Bəri başdan deyirəm ki, yazıda məqsəd Rafiq Əliyevlə Rüstəm Ibrahimbəyovu müdafiə etmək deyil. Nədən ki, Azərbaycanda müdafiəyə əsla ehtiyacı olmayan beş-on BÖYÜK ŞƏXSIYYƏTIN sırasındadır Rafiq müəllimlə Rüstəm müəllim.
Ünlü soydaşlarımızın başına açdığımız müsibətlər haqqında son yüz ilin tarixindən yüzlərlə misal gətirmək olar. Bəlkə genlərimizdə modifikasiya baş verir, xromosomumuz mutasiyaya məruz qaldığından özümüz-özümüzə qənim kəsilmişik? Bəlkə də bunun səbəbini “azərbaycanlı” olmağımızda axtarmaq gərəkdir? Bu bəlkələr, bu ehtimallar kal armud kimi boğazımızda qalıb.
Ikinizi də özümdən bilgili, dünyagörüşlü sayıram, Rafiq Əliyev, Rüstəm Ibrahimbəyov və elə o səbəbdən də sizdən xəbər alıram. Biz azərbaycanlılar nədən biri-birimizin ayağını çəkirik, nədən irəli çıxmış soydaşımıza arxadan zərbə endirməkdən yana sinov gedirik?
Səndən soruşuram, vicdanını itirməmiş Azərbaycan ziyalısı, nə səbəbdən sapı özümüzdən olan baltalar millətin genefonduna ağır zərbələr vurur?
Inanın, Rafiq müəllim çapında alim, Rüstəm müəllim səviyyəsində incəsənət adamı, yazıçı, prodüser, ssenarist ermənilərdə olsaydı, əllərinin içində saxlardılar, adlarına küçə verərdilər, heykəllərini qoyardılar.
Məgər xəbəriniz yoxdur ki, erməni köpəkoğlu öz alimləri, yazıçıları, sənətkarları ilə necə öyünürlər? Mikoyanın, Ambarsumyanın, Əlixanyanın, digər “…yan”ların adı çəkiləndə ermənilər qürur duyur. Hər məclisdə alimlərinə, sənətkarlarına tərif demək üçün sıraya düzülürlər. Biz isə…
Ötən il böyük alim Rafiq Əliyev hədəfə alındı. Sonucda özünün bünövrəsini qoyduğu kafedranın rəhbərliyindən azad etdilər. Paradoksa diqqət edin, əcnəbi elm adamlarının Azərbaycana Nobel mükafatı gətirəcək alim saydıqları Rafiq Əliyevi sapı özümüzdən olan baltalar aşağılamaq üçün növbəyə düzüldü.
Cümlə başı ilə düşünmək iqtidarında olanlardan soruşuram, bu gün Milli Elmlər Akademiyasında bir alim göstərə bilərsinizmi ki, Rafiq Əliyev qədər dünyada tanınsın?
ABŞ Corciya Dövlət Universitetinin, Almaniya Siegen Universitetinin, Şimali Kipr Yaxın Doğu Universitetinin professoru Rafiq Əliyevi Azərbaycanda – öz ölkəsində rejim az qala arzuolunmaz şəxsə çevirib. Dünyanın fəxrlə adını çəkdiyi bir alimə yönəlik münasibə nə ad verək? Sual rejimi idarə edənlərə ünvanlanıb. O kəslərə ki, bu il də Rüstəm Ibrahimbəyovla haqq-hesab çəkməyə girişib. O Rüstəm Ibrahimbəyovla ki, yaradıcılığı ilə, ərsəyə gətirdiyi ədəbiyyat inciləri ilə Azərbaycanın başını uca edib. “Oskar” mükafatı almış ilk azərbaycanlı, 4 dəfə Rusiya Dövlət mükafatına layiq görülmüş ilk azərbaycanlı, 47-ci Kann Beynəlxalq Film Festivalında Jürinin Böyük Prizinə layiq görülmüş ilk azərbaycanlı, 15 dram əsəri dünyanın 100-dən çox teatrının səhnəsinə çıxan ilk azərbaycanlı…
Düz 50 ildir ki, Rüstəm Ibrahimbəyov Azərbaycanın adını dünyada tirajlayır. Belə bir istedad sahibi ilə fəxr etmək, qürur duymaq əvəzinə əlibaltalılar görün, hansı çirkin üsullara əl atır.
O əlibaltalıların hədəfində bu gün Azərbaycanın iki böyük şəxsiyyəti Rafiq Əliyev və Rüstəm Ibrahimbəyov dayanır. Həm Rafiq Əliyevin, həm də Rüstəm Ibrahimbəyovun rejimin qəzəbinə tuş gəlməsinin tək bir səbəbi var. Onların VICDANI Azərbaycanın və azərbaycanlıların mövcud durumunda şəxsi firavanlığı naminə padşaha mədhiyyə deməyə imkan vermir. Versəydi, o iki şəxsiyyət hər zaman iqtidar süfrəsinin yuxarı başına keçiriləcəkdi.
Rafiq müəllimlə Rüstəm müəllim Milli Elmlər Akademiyasında, Azərbaycan Yazıçılar Birliyində və digər ziyalı qurumlardakı saysız-hesabsız “akademik”, “xalq yazıçısı”, “xalq şairi”, “xalq rəssamı”, “xalq artisti” tituluna sahib ziyalılar kimi Azərbaycanda tüğyan edən korrupsiyanı, rüşvətxorluğu, yaltaqlığı, məddahlığı, riyakarlığı, saxtakarlığı görməsəydi, indi çoxdan yaxalarında dövlətin ən ali ordenlərini gəzdirirdi.
Fəqət, həm Rafiq Əliyev, həm də Rüstəm Ibrahimbəyov bu ölkədə təzahür olunan bütün anormallıqları gördülər və başqaları kimi susmadılar. ZIYALI, VƏTƏNDAŞ mövqeyi sərgilədilər. Onlar xalqın və haqqın yanında dayandıqlarını bəyan etdilər. Və məhz buna görə də əlibaltalıların hədəfindədirlər.
Nədən özümüz-özümüzə düşmən kəsilmişik? Nədən millətimizin, dövlətimizin başını uca edənlərin qəniminə çevrilmişik? Nədən milli özünüdərkimizin səviyyəsi aşağıdır? Və nə vaxta qədər belə davam edəcək? Bu sualların cavabını sizdən gözləyirəm. Sizdən Rafiq müəllim. Və sizdən Rüstəm müəllim.

Rafiq Əliyev, Rüstəm Ibrahimbəyov və əlibaltalılar
•