Nurəddin Məmmədli: “Beynəlxalq yarışlarda da diktatura rejimlərinin tənqid olunması ona işarədir ki, Ilham Əliyev kimi rəhbərlərin idarəçilik sistemi qəbulolunmazdır”
Rəsul Cəfərov: “Bu, önəmli tendensiyadır və istər Azərbaycanda, istərsə də başqa avtoritar ölkələrdə demokratiya uğrunda mübarizəyə müsbət təsir göstərəcək”
Beynəlxalq yarışlar zamanı diktatorların tənqidi adi hal almaqdadır. Bunu növbəti Yay Olimpiya Oyunlarına ev sahibliyi edən Böyük Britaniya mediasında dünyanın ən nüfuzlu idman turnirini izləyəcək ölkə başçılarının müzakirə mövzusuna çevrilməsi də sübut edir.
Bir neçə gün öncə “The Independent” qəzetində turnirin açılış mərasiminə qatılan ölkə başçılarından bəziləri söz azadlığı və insan haqlarını pozduqlarına görə sərt tənqid olunmuşdu. Demokratik ölkə başçıları bir qrupda, avtoritar liderlər isə başqa bir qrupda göstərilmişdi. Olimpiya Oyunlarını izləmək üçün Londona yollanan Azərbaycan rəhbəri Bəhreyn və Ruandanın despot rəhbərləri ilə eyni sıraya salınmışdı. Belarus prezidenti Lukaşenkonun isə Olimpiadada iştirak etmək üçün Londona getmək arzusunu ürəyində qoymuşdular. Avtoritar imicinə görə ona yox deyilmişdi.
Eyni zamanda Britaniyanın nüfuzlu qəzetlərindən biri “The Express” Olimpiya Oyunlarını izləmək üçün Britaniya paytaxtına yollanan “fəxri qonaqlar”ı hədəf alıb. Qəzet “London 2012: Insan haqlarını pozanlar, vergidən yayınanlar və fırıldaqçılar, xoş gəlmişsiniz” başlıqlı məqaləsində yazır ki, Böyük Britaniya qırmızı xalılar üzərində korrupsioner məmurlar və xarici ölkə diktatorlarını salamlayır. Azərbaycanın da dövlət başçısı Ilham Əliyev tənqid olunanlar sırasındadır.
Maraqlı məqam ondan ibarətdir ki, Bakıda “Eurovision” yarışması keçirilən zaman dünya mediası Azərbaycanda insan haqlarının pozulmasından yazanda hakimiyyət nümayəndələri bu tendensiyaya ölkəmizin uğurlarına sevinməyənlərin mövqeyi kimi yanaşırdı. Amma eyni fikirlərin London Olimpiadasında da ünvanlanması iqtidar təmsilçilərinin arqumentlərini əsassız edir. Bununla bir daha sübut olundu ki, artıq beynəlxalq musiqi yarışmaları, idman tədbirləri demokratik dəyərlərin yayılması baxımından az əhəmiyyət daşımır. Bəs bu cür tendensiyanın davamı diktatura ölkələri üçün nə vəd edir?
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, beynəlxalq miqyasda keçirilən istər musiqi, istərsə də idman tədbirləri xalqların yaxınlaşdırılmasına xidmət edir. N.Məmmədlinin sözlərinə görə, bu cür inteqrasiya prosesi isə ümumbəşər dəyərləri ətrafında baş verir: “Bu günümüzün dəyəri demokratiya, insan haqları ilə bağlıdır. 1971-ci ildə Helsinkidə insan hüquq və azadlıqları ilə bağlı çərçivələr müəyyənləşdirildi. Və bu tarixdən başlayaraq dünya dövlətləri demokratiya və insan hüquqlarına yanaşmalarında bu prinsipləri rəhbər tutublar. Bütün dünya artıq insan haqlarının pozulmasını yolverilməz sayır və demokratik prinsiplərə riayət edilməsinin vacib olduğunu vurğulayır. Bu baxımdan Ilham Əliyev kimi rəhbərlərin idarəçilik sistemi artıq dünyada qəbulolunmazdır və bu siyasətin alternativi demokratiyadır”.
Hazırda dünyada musiqi və idman yarışmalarında insan haqları və demokratiyanın gündəmə gətirilməsinin diktatura rejimlərinə təzyiq olduğunu deyən N.Məmmədli bildirdi ki, demokratik prinsiplərə diqqətin yönəldilməsində mətbuatın xüsusi rolu var: “Bu gün mətbuatın təzyiqi ilə ölkələrin xarici siyasətləri müəyyənləşdirilir. Bu baxımdan Azərbaycan hakimiyyətinin beynəlxlaq mediada tənqid olunması təsadüfi deyil. Beynəlxalq yarışlarda da diktatura rejimlərinin tənqid olunması yeni dünya qaydalarına uyğun olaraq bir təzyiq formasıdır”.
Hüquq müdafiəçisi Rəsul Cəfərov bildirdi ki, Azərbaycanda “Eurovision” yarışması zamanı, hazırda da London Olimpiadasında insan haqları məsələsinin gündəmə gəlməsi bu hadisələrin sadəcə bir yarış olmadığını göstərir. Əslində bunun təqdiredici hal olduğunu deyən R.Cəfərov vurğuladı ki, müşahidə olunan tendensiya dünyanın insan haqları və demokratiya dəyərlərinə biganə olmadığını göstərir. “Insan haqları və demokratiya ilə bağlı tənqidlər artan xətlə davam edəcək. Bu, önəmli tendensiyadır və istər Azərbaycanda, istərsə də başqa avtoritar ölkələrdə demokratiya uğrunda mübarizəyə müsbət təsir göstərəcək”.
Hikmət


