mərasimində Hindistan olimpiaçılarının keçidi zamanı dəstədə naməlum bir qadının peyda olmasıdır. Naməlum qadın Hindistan atletlərinin önündə bayraq daşıyan Sushil Kumar’ın yanında görünüb.
Türkiyənin “Hürriyət” qəzeti yazır ki, Hindistan rəsmiləri Olimpiada təşkilatçılarından bu qadının kimliyinə və onun dəstəyə necə qoşulduğuna aydınlıq gətirməsini tələb edir.
Hindistanın Olimpiadadakı nümayəndə heyətinin rəhbəri Brig P.K.Muralidharan Raja nümayəndələr arasında olmayan birisinin dəstəyə qoşula bilməsindən son dərəcə narahat olduqlarını deyib.
“Bu qadının hindli qrupla heç bir işi yoxdur. Məsələni təşkilatçılarla müzakirə etdik. Kim olduğunu və dəstəmizə qoşulmasına necə icazə verildiyini bilmirik. Naməlum bir qadının keçid mərasimində atletlərimizin yanında iştirak etməsi utanc verici idi. Mərasimin teleyayımında Hindistan atletləri cəmi 10 saniyə ekranda görünürkən, bütün diqqət təəssüf ki, atletlərin yerinə bu qadının üzərinə cəmləşdi” – deyə Raja hiddətini ifadə edib.
Hindistan bu il Olimpiadaya 81 idmançı ilə qatılıb. Bu, ölkə tarixində rekord saydır.