“Biz polisi ifşa etdiyimiz üçün həbsdəyik”

3 saylı Istintaq Təcridxanasında saxlanılan Göyçay rayon sakini, hüquq müdafiəçisi Taleh Xasməmmədov mətbuat vasitəsilə ona və qonşu Ucar rayonundan jurnalist Fuad Hüseynova qarşı cinayət təqiblərinə son qoyulması üçün müdaxilə etmək xahişi ilə prezident Ilham Əliyevə müraciət edib.
Xasməmmədov 2011-ci ilin noyabrında həbs edilib və bu il aprelin 20-də Göyçay rayon məhkəməsinin qərarı ilə
221.3 (xuliqanlıq) və 315.1-ci (polisə müqavimət göstərmə) maddələrlə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda onun apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılır.
Xasməmmədov hesab edir ki, Ucar rayon polis şöbəsinin rəisi Tahir Quliyev, onun müavini Ilham Əhmədov və rayon hakimi Çingiz Isgəndərov ona qarşı ittihamı saxtalaşdırıblar.
Onun fikrincə, bunun səbəbi yerli polisin narkobiznes və insan alveri ilə məşğul olan cinayətkar qrupla əlaqələri haqqında yazıları ilə əlaqədar saxta ittihamla həbs olunmuş jurnalist Fuad Hüseynovun hüquqlarını müdafiə etməsi olub.
Xasməmmədovun sözlərinə görə, o, Ucar polisinin qanunsuz əməllərini araşdırır və polis rəhbərliyinin cinayətkar əməlləri ilə bağlı əldə etdiyi dəlilləri müvafiq orqanlara göndərirdi. Lakin bundan sonra ona qarşı guya Ucar polisində 12 polis əməkdaşına qarşı xuliqanlıq etmək ittihamı ilə saxta cinayət işi açıldı. Xasməmmədov həmçinin qeyd edir ki, iyulun 10-da Şirvan Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasında Ucar polis əməkdaşları onu açıq-aşkar hədələyərək, “özünü yaxşı aparmağı, anasını, bacısını düşünməyi” məsləhət görüblər. Son olaraq, Xasməmmədov prezidentdən ədalətin bərpa edilməsində və həbsdən azad edilməsində, habelə jurnalist Fuad Hüseynova qarşı cinayət təqibinə son qoyulmasında yardım etməyi xahiş edir.