London Olimpiadasının təntənəli açılışı oldu (FOTOLAR)

İyulun 27-i gecə Londonun “Straford” stadionunda XXX Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Mərasimə təxminən 80 000 nəfər qatılıb. Mərasimdə 120-dək dövlətin rəhbəri də iştirak edib.
Olimpiadanın açılış mərasiminin əsas şousu “Möcüzələr adası” adlandırılıb. 42 milyon dollardan çox məbləğə başa gələn möhtəşəm şou süni yağış və dünyada ən böyük – 23 tonluq zəngin sədaları ilə müşayiət olunub.
Oskar mükafatı laureatı, Britaniya kinorejissoru Denni Boylun təqdimatında meydanda aqrar Britaniyanın həyatından idilliya səhnələrini Birləşmiş Krallığın tarixinə səyahət səhnələri əvəz edib.
“Tarixi parad” zamanı stadionda 1948-ci ildə Karib hövzəsindən ilk böyük mühacirət dalğası dövrünə, Britaniya qadınlarının öz hüquqları uğrunda mübarizəsinə, Krallıq zəhmətkeşlərinin 1936-cı ildə yoxsulluq və işsizliyə qarşı etirazlarına həsr olunmuş epizodlar yer alıb.
Şou bitəndən sonra iştirakçı ölkələrin paradını Olimpiya oyunlarının vətəni olan Yunanıstanın yığma komandası açıb (APA).
Sonra mərasimdə Olimpiada-2012-nin Təşkilat komitəsinin sədri lord Sebastyan Kou, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe çıxış ediblər.
Böyük Britaniyanın kraliçası II Elizabet XXX Yay Olimpiya oyunlarını açıq elan edib.
Mərasimin “Nəsli ruhlandıraraq” devizi ilə keçən ən unudulmaz anı Olimpiya məşəlinin alovlandırılması olub. Dörd saat davam edən açılış mərasimi rəngarəng atəşfəşanlıqla başa çatıb.
London Olimpiadasında 204 ölkədən 10500 idmançı 302 medal dəsti uğrunda mübarizə aparacaq. Yarışlar 36 idman növü üzrə keçiriləcək.
Olimpiadada Azərbaycan 53 idmançı ilə 15 idman növü üzrə təmsil olunur. Bunlardan 39-u kişi, 14-ü qadındır. Azərbaycan Yay Olimpiya Oyunlarına müstəqil ölkə kimi 5-ci dəfədir qatılır.
Xatırladaq ki, London Olimpiadaya 3-cü dəfə ev sahibliyi edir. Britaniyanın paytaxtında 1908 və 1948-ci illərdə Olimpiada oyunları keçirilib.