“The Guardian” Azərbaycan rəhbərini “pis adamlar” sırasında göstərdi
Ötən gün Londonda rəsmi açılış mərasimi keçirilən XXX Yay Olimpiya Oyunları Britaniya mediasının əsas müzakirə mövzusuna çevrilib. Qəzet və jurnalların bəziləri yarışmaya xərclənən pulun çoxluğunu, bəziləri tunirin təşkilatçılığının zəifliyini, bəziləri də mənfi imicə sahib ölkə liderlərinin olimpiadanı izləyəcək fəxri qonaqlar arasında oturmasını tənqdi edir. Bu tip yazırlar əsasən həm ölkə daxilində, həm də dünyaca nüfuzlu “The Guardian”, “The İndependet”, “The Express” kimi qəzetlərdə yayımlanır.
Hələ olimpiadanın rəsmi açılışı keçirilməmiş bəzi qəzetlərdə insan haqları və söz azadlığını məhdudlaşdıran, ölkələrindəki müxaliflərə qarşı sərt repressiyalarla tanınan avtoritar rəhbərlərin yarışmaya dəvət olunmasını sərt tənqid edən məqalələr dərc olunmuşdu. Qəzetlərin əsas tənqid hədəfləri isə Bəhreyn, Ruanda və Azərbaycan rəhbərləri olub. Beynəlxalq arenada mənfi imiciləriylə tanınan Bəhreyn şahzadəsi Nasir bin Həmd əl Xəlifə, Ruanda prezidenti Pol Kaqame və Azərbaycan rəhbəri İlham Əliyevin yarışmanın fəxri qonaqlar sırasında izləməsi Britaniya mediası tərəfindən etirazla qarşılanmışdı.
Ötən gün isə “The Guardian” qəzetinin yazarı Marina Hayd da XXX Yay Olimpiya Oyunlarının açılış mərasimindən bəhs edən məqaləsində yarışmanı izləyənlər arasında insan haqlarını və söz azadlığını kobudcasına pozan avtoritar liderlərin bostanına daş atıb. Müəllif məqaləsində turnirin açılış mərasimi barədə bəzi qeydlərini yazmaqla yanaşı oyunları mənfi imicli liderlərin də izləməsinə toxunub:“Açılış mərasimini izləyənlər arasında yaxşı insanlar olduğu kimi pislər də vardı. Tribunada müxaliflərə qarşı repressiyalarla tanınan Bəhreynin şahzadəsi, Ruanda rəhbəri və şahzadə Endryunun Azərbaycanda olan sərt dostu yer almışdı”.
Əlavə edək ki, müəllif Britaniya şahzadəsi Endryunun sərt dostu dedikdə Azərbaycan rəhbəri İlham Əliyevi nəzərdə tutub. Xatırladaq ki, “The Guardian” şahzadə Endryunu İlham Əliyevlə şəxsi münasibətlərə görə sərt tənqid edən Britaniya mediasının öndə gələn qəzetlərindən biri olub. Qəzet şahzadəni insan haqlarını və söz azadlığını məhdudlaşdıran İlham Əliyevlə sıx münasibətlər qurduğuna, Azərbaycana səfəri zamanı ölkə başçısının adından onun şərəfinə verilən dəbdəbəli ziyafətlərdə iştiraka görə hədəf almışdı.
Turan