Sonuncu gülən kim olacaq

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, “Ermənilər gözlərini və qulaqlarını açıb eşitsinlər”.
“Gözlərini açıb eşitsinlər” ki: “Biz prezident Ilham Əliyevdən bu tapşırığı almışıq, baş nazir Artur Rəsizadə ilə kifayət qədər müzakirə aparılıb”.
Alınan tapşırıq isə bu: “Qarabağ savaşında Azərbaycana dəymiş ziyan beynəlxalq qurumların iştirakı ilə hesablansın və ortaya beynəlxalq standartlara uyğun sənəd qoyulsun”.
Sənədin mahiyyəti: “Azərbaycanın dəymiş ziyanın qiymətləndirilməsi prosesinə başlaması, Ermənistan üçün ciddi ismarıcdır. Əgər Ermənistan tərəfi bundan məlumatlıdırsa, artıq nəticə çıxarmalıdırlar. Bu o deməkdir ki, Azərbaycan dövlətinin səbri artıq tükənib.(?) Bu, Ermənistana həm də ciddi bir xəbərdarlıqdır, yəni Azərbaycan daha Ermənistanın tutduğu mövqeyə qarşı səbr nümayiş etdirməyəcək.(?) Əgər Ermənistanda yaşayan xalq özünü normal xalq hesab edirsə, bilsinlər ki, dəymiş ziyan onların cibindən və qazancından ödəniləcək (Zərəri xalqın cibindən ödətmək şakəri!). Mən yenə deyirəm, ermənilər gözlərini və qulaqlarını açıb eşitsinlər! Artıq bu vəsait 100 mlrd. dolları ötüb”.
Erix Mariya Remarkın belə bir fikri var: “Faciə 20 il davam edərsə, komediyaya çevrilir”. Indi Əli müəllimin dedikləri gerçəkdən adamda yalnız bu təəssüratı yaradır. Yaşadığı 20 illik faciədən sonra artıq Azərbaycanın həyatı komediya mərhələsinə qədəm qoyub. Görünür, son onillikdə incəsənətdə lağ-lağının artması, şit gülüşün bədii meyara çevrilməsi də elə Remarkın dediyi məntiqlə bağlıdı. Bu yüngül, bayağı gülüşü heç də millətin menyüsünə sırımırlar. Bu cür düşünənlərlə razılaşmıram, televiziya ekranlarını bürüyən komediya verilişlərini, “Bu şəhərdə”ni, “Planet parni iz Baku”nu da qətiyyən qınamaq fikrində deyiləm. Onlar kimsəni zorla öz tamaşalrına baxmağa məcbur eləmir, SD-lərini zorla kimsəyə sırımır, seyrçini zorla ekran qarşısında əyləşdirmirlər. Hər halda kimsə deyə bilməz ki, “Bu şəhərdə”nin Heydər Əliyev adına Lenin sarayında keçirilən konsertlərinə biletləri hansısa təhdid və təzyiqlə satırlar.
Sadəcə, bazarı tələb və təklif formalaşdırır. Biznes məqsədi olan biri isə hansısa mənəvi zərərə görə öz bayağı sənətindən imtina etməz. Xalq nə istəyir, onu da bazara çıxarırlar. Xalq meylini kəndirbaza salıbsa, durub ona Nəsimi qəzəllərini oxumağın mənası yoxdu. Lakin xalqı, bütövlükdə cəmiyyəti kim bu komik duruma salıb, bax, əsas məsələ budur. Əlbəttə ki, o xalqa 20 il davamlı faciə yaşadan rejim!
Həsənovun sözlərisə “Bu şəhərdə”nin komediya mətnlərindən elə də fərqlənmir. Eyni sözləri Rafaellə Coşqun obraza girərək səsləndirsə, əmin olun ki, gülməkdən millətin yarısı qarın ağrısına düşəcək. Necə deyərlər, var idi hər yarağımız, çatmırdı saqqal darağımız. Qarabağı geri qaytardılar, indi də prezidentin tapşırığı ilə dəyən ziyanı hesablayırlar. Ümumiyyətlə, sanki bu hakimiyyətin işi-peşəsi saymaqdı – ya ciblərinə doldurduqlarını sayırlar, ya da ciblərindən gedəni. Ermənistan o ziyanı ölkəmizə vurmasaydı, təbii ki, o məbləğ də hakimiyyətdəkilərin cibinə axacaqdı.
Gerçəkdən çox məzəlidi. Torpaq ermənidə, onu Lazımla bu qədər hədələyirlər, xeyri olmur, indi də pul söhbətiylə qorxutmağa çalışırlar. Görünür, bunlar elə hesab eləyirlər ki, erməniləri də özləri kimi ancaq pul-para söhbətilə qorxutmaq olar.
Ancaq xalqın gerçəkdən komik duruma düşdüyü faktdı. Fikir vermişəm, yeni Azərbaycan insanı ən ağır dərdini də birinə baməzə şəkildə danışır. Məsələn, polis məni necə təpiklədi, filankəs məni necə bıçaqladı, necə lağa qoydu, necə aldatdı və nəhayət, hakimiyyət anamızı necə ağladır. Nə isə, gülün, qardaşlar, gülün, görək sonuncu gülən kim olacaq…