Elmarla işləmək, sonra isə Elmarın qatili olan rejimə işləmək

Eynulla Fətullayev mövzusuna qayıtmağın əsl vaxtıdır. Həm “görün siz kimi müdafiə edirdiniz” tənələrini, həm də Eynulla ilə bağlı problemin nədən ibarət olduğunu aydınlaşdırmağa ehtiyac var. Bizim onunla niyə problemimiz yarandı və onunla bağlı problem indi nədən ibarətdir?
Internetdə onun son yazışmalarını oxudum, açıq görünür ki, hər şeyin səbəbini bilsə də, düşdüyü vəziyyət özünü də təlaşa salıb. Asan da deyil, dünənin qəhrəmanı olasan, bu gün isə dünən səni şərləyənlərə işləməkdə ittiham ediləsən.  
Ittihamlar olmasa da, hər şey aydındır. Gəlin Eynullanın son hədəflərinə diqqət yetirək. Hakimiyyətin günahsız 4 il türmədə saxladığı adam azadlığa çıxıb həmin hakimiyyətin özünü yox, hədəfə aldığı insanları vurmağa başlayır. Məsələn, Xədicə Ismayılovanı, Emin Hüseynovu, Rüstəm Ibrahimbəyovu… Hər üçü hakimiyyətin son dövrdə ən sərt hədəfinə gələnlərdir. Bundan öncə isə “Demokratiya naminə oxu” kampaniyasına qarşı danışırdı. Ondan öncə isə siyasi məhbus məsələsini “kriteriyalar yoxdur” deyə mübahisələndirmək istəyirdi (alınmadı). Bir ara isə bizim şanlı YAP-çıların sevimli dəlillərinə güc vermişdi – Avropada da demokratiya yoxdur deyə. Guya Sarkozi hələ də hakimiyyətdən yapışıb durub. “Bizim ölkədə müxalifət yoxdur” kəlməsi isə ağzından düşmür…
Hakimiyyəti azacıq tənqid edən, hətta etməyən adamların QHT-ləri illərdir qeydiyyatdan keçə bilmir, yaxud qeydiyyatı ləğv edilir, amma o, təşkilatının dərhal qeydiyyata alınmasını bir müddət gizlətmişdi. Amma indi də görür ki, heç nəyi gizlətmək olmur. Rüstəm Ibrahimbəyova ürəyini boşaltmağın vaxtı idimi? Yaxşı, o vaxt səni müdafiə etməyib, ona qarşı yanıqlı idin. Səni müdafiə etməyənə qəzəblisən, hətta müdafiə edənə də qəzəblisən, bəs səni həbs edənə qarşı niyə yazmırsan? Niyə hakimiyyətin bəlli adamlara qarşı qara piar apardığı dövrdə ən nalayiq sözlərlə onlara hücum edirsən? Burada da səbəbi gizlətmək olmur – reallıq odur ki, bu adam var gücü ilə rejimin xeyrinə çalışır.
Məni bilirsinizmi nə zaman gülmək tutdu. Eynulla RATI sədri Emin Hüseynov haqqında yazır ki, onu heç vaxt bağışlamayacaq. Ona görə ki, onun Elmarın qəbri üzərindəki çıxışı internet yayımı olan Obyektiv TV-də göstərilməyib. Bax, hər şey burada açılır. Onu həbs edən, erməni agenti adlandıran, milli xəyanətdə suçlayan və min bir əziyyət verənləri bağışladı, amma onu illərlə müdafiə edən Emini bağışlamayacaq. Onun haqqında ən ağır sözləri yayan TV-ləri bağışlayıb, ITV-yə təşəkkür də edib, Ismayıl Ömərovu da Mir Şahinlə müqayisə edərək tərifləyib hətta. Sanki ITV onun məhkəmə çıxışlarını verirmiş hər dəfə. Amma səbəb nə Mir Şahindir, nə onun 15-ci dərəcəli tənqidi fikrinin ITV-də yayılması. Hakimiyyətə ITV-nin obrazını yaxşılaşdırmaq lazımdır sadəcə…
Onun Emin Hüseynov haqda yazdığı bir fikrini isə xatırlamaya bilmirəm: “Mən Elmar Hüseynovla çiyin-çiyinə işləyəndə, sən bulvarda 5 manata foto çəkirdin”. Bir vaxtlar Əli Həsənova sən “qapançı idin” yazan bu adam bir həqiqəti unudur. Foto çəkib pul qazanmaq ayıb deyil, heç qapançı olmaq da. Emin özünü Elmar saymır, Elmarla işlədiyinə də iddia etmir, amma indi sənin kimi Elmarı qətlə yetirən rejimə də işləmir, Əli Həsənovla eyni cəbhədə deyil. Ayıb bunlardır. Anlamalı məsələ də budur…
Onu da anlamaq lazımdır ki, Zöhrab Ismayılın səninlə düşmənçiliyi yoxdur, sadəcə ləyaqəti imkan vermir susmağa. Çünki sənin o yazın Rüstəm Ibrahimbəyova qarşı deyildi əslində, Azərbaycanı talayan hakimiyyətin xeyrinə idi. Deməli, səbəb özünsən. Biz də sənə münasibətimizi bizə pislik etdiyinə, yaxud yaxşılıq etmədiyinə görə dəyişməmişk. Biz, eləcə də bu gün cavab tapmayıb təhqir etdiyin adamlar sənə qarşı qərəzli olsaydıq, hakimiyyət adamları TV-lərə çağırıb sənin əleyhinə danışdırdığı vaxtlar bunu edərdik. Hakimiyyətin adamları “o bizə atıb, onun kimi adamı müdafiə etməyin” deyəndə bunu edə bilərdik. Deməli, səbəb öz əməllərindir. Səbəb səni vicdan məhbusu edənlərlə yaranan vicdan dostluğundur…
Və gecdir, bundan sonra da sənə qarşı haqsızlıq olsa, səni müdafiə edərik, amma sənə bir daha kimsə etibar etməyəcək bu ölkədə. Manevrlər, oyunlar bitdi. Vicdan məhbusu olmaq, Elmarla işləmək isə üstünlük ola bilər, amma günah yumur, üstəlik, şərin ocağına odun daşıyanda daha sərt münasibət yaradır insana qarşı. Unutmayaq ki, Hafiz Hacıyev də nə vaxtsa siyasi məhbus olub…
…Nəhayət, “siz onu müdafiə edirdiniz” deyə bizə tənə edənlərə. Nə etməli idik, məgər qoyub qaçmalı idik? Indi isə deyəcəkdiniz ki, niyə də hakimiyyət tərəf keçməsin, qoyub qaçdılar, müdafiəsiz qaldı.