Mərkəzi kürdlər yandırıb?

Olayla bağlı PKK-nın adı hallandırılır

Mətbuatın apardığı araşdırmalar Heydər Əliyev Mərkəzindəki yanğının izlərini kürd qruplaşmasına aparıb çıxarır. Eynulla Fətullayevin rəhbəri olduğu “haqqın.az” saytından sonra “Yeni Müsavat” qəzeti də bu versiyanı gündəmə gətirib.
Qəzetin yazdığına görə, hadisəyə səbəb olmuş qaynaq aparatının, həmçinin iş üzrə saxlanılan bir neçə nəfərin Bakıdakı kürd qruplaşmalarına məxsus “DIA Holdinq”lə birbaşa bağlılığı var: “DIA Holdinq” o şirkətlərdəndir ki, Azərbaycan mediası onun ünvanına dəfələrlə separatçı kürdləri və PKK terror təşkilatına bağlı olanları himayə etməsi, onlara iş verməsi barədə iddialar yazıb. Həmin iddialar şirkət yetkililəri tərəfindən bu günə qədər də təkzib edilməyib.ÿ Bu məsələdə məhz “DIA Holdinq”in adının hallanması separatçı kürd qruplaşmalarının, o cümlədən də PKK terror təşkilatının Azərbaycan uzantısının yanğınla əlaqəli ola biləcəyi versiyalarını ortaya çıxarıb. Azərbaycanın bir sıra yazarları iddia edirlər ki, yanğını məhz PKK-nın “DIA Holdinq”də yerləşdirilən agenturası həyata keçirib. Iddia olunur ki, bu yanğın Azərbaycan iqtidarına xəbərdarlıqdır. Çünki Bakı rəsmi Ankaranın tələblərinə uyaraq PKK-nın Azərbaycan şəbəkəsini əlaltından dağıdır, buradakı separatçıların fəaliyyət imkanını daraldır. Buna görə də PKK təpki veririr – xəbərdarlıq edir”.ÿ
Qeyd edək ki, “DIA Holdinq” rəsmən Türkiyə şirkəti kimi təqdim olunur və Azərbaycanda bir sıra iri tikinti layihələrini, o cümlədən üç nəhəng binadan ibarət “Alov qüllələri” kompleksinin tikintisini həyata keçirir. Holdinqi 2006-cı ildə Türkiyənin “IC Holdinq” tikinti şirkəti ilə “Azərsun” şirkətinin törəmə şirkəti olan “Intersun Holdinq” Birləşmiş Ərəb Əmirliklərində birgə təsis edib. “DIA Holdinq” statusuna görə beynəlxalq tikinti şirkətidir, onun qazandığı layihələrin böyük əksəriyyətində tikinti işlərini “IC Içtaş Inşaat” şirkəti həyata keçirir. “DIA Holdinq”in layihələrinin çoxu Azərbaycandadır. Bakıda Heydər Əliyev Mərkəzi, “Alov qüllələri”, Qusarda Şahdağ turizm kompleksi holdinqin ən böyük layihələridir.
Məsələ ilə bağlı kürd və PKK versiyasının nə dərəcədə real olduğunu öyrənmək üçün ACP sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərə müraciət etdik. S.Əkbər əvvəlcə onu bildirdi ki, avtoritar hökumətlərdə əsas problemlərdən biri məlumatların mətbuata və ictimaiyyətə  açıq olmamasıdır: “Demokratik ölkələrdə bu tip hadisələr baş verəndə müvafiq orqanlar istintaqın nəticələri ilə bağlı mütəmadi olaraq məlumat verirlər. Ehtiyac olanda müstəqil komissiyalar yaradır, parlamentin məsələyə nəzarətini təmin edirlər. Çox təəssüf ki, Azərbaycanda bu cür demokratik mexanizmlər işləmir. Ona görə də bu tip hadisələr olanda müxtəlif spekulyativ versiyalar ortaya çıxır. Cəmiyyətdə də çaşqınlıq yaranır. Indi bu iş üzrə də ortaya müxtəlif versiyalar atılıb”.
S.Əkbər hesab edir ki, hökumət ilk növbədə apardığı istintaqın nəticələri barədə mütəmadi məlumatlar verməlidir: “Mətbuata bu istintaqın gedişi ilə tanış olmaq imkanı yaradılmalıdır ki, yanğının gerçək səbəbləri ortaya çıxsın”.