Dilsizlər

Deyirlər, pinqvin ona görə quş kimi uçmur ki, onun döş tili yoxdur. Döş tili quşu naqis etdiyi kimi, dilsizlik də insanı natamam edir. Mən fiziki dil defisitindən danışmıram, dili varkən danışa bilməyənləri nəzərdə tuturam. Onlardan yazacağam.
Dünən IV qrup abituriyentlərinin imtahanı idi. “Azərbaycan saatı” verilişi üçün abituriyentlərin valideynlərini mini sorğuya tutmalıydıq. Əlbəttə, onlara Eynşteyn nəzəriyyəsindən, Mendel qanunlarından sualımız yox idi. Öyrənmək istəyirdik ki, ödənişli təhsilə münasibətləri necədir? Aldıqları maaş təhsil haqqını ödəməyə kifayət edəcəkmi?
Sorğuya gedən heyət az sonra zəng elədi: “Bəy, adamlar danışmaq istəmirlər”.
Düşündüm ki, cavanların təcrübəsizliyi ucbatından yaranan problemdir, necə yəni, adamlar danışmaq istəmirlər?
Doğrudur, reportyorluq edərkən insanları danışdırmağın çətinliyilə dəfələrlə rastlaşmışam. Ancaq indi vəziyyət başqa cür idi, adamları danışmaqdan çəkindirəcək bir təhlükə görmürdüm. Yanılmışammış…
Özüm hadisə yerinə qaçdım. Adamlar sanki daşa dönmüşdülər. Pullu təhsildən hamı dad döyür, hamısı deyir ki, maaşlar xərclərə uyğun deyil, filan. Ancaq heç kim bu fikirləri kameraya danışmaq istəmir. “Yox, yox, mən işləyirəm”, “mənim deməyimlə nə dəyişəcək ki?”, “yox, qorxuram”…
Heyrət içində onlardan soruşuram: “Nədən qorxursunuz, pulsuz təhsil istəmək cinayətdirmi? Bəyəm, siz Ilham Əliyevin kürsüsünə iddia edirsiniz, yoxsa neft buruqlarına?”
Heç bir əsaslı cavab eşitmirəm, sadəcə, xof bu adamların canına siraət edib.
Ən acınacaqlısı bilirsinizmi nə idi? Uşaqlarını imtahana gətirənlər guya ölkənin “bir addım öndə” olanları idi. Müəllimlər, həkimlər, bir sözlə, təhsilin vacibliyini dərk etən təbəqənin nümayəndələri. Mənim qol-qanadımı sındıran da bu “öndə gedənlərin” zavallılığı, məzlumluğu, özlərini “biz kimik ki?” tərzində qiymətləndirməsi oldu. Bu cür valideynin böyütdüyü uşaqrlardan nə gözləyə bilərik?
Görün Azərbaycan insanı nə hala salınıb ki, özünün elementar istəyini dilə gətirməkdən qorxur. Baxmayaraq ki, bu istək qanuna, əxlaqa, ümumiyyətlə, ağla gələn və gəlməyən heç bir şeyə qarşı deyil…
Onlarla danışa-danışa insanlarımızın beyninin çox dərindən yuyulduğunu da gördük. “Pullu təhsil” deyincə, hamı bir ağızdan xor oxuyur: “Ay qardaş, dünyanın hər yerində var da pullu təhsil…”
Cəmi bircə sual bu xoru dayandırır. Soruşuram: “Haradan oxumusunuz, nəyə əsasən dünyanın hər yerində pullu təhsilin olduğunu deyirsiniz? Axı pulsuz təhsil verən kifayət qədər çox və ciddi ölkələr var…”
Təəccüblənirlər, yəqin ki, inanmırlar dediklərimə. AzTV-nin hipnozundan çıxmaq o qədər də asan deyil.
Mən o adamlara baxa-baxa Əliyevçi diktaturaya lənət oxudum. Bu aciz vətəndaşların rəhbəri olmaqdan görəsən, Ilham Əliyev necə qürur keçirir? Öz sadə arzusunu “xəta olar” deyə, dilə gətirə bilməyən adamlarla nə dövlət quracaqsan, nə müharibə aparacaqsan?
Bu “yeni insan” tipləri haqqında “Duman” qrupunun oxuduğu mahnı qulaqlarımda cıngildədi:
…yepyeni bir insanımız var
düşünmeden ah, kardeşini boğazlar
laf aramızda, aslında tek bir sorun var
günah değilmiş memlekete olanlar…
Bəli, “istəyirəm ki, övladım pulsuz təhsil alsın” deyə bilməyən insanların olduğu məmləkətə olunanlar günah deyil.
Ancaq o bədbin mənzərənin içində mənə güc, istinadgah olacaq mənbəni də tapmadım və toxtadım. Mən o boz, susmuş insanların yerinə mübarizə aparan müxalifətçiləri düşündüm. Dar məişət probleminə görə yox, uca amallar üçün meydanlara çıxıb, haqsızlığa, zülmə etiraz edərək məhbəs həyatı yaşayan Vidadi Isgəndərlini, Şahin Həsənlini düşündüm.
Polisdən, işgəncədən, şərdən qorxmayaraq özü ilə yanaşı, milyonların haqqı uğrunda qorxmadan mübarizə aparan dostlarımı, əqidədaşlarımı düşündüm… Ölkəmizdə qəbiristanlıq sükutunu pozan o insanları ehtiramla andım. Bu çağacan onları səfərbər edən, ayaqda saxlayan liderlər, partiyalar önündə şapkamı çıxardım…