“Suriyada terror düşərgəsinin yaranmasına imkan verməyəcəyik”

Ərdoğan suriyalı kürdlərə sərt mesajlar göndərdi

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Suriyadakı kürdlərin bəzi bölgələri ələ keçirməsi və muxtariyyət iddiasına münasibət bildirib. Baş nazir İngiltərə səfərindən öncə hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Ankara Suriyanın şimalında bir terror təşkilatının düşərgə yaratmasına və Türkiyə üçün təhdidə çevrilməsinə icazə verməyəcəklər. PKK və təşkilatın Suriya qolu PYD-nin birləşərək vahid mövqedən çıxış etməsinə toxunan Ərdoğanın sözlərinə görə, Türkiyə lazımı addımları atır və ehtiyac yaranarsa silahlı qüvvələr də prosesə cəlb olunacaq.

Baş nazir deyib ki, Suriyada legitim hakimiyyət kimi tanınan Milli Şura fəaliyyət göstərir. Kürd Milli Şurasının isə yaranmasına ehtiyac yoxdur və bu cəhdlər yalnış addımdır: “Suriyanın şimalında yalnız kürd qardaşlarımız yaşamır. Orada türk də var, ərəb də. Əsla bizi təhrik etməyin. Düşmənlərin oyununa qoşulmayın. Əgər atılacaq addım olsa terror təşkilatına yerini göstərəcəyik”.

Baş nazir xarici işlər naziri Əhməd Davudoğlunun yaxın günlərdə Şimali İraqa səfər edərək kürd lider Bərzani ilə görüşəcəyini və Suriyadakı prosesləri müzakirə edəcəyini bildirib. Ərdoğan Suriyada bufer zona və təhlükəsiz bölgələrin yaradılmasının gündəmdə olduğunu da deyib. Hökumət başçısı “Suriyada Əsəd və ətrafındakılar getmək məcburiyyətindədir. Bəşərdən sonra yeni dövrün başlanmasına əyləncə ilə yanaşanlar var. Biz izə xalqın önünün açılmasını istəyirik”, – deyə əlavə edib.

İtaliyanın “La Stampa” qəzeti Ərdoğanın bu bəyanatını Bəşər Əsəd rejiminin tezliklə öz sonuna çatacağı və Türkiyə ordusunun Suriya ərazisinə zərbələr endirəcəyi kimi şərh edib. Hazırda Hələbdə üsyançılarla Əsədə bağlı hərbi qüvvələr arasında ağır döyüşlər getdiyini xatırladan qəzet “Ankara üsyançılara bel bağlamadan, kürd azlığının yaşadığı dağ keçidləri üzərində öz nəzarətini saxlayır. Bəşər Əsəd və ətrafının yaxın vaxtlarda gedəcəyini deyən Ərdoğan PKK terrorçularının qarşısını almaq üçün Suriya ərazisinə hərbi müdaxilə etmək məcburiyyətində qala bilər” – deyə yazır.

azadliq.info