Bank müştərisinin pulunu mənimsəyib
Rusiyadan Bakıya yenicə köçmüş Aleksandra Rujilova və həyat yoldaşı Rüstəm Karamməd külli miqdarda ziyana düşüblər. Onların sözlərinə görə, ailəyə bir il ərzində 400 min dollardan çox ziyan dəyib…
İlham Əliyevin çıxışlarına qulaq asanda…
“Azadlıq”a üz tutan Aleksandra Rujilova başına gələn hadisələri bizə nəql edir. Deyir ki, həyat yoldaşı Rüstəm Karammədlə Rusiyada tanış olub, ailə qurublar: “Həyat yoldaşım Bakıda doğulub. Ancaq 35 ildir ki, Rusiyada yaşayır. Bizim uşağımız da xarici ölkə vətəndaşıdır. Bizim ailədə vətənpərvərlik çox güclüdür. Qızımız Türkiyədə və Rusiyada orta məktəbdə oxusa da həyat yoldaşım onu Azərbaycana göndərdi ki, buranı tanısın. Qızımız üçün burada təhsil almaq çətin idi. Çünki ən azı Azərbaycan dilini bilmirdi. Ancaq buna baxmayaraq, qərara gəldik ki, qızımız atasının vətənində oxusun. Burada əmisinin evində qaldı və orta məktəbi çox yüksək səviyyədə bitirdi”.
Aleksandra Rujilovanın sözlərinə görə, ailə bir müddətdən sonra Bakıya gəlir: “Düşündük ki, qızım buradadırsa, biz də onun yanına gələk. Həm də telekanallardan tez-tez Ilham Əliyevin çıxışlarına qulaq asırdıq. Ölkə başçısı xarici investorları Azərbaycana dəvət edirdi. Bundan başqa, Ilham Əliyev xaricdə yaşayan azərbaycanlıların ölkəyə qayıtmasını və onlar üçün hər cür şərait yaradıldığını deyirdi. Biz də buna inanıb Azərbaycana gəldik”.
Əvvəl ev, sonra bank…
Aleksandra Rujilova Bakıya gələndən sonra özbaşınalıqlarla üzləşir. Belə ki, Moskvanın mərkəzində olan evini sataraq 35 illik gedişdən sonra R.Karammədin vətəninə gəlir. Şəhərin mərkəzində – metronun “Içərişəhər” stansiyasının yaxınlığında ev alırlar. Evin dəyəri 510 min dollar olub. Notariusa gedirlər, evi sənədləşdirirlər. Sonradan məlum olur ki, evi satan adam mənzilin sənədlərini ailəyə verməyib. Yəni evin üçdə bir hissəsi varisdə qalıb: “Əvvəlcə bundan baş aça bilmədik. Sonradan məlum oldu ki, mənzili satan şəxsin, sən demə, satışa tam hüququ yox imiş. Yəni mənzil evin vaxtilə sahibi olmuş şəxsin övladları arasında bölünüb. Ev satılarkən payı olan hər kəsin razılığı olmalıydı. Bizim bundan xəbərimiz yoxdu, Həm də notariusa gedəndə bizə bu barədə heç nə demədilər. Halbuki bu işi görən şəxslər sənədlərin tam qaydasında olmadığını bilirdilər. Biz isə başqa ölkədə yaşadığımız üçün Azərbaycanda mülkiyyət hüquqlarıyla bağlı qayda-qanunları bilmirdik”.
Aleksandra Rujilova deyir ki, indi aldıqları mənzildə yaşasalar da, mənzilin tam sahibi deyillər: “Problemi yoluna qoymaq üçün məhkəməyə müraciət etdik. Səbayel Rayon Məhkəməsində işimizə baxan hakim məsələni bizim xeyrimizə həll etmək üçün rüşvət istədi. Dedi ki, bu işdə böyük məbləğdən söhbət getdiyi üçün pul verməlisiniz. Biz belə bir cəmiyyətdə yaşamadığımız, rüşvətlə böyümədiyimiz üçün bundan imtina etdik, Həm də rüşvət olan yerdə mən necə sonradan haqlı ola bilərəm? Bu cür hüquqa biz hazır deyildik”.
Bakıya gəliş və 370 min dollarlıq ziyan
Aleksandra Rujilovanın Azərbaycanda üzləşdiyi problemlər bununla bitmir. O, ikinci dəfə aldadılır. Belə ki, Moskvadakı evini satandan sonra əlində olan pulun bir hissəsinə Bakıda ev alır. Qalan pulu isə “Royalbank”a qoyur: “510 min dollara ev alandan sonra 210 min dollar banka yatırdım. Məqsədim isə puldan hissə-hissə götürüb təzə aldığım evi təmir etdirmək idi”.
Bu ilin fevralın 23-də banka 210 min dollar pul qoyulur. Bu puldan cəmi 13 min dollar bir, 3 min dollar da bir götürülür. Yəni Aleksandra Rujilovanın “Royalbank”dakı hesabında 194 min dollar pul qalır.
Indi isə bank müflis olduğunu deyərək ona pul verə bilməyəcəyini vildirir: “Bizə dedilər ki, sizə ancaq 30 min manat pul verə biləcəyik, o da bir aydan sonra. Bunu heç cür anlaya bilmirik”.
Ailə problemlərini həll edə bilmədiyindən Azərbaycanı tərk etmək niyyətindədir: “Başqa çıxış yolumuz qalmayıb. Qızımızı da götürüb ölkədən gedəcəyik. Iki dəfə aldanıldığım ölkədə necə yaşaya bilərəm. Bu nə ölkədir? Biz Moskvada əmlakımızı satıb Bakıya gələndə bizə heç bir zorakılıq olmadı. Notariusda hamı kimi alış-veriş etdik. Heç bir problemlə üzləşmədik, Ancaq Bakıda hər şeylə üz-üzə qalmalı olduq”.
Aleksandra Rujilova indi 510 min dollara aldığı mənzili satmaq istəyir: “Biz bunu kimə satsaq 510 min dollar verməyəcək. Çünki evin sənədlərinin üçdə bir hissəsi başqasının adınadır. Deməli, satanda aldığımız məbləğin üçdə birini itirməliyik. Bu isə 170 min dollar edir. Aldığımız qiymətə bunu sata bilsək, bu mənzildən bu qədər ziyanımız olacaq. 194 min dollar ”Royalbank”da itirmişik. Ümumlikdə 370 min dollar edir.
“Heç də kiçik bank deyil, 32 filialı var ”Royalbank”ın. Yerli valyutanın möhkəmləyinə gəldikdə, hesab edirəm ki, necə deyərlər, bu “nəhəng gil ayaqlar üstündədir”. Manatın məzənnəsinin bu gün Amerika dollarından da, avrodan da yüksək olması sadəcə gülüncdür. Bundan daha çox sadə vətəndaşlar zərər çəkir, nəticədə bir qisim təbəqə varlanır”, – deyə Rujilova söyləyir.
***
Aleksandra Rujilova danışdıqca əsəbiləşirdi. Ona görə yox ki, bu qədər pul itirib, ona görə ki, bu qədər qanunsuzluqla üzləşdikləri halda kimsədən kömək görməyiblər. Indi yenidən onlar “doğma” ölkəyə – Rusiyaya üz tutur…
Ramin DEKO


